Ekspert belə cərəyanları sovetlərdən sonra yaranan ideoloji boşluqla əlaqələndirib
“Sovet sistemi dağılandan sonra ideoloji boşluq yarandı. Bu zaman keçmiş SSRİ məkanında kənar dövlətlərin marağına qulluq edən dini cərayanlar, təriqətlər yaradılmağa bağladı. Azərbaycan da buraya aiddir. Bizə yad olan, dini cərəyanlar ölkəmizdə də baş qaldırdı. Hətta İslamın özündə də bəzi təriqətlər var ki, o da bizə yaddır, qeyri-ənənəvidir. Təəssüf ki, bunlar Azərbaycanda da yayılmağa başladı. Ən pisi də budur ki, Azərbaycan vətəndaşlarının özləri də belə məsələlərə rəvac verdilər. Asif Ata kimi...”.
Bu fikirləri Modern.az saytına açıqlamasında Azərbaycan Birlik Təşkilatının rəhbəri Vüsal Hətəmov deyib. O, bildirib ki, Asif Əfəndiyev filosof olub: “Hətta deyərdim ki, bu şəxs ali məktəblərdə tarixi ateizmdən dərs deyib. Mən nə vaxtdır özlərini “Asif Ata ocağı”nın üzvləri hesab edənlərin fəaliyyətini izləyirəm. Onların yazılarını izləyirəm, saytlarına baxıram, müdrik kəlamları da var. Mən sizə deyim ki, elə-belə insan düşünüb o sözləri deyə bilməz. Görünür ki, bunlar fundamental bilgiyə, bazaya, fəlsəfəyə malik insanlardır. Ancaq inanmıram ki, bu, azərbaycançılıqdan irəli gəlsin. Yəqin ki, bunlar da kənardan verilən gücün nəticəsidir. Çünki mən Asif Atanın yazılarına baxıram, ziddiyyətlər çoxdur. Bunlar İslam dinini aşağılayıb tənqid edirlər. Ancaq İslamda tanınmış, dünya şöhrətli şəxsiyyətlər var ki, mən ancaq Azərbaycan şəxsiyyətlərini deyirəm, məsələn, Nəsimi, onu tərifləyirlər, deyirlər ki, Nəsimi özünü tanıyır. Amma İslam peyğəmbəri üçün o sözü demirlər. İsa peyğəmbər üçün deyirlər “İsa həyatı ilə insanları öyrətdi”, Məhəmməd peyğəmbər üçün isə deyirlər “o, harayı ilə gündəmə gəlib”. Ümumiyyətlə, onların qəbul etdikləri şəxsiyyətlər öz ədəbi yazılarının, əsərlərinin mayasını, mahiyyətini İslamdan götürüblər”.
V.Hətəmov deyib ki, “Asif Ata ocağı”nın üzvlərinin Asif əfəndiyevi peyğəmbər hesab etmələrini düzgün saymır: “Ümumiyyətlə, hansı din tarixdə daha çox qalır? Hansı peyğəmbər tarixdə peyğəmbər kimi qəbul olunur? Həmin o peyğəmbərdən, həmin o dindən qabaqkı dinlərdə onun gəlməsini müjdələyirlər. Misal üçün, Tövratda İncil barədə, Tövratda və İncilin özündə də İslam dini barədə müjdə var idi. Məhəmməd peyğəmbər barədə də ... Elə də oldu, həyata da keçdi. Tövratdan 2 minə ilə yaxın vaxt keçib, İncilin özündən də 2 min ilə yaxın vaxt keçib. İslamdan isə 1004 ildən artıq vaxt keçib. Yenə də bu dinlər bütün dünyada yayılır və sonuncu din daha çox yayılır.
İslamda bildirilir ki, ondan sonra nə din gələcək, nə də peyğəmbər. Bunların mütləq inam adlandırdıqları Asif Ata dünyasını 10 il bundan qabaq dəyişib, yəqin ki, 10 il sonra “Asif Ata ocağı” olmayacaq. Əgər ideologiya kiminsə tərəfindən yaradılıbsa, müqəddəs deyilsə, göydən gəlməyibsə, o şəxs dünyasını dəyişdikdən sonra uzağı 10-15 il yaşayacaq. Bu isə daha çox dövlətin zəifliyi və qüdrətindən aslıdır. Dövlət qüdrətli olsa təbii ki, kənar dinlər, yad ənənəvi cərəyanlar ayaq aça bilməz. Həmin şəxs vaxtilə materalizmdən dərs deyib, eyni zamanda bu şəxsin qınadığı insanlar, şəxsiyyətlər İslam dini və Məhəmməd Peyğəmbər olub. O biri dinləri o qədər də qınamırlar. Onların İsa peyğəmbərlə bağlı danışdıqlarından görürəm ki, hətta onu Məhəmməd Peyğəmbərlə müqayisə edirlər. Paradoksal haldır ki, bu ocağın təriflədiyi insanlar, Nəsimi, Fizüli, Nizami Gəncəvi, Sədi, Ömər Xəyyam, Hafizdir. Bu insanlar İslam dinində irfan əhli olublar.
Bu adamlar ki, hürufiliyi tərifləyir, bütun bunlar İslam zəminində yaranan cərəyanlardır. Necə ola bilər ki, siz İslam zəminində yaranan cərəyanları bəyənirsiz, amma, İslamın özünu bəyənmirsiz. Bunların sadəcə gözəl sözləri və bu sözlərə aldanan insanlar var. Bu gün Azərbaycanda o qədər insan var ki, pafosla gözəl cümlələr qoşur. Onda belə çıxır ki, hamı özünü cərəyan adlandırsın, hamı özünü peyğəmbər adlandırsın. Peyğəmbər və din özündən əvvəlki dinlərdə peyğəmbərlər tərəfindən mujdələnməyibsə, bunlar əlbəttə ki, sonradan yaradılmış işlərdir. Belə çıxır ki, kim istəsə pul naminə belə şey yarada bilər”.
Mail AĞAXANOV