Azərbaycanlı diaspor fəalının Xocalı soyqırımın 27-ci ildönümü ilə əlaqədar İspaniya cəmiyyətinə müraciəti bu ölkənin mətbuatında dərc edilib.
Modern.az xəbər verir ki, İspaniya-Azərbaycan Ticarət və Mədəniyyət Assosassiyasının (ACAE) prezidenti, diaspor fəalı Fərid Mustafayev yaşadığı ölkənin mətbuatı vasitəsi ilə ispan cəmiyyətinə müraciət edib. "26 fevral 1992-ci ildə əsil soyqırım baş verib" başlığı ilə dərc olunan müraciətdə İspaniya cəmiyyətinə Xocalı faciəsi haqqında geniş məlumat verilir.
Müraciətdə deyilir: "Mən bütün İspaniya cəmiyyətinə bildirmək istəyirəm ki, artıq 27 ildir ki, Azərbaycan Ermənistanın işğalı altında olan torpaqlarını azad etmək üçün mübarizə aparır. Sizi də səfərlər etməyə, tanımağa çağırdığımız Azərbaycan bu işğal problemin sülh yolu ilə həllinə çalışır".
Daha sonra müraciətdə 1992-ci ildə Xocalıda törədilmiş soyqırımı faktı haqqında geniş məlumat verilir. Bildirilir ki, bu qanlı cinayət aktı nəticəsində 613 nəfər qətlə yetirilib. Onlardan 106 nəfəri qadın, 63 nəfəri uşaq olub. 1275 nəfər dinc sakin girov götürülüb. 150 nəfərin taleyi haqqında hələ də məlumat yoxdur.