Modern.az

Eks-deputat Xocalı soyqırımından danışdı: “Ayaz Mütəllibov məni qəbul etmədi” - MÜSAHİBƏ  

Eks-deputat Xocalı soyqırımından danışdı: “Ayaz Mütəllibov məni qəbul etmədi” - MÜSAHİBƏ   

Aktual

25 Fevral 2019, 14:14

Cahangir Hüseynov: “Nə üçün qanun qəbul etmirik ki, Xocalı faciəsini inkar edənlər məsuliyyətə cəlb edilsinlər”

 

Azərbaycan xalqı daha bir faciəli günün astanasındadır. Ermənilərin Xocalıda insanlıq əleyhinə törətdikləri vəhşilik, cinayətin ildönümü ərəfəsində. 27 il əvvəl Xocalıda həyata keçirilən bu soyqırımın dünyaya çatdırılması istiqamətində ötən illər ərzində aparılan fəaliyyətlər müəyyən nəticələrin əldə olunmasına imkan versə də, lakin bu günə qədər də həmin faciəni törədənlər cinayət məsuliyyətinə cəlb edilərək öz layiqli cəzalarını almayıblar. Baxmayaraq ki, Xocalıda həyata keçirilən vəhşiliyin birbaşa iştirakçısı olan sabiq Ermənistan prezidenti Serj Sərkisyan açıq şəkildə bunu etiraf edib.
 Sabiq millət vəkili Cahangir Hüseynov hesab edir ki, Serj Sərkisyanın Xocalı ilə bağlı etirafları bizə imkan verir ki, onun barəsində cinayət işi açılsın və sabiq dövlət başçısının cəzalandırılması üçün beynəlxalq məhkəmələrə müraciət edilsin. Cahangir Hüseynov “Olaylar”a verdiyi müsahibədə Xocalı faciəsinin yaşandığı günlərdə Qarabağda, eləcə də paytaxtda cərəyan edən proseslər barədə də danışıb.

Modern.az həmin müsahibəni təqdim edir:

-Cahangir müəllim, Xocalı faciəsi ərəfəsində Siz də siyasi proseslərin aktiv iştirakçısı olmusunuz. Həmin hadisələri necə xatırlayırsınız?

- Artıq 27 ildir ki, çox böyük bir faciəni qeyd edirik. Bu faciənin ilk günlərində cərəyan edən proseslərdə mən də yaxından tanış olmuşam və demək olar ki, iştirakçısına çevrilmişəm. Belə ki, təxminən 1992-ci il, fevral ayının əvvəllərində bir sıra ərzaq məhsulları, silah-sursat toplayaraq Ağdama qərargaha getdik. Məlumat üçün qeyd edim ki, həmin ərəfədə mən Ağdaş rayonunun milis idarəsinin rəisi vəzifəsində çalışırdım. Biz apardığımız ərzaq məhsulları və silah-sursatı Ağdam qərargahı vasitəsilə Şuşaya çatdırmağı düşünürdük.  O zaman Ağdam rayonunun milis rəisi olan İslam Paşayevlə məsləhətləşmələr apardıq. O, bildirdi ki, hazırda Şuşanın yolu təhlükəlidir və ora qalxmaq çətindir. Ancaq eyni zamanda onu da bildirdi ki, apardığımız ərzaq məhsulları və silah-sursatı Şuşaya göndərməyə çalışacaq. Elə orada olduğumuz müddətdə Şuşanın mili rəisi, mərhum Vidadi Bayramovla  telefon əlaqəsi saxladım və şəhərdə olan vəziyyət barədə məlumat aldım. Şuşanın milis rəisi də bildirdi ki, vəziyyət olduqca çətin və acınacaqlıdır. Şuşanın başını qara buludlar alıb. Və məndən xahiş etdi ki, bir deputat olaraq mövcud təhlükə barədə respublika rəhbərliyinə məlumat verim və rəhbərlik də eyni zamanda yaranmış situasiyaya uyğun addımlar atsın.  Açığını deyim ki, Şuşanın milis rəisinin bu sözləri məni xeyli məyus etdi və həyəcanlandırdı. Şuşa şəhəri üçün apardığımız ərzaq və silah-sursatı isə Ağdam qərargahına təhvil verərək Ağdaş rayonuna, sonra isə Bakıya qayıtdım. Bakıya getməyimin səbəbi Şuşanın milis rəisinin xahişini, eləcə də Şuşada olan təhlükəli vəziyyəti ölkə rəhbərliyinə, parlamentə çatdırmaq idi. Bakıda ilk olaraq Prezident Administrasiyasına gedərək hüquq məsələləri üzrə dövlət müşaviri Sabir Hacıyevlə görüşdüm və mövcud vəziyyəti ona izah edərək prezidentlə görüşmək istəyimi bildirdim. Sabir Hacıyev bir qədər tərəddüd etdikdən sonra 5-ci mərtəbəyə enərək mənim prezdentlə görüşməyimi tövsiyə etdi. Mən də beşinci mərtəbəyə enərək prezident Ayaz Mütəllibovun köməkçisi Gürşad Zərbəliyevə məqsədimi izah etdim və dövlət başçısı ilə görüşmək istədiyimi bildirdim.  Gürşad Zərbəliyev də tərəddüd etdi və prezidentin zamanının çox az olduğunu bildirdi. Eyni zamanda dedi ki, bu barədə prezidentə məruzə edəcık və vaxtı olarsa o, məni qəbul edər. Bu minvalla təxminən 1 saata yaxın gözləmə otağında qəbula düşəcəyimə ümid etsəm də, lakin prezident məni qəbul etmədi. Həmin ərəfədə Bakı kəndlərindən bir qrup şəxs, təxminən 15 nəfərə yaxın adam heç bir problemsiz filan, gözləmədən belə Ayaz Mütəllibovla görüşə daxil oldular. Gürşad Zərbəliyevə yenidən prezidentlə görüşün vacib olduğunu bildirdikdə, o, yenə də tərəddüd etdi və bildirdi ki, Ayaz Mütəllibovun Bakı kəndlərindən olan şəxslərlə görüşü daha çox vacibdir və yəqin ki, həmin görüş bir neçə saat çəkəcək. Ona görə də Ayaz Mütəllibovun gün ərzində məni qəbul edə biləcəyinə şübhə ilə yanaşdığını söylədi. Artıq Prezident Administrasiyasında gözləməyin əbəs olduğunu düşünüb Gürşad Zərbəliyevə Qarabağda mövcud vəziyyət barədə prezidentə  məlumat verməsini istədim. Sonra birbaşa Ali Sovetə gəldim və Milli Şurada Şuşada yaşanan təhlükə barədə deputatlara məlumat verdim. İzah etdim ki, Dağlıq Qarabağda çox çətin vəziyyət yaranıb. Artıq mənim əlimdən başqa bir iş gələ bilməzdi və Ağdaş rayonuna qayıtmalı idim. Çünki qeyd etdiyim kimi həmin ərəfədə mən Ağdaş rayonunun milis idarəsinin rəisi vəzifəsində çalışırdım. Respublikanın əksər bölgələrində olduğu kimi həmin vaxt Ağdaş rayonunda da vəziyyət o dərəcədə də yaxşı deyildi. Müəyyən təxribatçı qüvvələr, hansısa qruplar təxribat törətməyə çalışırdılar. Beləliklə, Ali Sovetdən çıxıb birbaşa Ağdaş rayonuna qayıtdlm.  Bir neçə gün sonra,  fevralın 26-da işə qayıdanda Daxili İşlər Nazirliyinin yaymış olduğu məlumata əsasən öyrəndik ki, ermənilər Xocalıda cinayət törədib və 2 azərbaycanlımı qətlə yetiriblər. Dərhal Ağdam qərargahı ilə telefon əlaqəsi yaratdım və bildirdilər ki, vəziyyət olduqca acınacaqlı və ağırdır. Ancaq ölü sayı, orada baş verən ağır cinayət və vəhşilik barədə ətraflı məlumat verilmədi. Ancaq hiss etdim  ki, vəziyyət doğurdan da ağırdır və ətraflı məlumat almaq üçün Daxili İşlər Nazirliyinin növbətçi hissəsi ilə əlaqə saxladım. Oradan da yalnız DİN-in rəsmi məlumatını verdilər və bildirdilər ki, heç bir narahatçılıq yoxdur və cəmi iki nəfər həlak olub.  Ancaq Xocalıda ermənilərin törətdikləri vəhşiliklər barədə müəyyən söhbətlər gəzirdi və bir narahatçılıq vardı. Düzdür, artıq Qarabağa getməyə lüzum yox idi. Amma imkan daxilində bizim əməkdaşlar Qarabağa gedir, müəyyən maddi və mənəvi köməkliklər edirdilər. Bütün bunların fonunda 1992-ci il, mart ayının 2-də Ali Sovetin iclası çağırıldı.  Bakıya gələn kimi Dağlıq Qarabağın o zamankı prokuroru, yaxın qohumum  Məbud Hüseynovla telefon əlaqəsi saxladım və o da, hadisə barədə mənə məlumat verdi ki. çox acınacaqlı vəziyyət yaranıb və mövcud vəziyyəti Ali Sovet vasitəsilə respublika ictimaiyyətinə çatdırmağa çalışın. Həmçinin dünya ictimaiyyəti də baş verən hadisələri bilsin.

-Səhv etmirəmsə Ali Sovetin iclasında Xocalıda törədilən vəhşiliklə bağlı müəyyən narazılıq da olub 

-Əlbəttə. Ali Sovetin iclasında təklif edildi ki, Çingiz Mustafayevin Xocalıda çəkdiyi kadrlar nümayiş olunsun. Ancaq Ali Sovetin rəhbərliyi buna ciddi cəhdlə qarşı çıxdı. Lakin səsvermədən sonra çox çətinliklə də olsa qərar qəbul edildi ki, həmin kadrlar nümayiş olunsun. Həmin kadrların nümayiş etdirilməsindən deputatlar hədsiz dərəcədə dəhşətə gəldilər. Kadrlardan hiss olunurdu ki ermənilər Xocalıda əsl cinayət törədib və xalqımıza qarşı soyqırım həyata keçiriblər. Hətta qətlə yetirdikləri insanların meyitlərinə qarşı da qeyri-insani hərəkət edərək onları tanınmaz hala salmışdılar. Ali Sovetin iclası keçirilən ərəfədə on minlərlə insan binanın ətrafına toplaşaraq həyəcanla baş verənləri, Ali Sovetin çıxaracağı qərarları gözləyirdi. Onu da qeyd edim ki, o zamankı respublika rəhbərliyi ciddi cəhdlə çalışırdı ki, bu hadisələri ört-basdır etsin və ermənilərin Xocalıda törətdikləri vəhşilikləri xalqdan gizlətsin. Respublika rəhbərliyinin o zaman hansı səbəbdən belə bir mövqe nümayiş etdirdiyi bizim üçün qaranlıq qalırdı. Ali Sovetin iclası zamanı mən tribunaya çıxaraq nədən belə bir mövqe ortaya qoyulduğunu soruşdum. Qeyd edim ki, Ayaz Mütəllibov özü də həmin iclasda iştirak edirdi. Çıxışım zamanı Qarabağda vəziyyətin doğrudan da acınacaqlı olduğunu bildirdim. Həmçinin telefon danışığı etdiyim şəxslərin narahatçılıqlarını Ali Sovet rəhbərliyinin diqqətinə çatdırdım. Onu da qeyd etdim ki, vəziyyət belə davam etsə, tədricən Şuşa və digər ərazilərimiz da ermənilər tərəfindən işğal ediləcək. Ona görə də təklif etdim ki, iqtidar və müxalifətdən asılı olmayaraq hər kəs bir vahid cəbhədə birləşib Dağlıq Qarabağı müdafiə etməliyik. Çıxışım zamanı onu da vurğuladım ki, Heydər Əliyev belə bir vaxtda hakimiyyətə dəvət edilıməli, onun siyasi təcrübəsi, zəkası, idarəetmə bacarığından istifadə olunmalıdır. Həmin çıxışım o vaxt respublikada işəq üzü görən bir sıra qəzetlərdə, eləcə də dövlət televiziyasında yayımlandı. Mənim Ali Sovetdəki çıxışım əksəriyyət, hətta Demblok tərəfindən də müsbət qarşılandı və respublika rəhbərliyinin bu çıxışdan bir nəticə çıxaracağına ümidlər yarandı. Lakin təəssüflər olsun ki, proseslər heç də biz arzu etdiyimiz kimi olmadı.Tədricən digər ərazilərimiz, Şuşa, Laçın, Kəlbəcər və digər rayonlarımız ermənilər tərəfindən işğal edildi.

 -Xocalı soyqırımının dünyada tanıdılması istiqamətindəki fəaliyyətlərimiz sizcə qaneedicidirmi?

-Əvvəla onu qeyd edim ki, Xocalı faciəsi XX əsrin ikinci yarısında dünyada, bütün bəşəriyyətdə törədilmiş ən böyük faciədir. Təəssüflər olsun ki, biz hələ bu günə qədər həmin hadisəyə böyük bir siyasi qiymət verə bilməmişik. Diqqət edək, parlamentdə Xocalı hadisəsi ilə bağlı hüquqi qiymət verilən bir sənəd varmı? Yoxdur. Hətta, o zaman mən ikinci çağırış Milli Məclisin üzvü kimi parlamentdə təmsil olunan zaman da təklif etdim ki, Xocalı faciəsi, eləcə də Qarabağ hadisələri ilə əlaqədar sanballı bir hüquqi sənəd yaradaq. Ona siyasi qiymətin verilməsindən başqa, həmin hadisələri törədənlərə qarşı cinayət işi qaldırılsın, onların axtarışı elan olunsun. Hətta qeyd etdim ki, ermənilər qondarma soyqırımın, yəhudilər isə Xolokost hadisələrinin soyqırım kimi tanınmasını inkar edənlərə qarşı cinayət məsuliyyəti yaradan qanun qəbul ediblər, ancaq biz bu istiqamətdə fəallıq göstərmirik. Ermənilər 100 il bundan əvvəl baş vermiş hadisəni soyqırım kimi təbliğ edərək bir sıra Avropa ölkələrində, dünyada onun tanınmasına nail olublar. Eləcə də Fransada, İsveçrədə həmin hadisələri soyqırım kimi qəbul etməyənlərə qarşı cinayət məsuliyyətini nəzərdə tutan qanunların qəbul olunmasını reallaşdırıblar. Bu yaxınlarda İsveçrədə bir türk siyasətçi qondarma soyqırımı inkar etdiyinə görə, ona qarşı cinayət işi açıldı. Bəs, biz niyə bu barədə düşünmürük. Nə üçün qanun qəbul etmirik ki, Xocalı faciəsini inkar edənlər məsuliyyətə cəlb edilsinlər. Nə üçün belə bir qanunun qəbul edilməsini yubadırlar? Yaxud nəyə görə bu günə qədər bir nəfər də olsun Xocalı hadisələrinə görə, məsuliyyətə cəlb edilməyib?. Eyni zamanda həmin faciənin baş verməsində bilavasitə iştirak edən 366-cı alaydan heç bir hərbiçisi də məsuliyyətə cəlb edilməyib.

-Artıq belə bir cinayət işi sabiq Ermənistan prezidenti Serj Sərkisyana qarşı da qaldırıla bilər

-Əlbəttə. Serj Sərkisyan Xocalı faciəsinin baş verməsinin birbaşa iştirakçısıdır və özü də bunu açıq şəkildə etiraf edir. O, məşhur jurnalist Tomas de Vaala verdiyi müsahibədə deyir ki, Xocalı hadisələrinə qədər azərbaycanlılar ermənilərə ciddi yanaşmır, onları qorxaq hesab edirdilər. Xocalı hadisələrindən sonra isə azərbaycanlılar ermənilərin öz niyyətlərində nə qədər ciddi olduqlarını başa düşdülər. Sərkisyan onu da xüsusi olaraq vurğulayır ki, bu stereotipi sındırmaq lazım idi və ermənilər bunu bacardılar. Hüquqi anlayışları olanlar az-çox bilirlər ki. cinayətkar öz əməlini heç bir kənar təzyiqlər olmadan səmimi şəkildə etiraf edirsə, bu istintaq, məhkəmə üçün olduqca ciddi bir dəlil-sübutdur. Serj Sərkisyan da həmin fikirlərini heç bir kənar təsir olmadan, açıq şəkildə dilə gətirir. Nəzərə alsaq ki, Serj Sərkisyan Qarabağ separatçılarının rəhbələrindən biri olub və öz cinayətini səmimi şəkildə etiraf edib, o zaman onunla bağlı beynəlxalq məhəkəməyə müraciət edilə bilər. Digər tərəfdən artıq Sərkisyan prezident də deyil və onun heç bir toxunulmazlığı yoxdur. O zaman nə üçün Sərkisyan barədə beynəlxalq məhəkəməyə mürasciət etmirik? Təəssüflər olsun ki, hələ də mən bunun mənasını başa düşə bilmirəm. Axı bundan böyük hansı cinayət ola bilər? Bu gün Ermənistanda Sərkisyan və onun yaxın ətrafı korrupsiya əməllərinə görə,  cinayət məsuliyyətinə cəlb edildiyi halda, Azərbaycan hüquq-mühafizə orqanları bu istiqamətdə heç bir iş görməyiblər.

Ardı olacaq

Süleyman İsmayılbəyli

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı