Azərbaycanda istehsal olunuş “Şollerin arxivi” və “Edam günü” filmləri daja bir uğura imza atıb. Belə ki, azərbaycanlı rejissorun bu filmləri Moskvada 21-ci dəfə baş tutacaq “International Film Festival of Detective Films and Television programs on Law-Enforcement themes Detective FEST” festivalının müsabiqəsinə buraxılıb. “Şollerin arxivi” və “Edam günü” filmləri 78 ölkənin 1210 filmi arasından seçilib. Müsabiqə aprel ayının 22-29-da olacaq.
Bu barədə filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov Modern.az-a məlumat verib.
Xatırladaq ki, “Şollerin arxivi” filmi almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib. Ekran işi Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.
Süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulmuş filmin çəkilişləri Gəncə, Göygöl, Tovuz və Bakıda aparılıb. Filmdə alman ailəsinin timsalında insan dramı göstərilib, eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb.
“Edam günü” psixoloji trillerində hadisələr sovet dövrünün son illərində həbsxanada cərəyan edir Film. “SPP Production” tərəfindən istehsal edilən ekran əsərinin xronometrajı 95 dəqiqədir.
C.Qasımov deyib ki, bu filmin çəkilməsinin əsas məqsədi bütün gənclərin içərisindəki istedadı üzə çıxarmaq, onların qabiliyyətini geniş kütləyə göstərməkdir.
“Ekran əsərində məhkum olunmuş bir dustağın kamerada yaşadığı həyəcanlı anlar əks olunub. Filmin ssenarisini yazarkən Bayıl həbsxanasında keçmiş sovet dövründə işləmiş işçilərlə görüşüb maraqlı məlumatlar toplamışam”, - deyə ssenari müəllifi bildirib.