Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bu gün Parlamentdə vətəndaşları növbəti dəfə qəbul edib.
Modern.az xəbər verir ki, qəbulda, həm Əhliman Əmiraslanovun deputat seçildiyi 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən olan seçicilər, həm də səhhətindəki müxtəlif problemlərin həlli ilə bağlı Səhiyyə komitəsinə müraciət edən vətəndaşlar iştirak edib.
Səhiyyə komitəsinə müraciət edən vətəndaşlar müxtəlif xəstəliklərin müalicəsinə köməklik göstərilməsi üçün, seçicilər isə, əsasən sosial problemlər, işlə təmin olunma ilə bağlı müraciətlərini deputata çatdırıblar. Əhliman Əmiraslanov son illər ölkəmizdə çoxsaylı sosial infrastruktur layihələrin həyata keçirildiyini, böyük abadlıq işlərinin görüldüyünü, Prezident İlham Əliyevin ölkə vətəndaşlarına daim xüsusi diqqət və qayğısı nəticəsində bir çox sosial yonümlü problemlərin tam şəkildə aradan qaldırıldığını, bəzi problemlərin isə həlli üçün müvafiq addımların atıldığını qeyd edərək qəbula müraciət edən vətəndaşları maraqlandıran sualları cavablandırmış və müvafiq köməklik göstəriləcəyini bildirib.