Yardımlı rayonunun Dəlləkli kənd orta məktəbinin müəllimi Nəcəf Məhərrəmovun xeyirxah əməllərindən bəhs edən sosial çarx çəkilib. Ucqar dağ kəndində müəllim işləyən Nəcəf Məhərrəmov təxminən 1 il öncə həmkəndlisinin təsadüfi telefon çəkilişləri nəticəsində bütün ölkədə məşhurlaşmışdı. O, 20 ildən artıq bir müddətdə qarlı, şaxtalı havalarda şagirdlərini məktəbə şəxsən özü aparıb-gətirməyi, yolda onların çantalarını daşımağı, uşaqlara nağıl danışmağı ilə kənd camaatının sevimlisinə çevrilmişdi.
Təsadüfən çəkilən bir şəkildən sonra isə Nəcəf müəllim bütün ölkə vətəndaşlarının rəğbətini qazanmışdı. Yardımlı rayonuna yağan 1 metr hündürlüyündə qarda cığır açaraq uşaqları məktəbə aparan müəllimin fotosu sosial şəbəkəyə yerləşdiriləndən sonra o, özünün belə xəbəri olmadan məşhurlaşmışdı.
Modern.az-ın əldə etdiyimiz məlumata görə, Vergilər Nazirliyi Nəcəf müəllimin obrazını öz reklam çarxında istifadə edib. Onun obrazı nazirliyin yeni reklam məhsulunun baş qəhrəmanıdır.
Vergilər Nazirliyində bu məlumatı təsdiqləyiblər və əlavə ediblər ki, hazırlanan yeni çarx insanları qarşılıq gözləmədən xeyirxah olmaq, nəcib işlər görmək kimi çağırışlara əsaslanır, bilik və təhsilin, savadlı vətəndaş olmağın vacibliyini aşılayır.
Reklam çarxı yaxın günlərdə sosial şəbəkədə və yerli TV məkanında yayınlanacaq.