Millət vəkili Pərvin Kərimzadə mütəmadi olaraq təmsil etdiyi dairədə yaşayan seçicilərlə görüşür, onların arzu və təklifləri, problemləri ilə maraqlanır. Bu dəfə millət vəkili Əfqanıstan müharibəsi veteranları ilə görüşüb.
Modern.az xəbər verir ki, görüşdə millət vəkili Prezident İlham Əliyevin fevralın 21-də Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün verilən təqaüdünün artırılması haqqında imzaladığı Fərman və Sərəncamın Əfqanıstan müharibəsi veteranlarına göstərilən diqqət və qayğının daha bir göstəricisi olduğunu bildirilib.
Azərbaycan Əfqanıstan Veteranlar İctimai Birliyinin Gəncə filialının sədri, 1985-1987-ci illərdə sovet ordusunun baş giziri, AN-12 yük təyyarəsinin baş hava atıcısı Elbrus Allahverdiyev ali diqqətə görə ölkə Başçısına təşəkkür edib. Elbrus Allahverdiyev ulu öndər Heydər Əliyevin Əfqanıstan veteranları ilə görüşündə onlara inandığını, etibar etdiyini xüsusi ilə vurğuladığını xatırladan bu gün də Prezident İlham Əliyev tərəfindən diqqət və qayğı ilə əhatə olunduqlarını bildirib. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin Əfqanıstan müharibəsi iştirakçılarına diqqət və qayğısı, bizə verdiyi yüksək dəyər ölkə Başçısı tərəfindən uğurla davam etdirilir.
Filialın sədr müavini və katibi 1987-1988-ci illərdə sovet ordusunun baş giziri, Hərbi Hava Qüvvələri İdarəetmə Mərkəzinin aviadispetçer xidmətinin rəisi vəzifəsində çalışmış Həsrət Zeynalov bildirib ki, Əfqanıstan müharibəsi veteranları Prezident cənab İlham Əliyevin siyasi kursunu bəyənir və hər zaman dəstəkləyirlər. Ali Baş Komandanın çağırışı ilə torpaqlarımızın geri alınmasında və qorunmasında iştirak etməyə Əfqanıstan müharibəsi veteranları bir əsgər kimi hər zaman hazırdırlar.
Elman Həsənov isə Əfqanıstan müharibəsi veteranları və əlillərinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müharibə iştirakçıları üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə etdiklərindən danışıb.
Qeyd edək ki, Əfqanıstan müharibəsində 7500 azərbaycanlı iştirak edib, onların 208-i müharibədə həlak olub, 7 nəfəri isə itkin düşüb.