Bu gün Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək.
Bakı Olimpiya Stadionundakı ingilis komandalarının duelində "Çelsi" və "Arsenal" üz-üzə gələcək.
"Çelsi" - "Arsenal" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq
Futbolla bağlı yaranan problemlərdən biri xarici azarkeşlərin əksəriyyətinin Bakıya birbaşa təyyarə ilə gəlməməsidir.
İddialara görə, azarkeşlər öz ölkələrindən birbaşa təyyarə ilə Tbilisiyə, oradan da qatar və avtobusla Bakıya gəliblər. Bu məsələdə Gürcüstanın qazanc əldə etdiyi vurğulanaraq AZAL ittiham olunub.
Modern.az saytı məsələ ilə bağlı “Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə əlaqə saxlayıb.
Qurumun mətbuat katibi Paşa Kəsəmənski deyib ki, bu məsələlər çarter reysləri tərəfindən tənzimlənir.
“İngiltərədən, İsraildən, ərəb ölkələrindən çarter reysləri təşkil edilib. Çarter reysləri AZAL təşkil etmir. İstənilən aviaşirkət boş təyyarə varsa, futbol azarkeşlərinə Bakıya gəlmək üçün çarter reysləri təklif edir. Biz aeroport olaraq heç bir problemin və məhdudiyyətin olmadığını elan etmişik”.
Paşa Kəsəmənskinin sözlərinə görə, azarkeşləri Bakıya gətirmək AZAL-a yalnız bu halda sərf edə bilər.
“Böyük tədbirlər zamanı axın çox olanda reyslər çoxalmır. Sadəcə, çarter reysləri olur. Çarter reysləri sifarişlə açılır. Sifarişçi isə hər bir aviaşirkət ola bilər. AZAL üçün sərnişin gətirmək daha çətindir. Çünki biz təyyarələri boş aparıb onları yerləşdirməliyik ki, dolu təyyarələr bura gəlsin. Təbii ki, maddi tərəfi ödənildiyi halda bizə sərf edə bilər. İngiltərə aviaşirkətləri isə təyyarələri dolu gətirib dolu da geri qaytarır. AZAL çarter reyslərinin açılmasına heç bir məhdidiyyət qoymur”.
AZAL rəsmisi çarter reysləri ilə bağlı sabah açıqlama veriləcəyini də bildirib:
“Kim deyirsə ki, çarter reyslər yoxdur, bu doğru deyil. Sabah nə qədər çarter reysləri qəbul etdiyimizi elan edəcəyik”.