Modern.az

Fransanın “bacı” sevgisi

Fransanın “bacı” sevgisi

Aktual

28 Dekabr 2011, 10:44

Özünü “demokratiyanın beşiyi” hesab edən Fransa qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması barədə qanunun qəbulu ilə demokratik prinsiplərə zidd olan bir qərar verdi. Qanuna görə, Fransada qondarma “erməni soyqırımı”nı tanımayanlar 1 il həbs cəzasına məhkum olunacaq və 45 min avro cərimələnəcək. Xalqın söz və ifadə azadlığına bu şəkildə təzyiq göstərən, onları öz oyunlarının alətinə çevirməyə çalışan Fransanın bundan sonra demokratiya haqqında danışmağa haqqı yoxdur.  Belə bir qərarı ibtidai icma quruluşunda mağaralara sığınaraq yaşayan, yarpaqlardan özlərinə paltar biçib geyinən şüursuz  insan belə verməzdi ki, Fransa parlamentinin üzvləri bunu etdilər !

Fransa 1915-ci ildə baş verən hadisələrdən siyasi vasitə kimi istifadə edərək, Türkiyəyə növbəti zərbəsini endirdi. Türkiyənin Avropa Birliyinə daxil olmasına hər vəchlə mane olan və “bacısı” Ermənistanın başını sığallayaraq, qondarma erməni soyqırımına “yox” deyənlərin cəzalandırılmasını tələb edən Fransa Türkiyənin mövqeyini sarsıtdığını sansa da, əslində öz millətinin mənliyini və qürurunu ayaqlar altına atdı. Türkiyə isə bu qərara cavab olaraq Fransanın Əlcəzairdə törətdiyi soyqırımı qurbanlarının xatirəsinə abidə ucaltmaq məsələsini gündəmə gətirib.  

Bir qrup ermənipərəst parlamentarilərin dəstəyi və ölkədə yaşayan ermənilərin aktiv siyasi təbliğatı nəticəsində qəbul edilən qanun sadə Fransa vətəndaşı tərəfindən birmənalı qarşılanmadı. Ölkədə əhalinin xeyli qismi qanunun əleyhinə çıxdı, bunun ermənipərəst deputatların təzyiqi ilə baş verdiyini bildirdi. Fransızların milli qürurunu ovuclarının arasına alan ermənilər qanunun qəbulunu özlərinə başucalığı bilsələr də, Fransa kimi bir dövlətin bu addımı atması dünya ictimaiyyətinin qınağından kənarda qalmadı və qala bilməzdi də. İlk təpki Azərbaycandan gəldi.

Xatırladaq ki, Türkiyə-Ermənistan yaxınlaşmasını nəzərdə tutan protokolların ratifikasiya olunması məsələsi gündəmə gəldikdə, Azərbaycanın sərt reaksiyasını nəzərə alan rəsmi Ankara bunun yalnız Dağlıq Qarabağ münaqişəsində irəliləyişdən asılı olduğunu bildirmişdi. Bu baxımdan Türkiyə mediası, eləcə də türkiyəli analitiklər rəsmi Bakının son olaylara münasibətini dörd gözlə  izləyirlər. Türkiyənin bəzi siyasi şərhçiləri hesab edirlər ki, əgər Türkiyə və Ermənistan arasında imzalanan protokollar ratifikasiya olunsaydı, nə Fransa parlamenti belə bir qərar çıxarardı, nə də ABŞ Konqresi “soyqırım” qətnaməsini yenidən gündəmə gətirərdi.

Azərbaycan isə öz üzərinə düşən işi gördü. Rəsmi Bakı Fransaya etiraz edərək, qəbul olunan qərarı kəskin şəkildə pislədi. Fransanın Azərbaycandakı səfirliyinin qarşısında etiraz aksiyaları keçirildi, prezident Sarkozinin əleyhinə şüarlar səsləndirildi. Siyasi partiyalardan və analitiklərdən qanunla bağlı sərt təpkilər hələ də gəlməkdədir. Şübhəsiz ki, son olaylar Azərbaycanda narahatlıq doğurmaya bilməzdi. Ermənilərə açıq-aşkar havadarlıq edən Fransa ATƏT-in Minsk qrupuna üzv olan bir ölkə kimi Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həllində tərəfsiz çıxış edə bilməz.   

Qeyd edək ki, Fransa parlamentinin bu qərarı ilə bağlı dünya mətbuatında da maraqlı faktlar yer alıb. ABŞ-ın məşhur “Los Angeles Times” qəzeti qondarma erməni soyqırımını inkar edənlərin cəzlandırılması barədə qanunu “azad düşüncəyə təcavüz” kimi dəyərləndirib.  Fransanın “Mond” qəzetində bununla bağlı dərc olunan yazıda isə bildirilib ki, qanun erməniləri dəstəkləyən deputatlar tərəfindən qəbul olunub və heç bir tarixi fakta əsaslanmayıb.

Fransa parlamentinin bu qanunu qəbul etməsində ölkədəki Erməni lobbisinin böyük rolu olduğu bildirilir. Fransada eyni sayda türk və erməni yaşadığını nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, ermənilərin Fransa siyasətinə təsir imkanları türklərdən xeyli genişdir. Ən azından son olaylar bunu deməyə əsas verir.

Görünən isə odur ki, Fransız ictimaiyyəti arasında nüfuzunun aşağı düşdüyünü anlayan Nikola Sarkozi 2012-ci ilin yazında ölkədə keçiriləcək növbəti prezident seçkilərində qalib gəlmək üçün hər vasitəyə əl atmağa hazırdır. Böyük ehtimal ki, Sarkozi seçkilərdə “bacı”larının köməyindən yararlanacaq. Sarkozi hökumətinin illərdir davam edən erməni sevgisi, qondarma erməni soyqırımının tanınması barədə göstərdiyi canfəşanlıq bu dəfəki prezident seçkilərdə öz bəhrəsini verəcək.    

Gülnarə Əliyeva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı