Mayın 12-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Muzeylər və Nəsimi irsi” proqramı üzrə təşkil edilən muzey həftəsinin açılış mərasimi olub.
Modern.az xəbər verir ki, tədbirdə Təhsil naziri Ceyhun Bayramov, Mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan Milli Elmlər Akademiyası, “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin nümayəndələri və digər rəsmi qonaqlar iştirak ediblər.
Açılış mərasimini giriş sözü ilə açan Təhsil naziri Ceyhun Bayramov şagirdlərin bədii estetik zövqlərinin formalaşması baxımından muzeylərin böyük əhəmiyyət kəsb etdiyini deyib. Təhsil naziri bildirib ki, məktəblilərin muzeylərə ekskursiyalarının təşkili təkcə muzeylər həftəsində deyil, digər vaxtlarda da təmin olunmalıdır. Nazir həmin ekskursiyaların şagirdlərin tariximiz, adət-ənənələrimiz, tarixi şəxsiyyətlərimiz, tanınmış incəsənət xadimləri haqqında daha geniş və ətraflı məlumat almasında, onların dünyagörüşünün zənginləşməsində mühüm rolunu vurğulayıb.
Məktəblilərin teatrlara cəlb olunmasının da əhəmiyyətindən söz açan Təhsil naziri qeyd edib ki, bu istiqamətdə artıq Təhsil və Mədəniyyət nazirliklərinin birgə işçi qrupu müzakirələr aparır.
Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev respublikamızda fəaliyyət göstərən muzeylərdən söz açıb, son illər istər məktəblilərin, istərsə də digər şəxslərin muzeylərə maraq göstərdiyini bildirib. Muzeylərdə məktəbliləri qəbul etmək üçün lazımi şəraitin olduğunu diqqətə çatdıran nazir Mədəniyyət və Təhsil nazirliklərinin birgə əməkdaşlığından, bu əməkdaşlığın ümumi işə müsbət təsir etdiyindın danışıb.
Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova muzeylər həftəsinin əhəmiyyətindən söz açıb.
Tədbirin bədii hissəsində məktəblilərin ifasında mahnılar səsləndirilib, şeirlər söylənib.