ABŞ-ın Kaliforniya ştatının Los Anceles şəhərində keçirilən “Golden Hollywood International Film Festival”da bədii filmi kateqoriyası üzrə 14 film seçilib.
Qızıl mükafat uğrunda mübarizə aparacaq həmin 14 ekran işi arasında “Edam günü” tammetrajlı bədii filmi də var. Festivalın Golden Hollywood Grand Jury Mükafatına 1000 ABŞ dolları dəyərində pul mükafatı, dünya film bazarına yerləşdirilmə və digər mükafatlar daxildir.
Bu barədə filmin ssenari müəllifi və baş prodüseri Cəlaləddin Qasımov Modern.az-a məlumat verib. O bildirib ki, “Edam günü” psixoloji trillerində hadisələr Sovet dövrünün son illərində həbsxanada cərəyan edir
C.Qasımov deyib ki, bu filmin çəkilməsinin əsas məqsədi gənclərin içərisindəki istedadı üzə çıxarmaq, onların qabiliyyətini geniş kütləyə göstərməkdir.
“Ekran əsərində məhkum olunmuş bir dustağın kamerada yaşadığı həyəcanlı anlar əks olunub. Filmin ssenarisini yazarkən Bayıl həbsxanasında keçmiş Sovet dövründə işləmiş işçilərlə görüşüb maraqlı məlumatlar toplamışam”, - deyə ssenari müəllifi bildirib.
Filmdə baş rollarda Rövşən Kərimduxt, Sabir Məmmədov, Məmməd Əliyev, Nazil Ağalarov, Ramin Şıxəliyev, Soltan Qasımov, Hikmət Məmmədov, Vüqar Qurbanov və digərləri çəkiliblər. Filmin quruluşçu operatoru Mehdi Yaqubovdur. “SPP Production” tərəfindən istehsal edilən ekran əsərinin xronometrajı 95 dəqiqədir.