Modern.az

Güneylə Qüzey arasında qalan Azərbaycan

Güneylə Qüzey arasında qalan Azərbaycan

Aktual

4 Mart 2019, 16:07

Mübariz Azərbaycanlı, 
müstəqil jurnalist

 

Tehran üzdə Azərbaycanın ərazi bütövlüyünü tanısa da,  arxada "Dəli Kür"dəki Molla Sadıq kimi xain düşmənə "İşinizdə olun" - deyir

 

Azərbaycanda erməni qaniçənlərinin törətdiyi Xocalı soyqırımı günü anıldığı halda İran "mollabaşı" ilə Ermənistan "paşasının" Tehranda təmtaraqlı görüşünə və bu ölkənin erməni icmasının "Arçax Ermənistanındır" şüarı ilə haray-həşir salmasına Azərbaycan cəmiyyətinin təəccüblənməsi, dünyaya müsəlman minarəsindən baxanda hardasa anlaşılandı. Amma dövlətlərin marağı bir çox hallarda nə din tanıyır, nə də iman. Odur ki, bu yerdə soyuqqanlı olub yalnız özünə güvənmək ən yaxşı yol olardı. Çünki indiyədək İrana istər şahlıq edənlər, istərsə də pak  müsəlman donu sayılan kəfəni başlarında gəzdirən başı çalmalı "mollabaşlar" Azərbaycana qarşı qısqanc və eyni zamanda "zahid" rolunda çıxış ediblər. Tehran maskalanaraq özünü Bakıya nə qədər din qardaşı kimi göstərmək istəsə də, amma Azərbaycanın Dağlıq Qarabağ dərdi yarandığı gündən əyninə "zahid" libası geyib və barmağı kəsilmədən belə, həmişə dönüb həqdən qaçıb.

 

Sözsüz ki, İran Dağlıq Qarabağ probleminin ədalətli həllində özünə sərf edən bir sıra məqamlara görə maraqlı deyil və ola da bilməz. Çünki İran ilk növbədə öz ərazisində sayı 40 milyona çatmaqda olan güney Azərbaycan türklərinin nə vaxtsa ayağa qalxıb öz dövlətlərini qurmaq istəyəcəklərini və bu işdə onlara ən yaxşı köməklik edənin məhz qüzey Azərbaycan olacağını yaxşı anlayır. Belə olan halda İran öz yanında 40 milyonluq güney, 10 milyonluq qüzey Azərbaycan, həmçinin 80 milyonluq Türkiyə dövlətinin olduğunu həzm edə bilməz. Bu yerdə bir sıra dünya dövlətlərinində maraqları üst-üstə düşür. Çünki bu birliyin yaranması gələcəkdə böyük Turanın yaranmasına yol açacağı baxımından canından hələ də türk, Çingizxan xofu çıxmayan nə Rusiyaya, nə də ötən əsrdə Türk imperiyasını dağıdan digər dünya dövlətlərinə sərf edir. Tehran daha çox maraqlıdır ki, güney Azərbaycanla Qüzeyin arasında dövlət sərhəddi təkcə tikanlı məftillərlə deyil, həm də "erməni pazı" ilə çəkilmiş olsun ki, 1813-cü ildə "Gülüstan"da, həmçinin ikinci dəfə 1828-ci ildə "Türkmənçay"da İranla Rusiya arasında iki yerə bölüşdürülmüş Azərbaycan gələcəkdə birləşə bilməsin. Başqa sözlə desək, yəni ermənilər İran-Azərbaycan arasında "arakəsmə" funksiyası daşısın. Bu üzdən də İran Dağlıq Qarabağ probleminin həllində ermənilərin yanında olmasına üstünlük verir və "ermənibaşı" Nikolun İranda "Ararat" idman kompleksində öz soydaşları ilə görüşü zamanı üzərinə erməni dilində "Arçax Ermənistanındır" yazılmış plakatdakı şüarın nümayişinə rahat şərait yaradıb. İş-işdən keçəndən sonra isə İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasiminin tumanbağısını sıxaraq ""Ararat" idman kompleksində erməni dilində bir neçə plakatın asılması özbaşına və qəbuledilməz bir addım idi, İran İslam Respublikası bunu dəstəkləmir" deməsi, daldan atılıb Nikolun topuğuna dəyməyən daş kimi görünür.

 

İran tərəfi hələ Qarabağ müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə Arazın o tayından Azərbaycan ordusunun koordinatlarını ermənilərə verməkdə yardımçı olub. Rəsmi Tehranın bu kimi yardımlarını indi də siyasi, iqtisadi və digər müxtəlif strateji tərəfdaşlıq münasibətlərində inkişaf etdirməsi yuxarıda söylədiyimiz əsas məqsədə xidmət etdiyini anlamaq çətin deyil. İran bununla həmçinin Ermənistanın öz əl-qolunu "qara bağla" bağlayaraq blokadaya düşdüyü vəziyyətdən çıxmasına qismən də olsa şərait yaradır.

 

Dağlıq Qarabağ məsələsində Tehran-Bakı münasibətlərinə gəlincə, "başıkəfənlilər" digər ölkələrin başbilənləri kimi ikiüzlük edib üzdə Azərbaycanın ərazi bütövlüyünü tanısa da, amma arxada "Dəli Kür"dəki Molla Sadıq kimi xain düşmənə "İşinizdə olun" - deyib, onların işğalçı siyasətinə dəstək olur və bununlada "mollalar" Azərbaycanın həm ABŞ, həm də özlərinə əbədi düşmən hesab etdikləri İsrail kimi dövlətlərlə əməkdaşlığına "fatihə" vermək istəyirlər.

 

Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri zamanı İran rəhbərinin bircə kəlmə ilə ağızucu "Ümid edirik ki, Qarabağ münaqişəsi də öz həllini tapacaq" və iki il öncə İranın müdafiə naziri  Hüseyn Dehqanın o zamanki erməni həmkarına "Regional problemlərin güc yolu ilə həlli yolverilməzdir. Münaqişələr istisnasız olaraq danışıqlar yolu ilə həll olunmalıdır..." demələri, Kələntər dayının təkrar-təkrar - "Hamam-hamam içində, xəlbir saman içində" deyimindən heç nə ilə fərqlənmir.

Maraqlıdır, İran əgər həqiqətən danışığa belə önəm verən və ya sülhpərvər dövlətdirsə, onda niyə indiyədək işğalçı Ermənistana Azərbaycan ərazilərindən çıxması ilə bağlı bir bəyanat vermir?! Əlbəttə, Azərbaycanın bu məsələdə İrandan umacağı yeganə bir şey varsa o da müsəlman həmrəyliyi sərgiləyərək ədalətli  mövqedən çıxış etməsi və əməldə öz dediyini tutmasıdır. Çünki bütün dünya ölkələri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, amma əməldə heç bir iş görmürlər. Belə olan halda İran İslam respublikası ilə hansısa xristian dövlətinin nə fərqi olur?

İran hələ ki müsəlman, həmçinin İslam adına layiq olan addım atmır, o Ermənistana özünü rahat hiss edəbildiyi dost ölkə kimi baxır. Amma İslam dinində  qəsb olunan torpağa getmək, işğalçılarla əməkdaşlıq etmək haram buyrulur. Bu qədər haramzadalıq edənlər kəfənlərini başlarına yox, əllərində bayraq tutsalar da onların əsl müsəlman olduğuna inam olmayacaq. Yox əgər indiyədək İran, Ermənistanla münasibətdə Türkiyə kimi ədalətli mövqe ortaya qoymuş olsaydı, onda Qarabağ problemi bəlkə də öz həllini tapmışdır.

 

İran əgər həqiqətən İslam dövlətidirsə, o unutmamalıdır ki, dünyada artıq xristian-müsəlman müharibəsi gedir. Son illərdə Yaxın şərq ölkələrində baş verənlər buna açıq sübutdur. Bu arada İran "mollaları" mediadan oxuduğumuz Moskva patriarxı Dmitri Smirnovun həyacan dolu sözlərinə diqqət etməlidirlər. Patriarx: "Hazırda bütün dünya üzrə xristian dini sürətlə zəifləməkdədir, 30 ildən sonra Avropada xristianlıq dini adında bir şey qalmayacaq... Avropada xristianlığa çox cüzi sayda insan inanc kimi baxır. İslam dini ilə bağlı vəziyyət isə tam fərqlidir. Belə ki, bu din Avropada get-gedə möhkəmlənir. Bu il İngiltərədə doğulan oğlan uşaqlarına ən çox qoyulan ad Məhəmməddir. Rusiyada da xristianlıq sivilizasiyası yox olacaq, 50 ildən sonra Rusiyada xristian qalmayacaq" deyə, narahatlığını bildirir.

Patriarxın bu sözlərini təhlil edəndə sözsüz ki, dünyada dini baxımdan demoqrafik fərqin sürətlə dəyişməsinə əsas səbəb təbii hal olsa da, amma xristian ölkələrinin bu dəyişikliyə biganə qalmadıqlarını görürük. Bu üzdən də "Dünyada niyə yalnız müsəlman ölkələrində müharibələr süni yolla yaradılır və ya gedir?" sualının cavabı bəlli olur. Əlbəttə ki, bu süni müharibələrin yaradılması hər kəsə, məhz xristian-müsəlman sayının ən azı balanslaşdırılmasına nail olmağa hesablandığını güman etməyə əsas verir. Odur ki, İran İslam dövləti olaraq indiki halda Ermənistanla dövlət maraqlarını düşünəndə gərək həm dinini, həm də imanını itirməsin.

Artıq illərdir ki, Ermənistanı məhv olmaqdan saxlayanın Rusiya və İran olması heç kimə sirr deyil. Biri acanda çörəyini, suyunu verir, digəri isə üşüyəndə odunu, ocağını yandırır. Burada "Odla su arasında" və ya İranla-Rusiya arasında qalan yalnız başıbəlalalı Azərbaycandır.

 

Bu gün Azərbaycan Dağlıq Qarabağ məsələsində Rusiyanın mövqeyinə həmişə ümid bəsləsə də, amma rəsmi Moskva tarixi ənənəsinə sadiq qalaraq I Pyotrdan başlamış imperialist siyasətini hələ də davam etdirməkdədir. Doğrusu, Azərbaycan tərəfinin Rusiyaya olan bu ümidini heç anlamaq olmur. Çünki hamı yaxşı bilir ki, Qarabağı dağlar arasında "qaranlıq tunelə" salaraq qoluna qara düyün vuran məhz elə Rusiyadır və onun bu tunelə nə vaxtsa işıq salacağına artıq heç bir azərbaycanlıda inam yoxdur. Məgər Rusiyanın Azərbaycan torpaqlarının işğalında dolayısı ilə, bəzi hallarda isə birbaşa iştirakı, Ermənistanda hərbi baza saxlaması, işğalçı dövlətlə hərbi müstəvidə əməkdaşlıq etməsi, qarşılığını istəmədən silahlarla təmini, sərhəddinin təhlükəsizliyini qoruması bu problemdə onun açıq şəkildə tərəf kimi çıxış etməsini təsdiq etmirmi? Rusiya tarix boyu qonşu dövlətlərə qarşı ədalətli mövqe sərgiləməyib və bu siyasət I Pyotrun vəsiyyətinə uyğun olaraq ənənəvi şəkil aldığından çox güman ki, heç gəlcəkdə də dəyişməyəcək.

Digər tərəfdən də rəsmi Moskva "özü bişirdiyi sıyığı" yemək istəsə belə, bu onun ağzını yandıracaq. Çünki Rusiyanın Qarabağı Azərbaycana qaytarmasına razılıq verməsi və ya bunu ermənilərə təkid etməsi elə onun özünün bütövlükdə Cənubi Qafqazı əzəli sahiblərinə qaytarması demək olar. Eyni zamanda, Rusiya bu addımla öz "təhlükəsizlik zolağını" ABŞ-a, həmçinin NATO qoşunlarına qızıl məcməyidə hədiyyə etmiş olar. Bu üzdən də gələcəkdə hər hansısa Rusiya Prezidentinin belə bir addım atacağına Azərbaycan tərəfdən ümid etmək yumşaq desək sadəcə yanlışlıqdır.

Rusiya Qafqaza İran və Türkiyədən köçürüb gətirdiyi, həmçinin başına papaq qoyub ortalığa çıxardığı erməniləri həmişə açıq şəkildə dəstəkləyib və dəstəkləməkdədir.

Məsələn, Rusiya Prezidenti Vladimir Putinin İrəvanda ermənilərin uydurduğu "erməni soyqırımı"na düzənlənmiş mərasimdə az qala ağlayaraq - "Səmimi qəlbdən erməni xalqı ilə birgə əzab çəkirik. Onlar insanlıq tarixində ən dəhşətli faciəni yaşayıblar. 1915-ci il hadisələri bütün dünyanı titrədib. Biz Ermənistanın yanındayıq və onlarla birgə ağlayırıq" deməsi, Rusiyanın Ermənistanı necə dəstəkləməsini açıq sübut edir.

Bundan əlavə, Putinin İrəvan səfərlərinin birində çıxışı zamanı, "Böyük rus islahatçısı I Pyotr öz fərmanlarının birində yazmışdır: "Erməniləri mümkün qədər layiq olduqlarından da artıq əzizləyin və onların daha çox gəlmələri üçün gəlişlərini asanlaşdırmaqla həvəsləndirin!" söyləyib, bunun ardınca "Bu sözün üstündən cəmi-cümlətanı 300 il keçib. Deyilib, edilib!" deyərək əlini xüsusi jestlə tribunaya vurması, Putinin I Pyotra sadiqliyini, eyni zamanda onun imperialist siyasətini daim davam etdirəcəyini nümayiş etdirməkdən başqa bir şey deyil.

Tarixdən bu günüdək bütün baş verən olayları təhlil edəndə Azərbaycanın iki qonşu dövlət - İranla Rusiya, başqa sözlə Güneylə Qüzey arasında məngənəyə salınaraq sıxılı halda saxlanıldığını görürük. Dağlıq Qarabağın azad olunması üçün yeganə çıxış yolu ilk növbədə özünəgüvəndən, xalq-hakimiyyət birliyindən, qardaş Türkiyə ilə əlaqələrin daha da sıx şəkildə qurulmasından və antiterror əməliyyatların başlanılmasından keçir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı