“Azərbaycanda 2018-ci ilin dövlət büdcəsi yüksək artım tempi və icra səviyyəsi ilə xarakterizə olunur”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
O vurğulayıb ki, neftin qiymətində kəskin azalmalardan sonra devalvasiya dalğaları və iqtisadi artım templərində ciddi tərəddüdlər izlənildi.
Qeyd edib ki, bununla belə sonradan neftin qiymətinin artması 2018-ci ildə makroiqtisadi stabilliyin bərpası istiqamətində müsbət meyllər üçün münbit şərait formalaşdırıb.
“İqtisadiyyatda faktiki yaradılmış ümumi daxili məhsulun nominal həcmi 79.8 milyard manat olub, real ifadədə artım 1.4% təşkil edib.
İqtisadi artımın təqribən 81%-i qeyri-neft sektoru hesabına təmin olunub. 2018-ci ilin dövlət büdcəsi milli valyutanın stabil kursu çərçivəsində icra olunub. Əsas ticarət tərəfdaşı olan ölkələrdə 2018-ci ildə devalvasiyaların qeydə alınması müqabilində manatın stabil qalıb”.