Modern.az

“Gənclər siyasəti haqqında” qanuna dəyişiklik 3-cü oxunuşda qəbul edildi

“Gənclər siyasəti haqqında” qanuna dəyişiklik 3-cü oxunuşda qəbul edildi

Aktual

5 Mart 2019, 13:55

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Gənclər siyasəti haqqında" qanuna dəyişikliklər üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

 

Modern.az xəbər verir ki, iclasda çıxış edən parlamentin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev Bədən tərbiyəsi və idman günü ilə bağlı təəssüratlarını bölüşüb.

 

“Bilirsiniz ki, gənclər siyasətinin əsas istiqamətlərindən biri idmanımızın inkişafı, gənclərimizin sağlam həyat tərzinin qorunmasıdır. Azərbaycanda Bədən tərbiyəsi və idman gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Bu günü bizə bəxş edən ulu öndər Heydər Əliyev 1995-ci il martın 5-də Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub.

 

1997-ci ildən Prezident İlham Əliyev Milli Olimpiya Komitəsinə rəhbərlik edir. Cənab Prezident 2005-ci il 4 martda sərəncam imzalayaraq, 5 martı Bədən tərbiyəsi və idman günü kimi təsis edib. Bu, bütün idman ictimaiyyəti üçün bir bayramdır. Bu fürsətdən istifadə edərək başda ölkə başçısı Cənab İlham Əliyev olmaqla, bütün idman ictimaiyyətini və idmançıları təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edirəm.

 

Ü.Quliyev "Gənclər siyasəti haqqında" qanuna dəyişikliklər barədə də danışıb.

 

“Qanuna dəyişikliklər fevralın 19-da Milli Məclisdə plenar iclasda ikinci oxunuşdan sonra qəbul edilib. Çıxış edən deputatlar layihəyə müsbət rəy bildiriblər və bir çox təkliflər irəli sürüblər. Biz səsləndirilmiş bütün bu təklifləri komitədə keçirilən iclasda müzakirə etdik. Müzakirələrdən sonra layihəni 3-cü oxunuşa hazırladıq.

 

Gənclər təşkilatı anlayışını ehtiva edən 1.0.5-ci maddə tamamilə ləğv edilib. Əvəzində layihəyə gənclər təşkilatının mahiyyətini, onun hüquqi statusunu təsbit edən 9-1-ci maddə əlavə olunub. Və 3-cü oxunuş üçün hazırlanmış bu maddəyə əsasən gənclərin problemlərinin müəyyən edilməsi və həlli, hüquqlarının müdafiəsi, onların tələbatlarının ödənilməsi məqsədilə “QHT haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq, 16 yaşından 35 yaşına kimi olan fiziki şəxslər, bu qanuna uyğun olaraq yaradılan gənclər təşkilatları tərəfindən təsis edilən Qeyri Hökumət təşkilatlarıdır.

 

Gənclər təşkilatlarının üzvlərinin həmin təşkilatlarda üzvlüyünə onların 35 yaşı tamam olduğu andan xitam verilməsi və xitam verilmənin şərtlərinin və qaydalarının gənclər təşkilatının nizamnaməsi ilə müəyyən edilməsi yeni, 9-1.2 və 9-1.3-cü maddələrdə təsbit olunur.

 

Qanun layihəsinin qadağanedici normalarından olan 5.7.1-ci maddənin əhatə dairəsi bir qədər də genişlənmişdir. Belə ki, bu maddəyə əsasən 18 yaşınadək gənclərə tütün məmulatları və spirtli içkilərlə yanaşı bütün növ energetik içkilərin də satışı qadağan edilir

 

8.1-ci maddədə texniki düzəliş edilmişdir: Maddənin 3-cü hissəsində hakimiyyətinin sözü hakimiyyəti orqanının sözləri ilə əvəz olunmuşdur.

 

8.2-ci maddədə də stilistik düzəliş edilmişdir: əlavə təhsilin artırılması sözləri əlavə təhsil alması sözləri ilə əvəz olunmuşdur.

 

İnanıram ki, bu layihəni dəstəkləməklə Gənclər siyasətinin daha da uğurlu olmasını öz müsbət töhfəmizi verə bilərik”.

 

Dəyişikliklər səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı