Bu gün bütün dünya Ümumdünya Uşaqlar Gününü qeyd edir. Bu gündə böyüklər də uşaqlığını xatırlayır. Kimisi xoş xatirələrlə, kimisi də ağrı-acı ilə.
Ağrı-acı ilə xatırlayanlar əsasən Qarabağ müharibəsi zamanında, uşaq vaxtlarında doğma el-obasını tərk edənlərdir.
Onlar böyüsələr də, içlərindəki uşaqlıq travması hələ də canlarından çıxmayıb.
Avtosfer.az saytının rəhbəri jurnalist Elməddin Muradlı Modern.az saytına Zəngilanda keçirdiyi uşaqlıq xatirələrindən danışıb.
O deyib ki, həyatın gözəlliklərini dərk edən bir vaxtda, artıq 11 yaşı var idi.
“Amma biz güllə səsləri,top gurultusu, işğal xəbərləri eşidirdik. Mənim uşaqlığım müharibənin ən qızğın dövrünə təsadüf etdi. Əlbəttə ki, insanın psixologiyasına, şüuruna mənfi izlər qoydu.
O vaxtlar həmçinin iqtisadi çətinliklər, sosial problemlər də özünü göstərirdi. Məktəbi bir dəst paltarla iki ilə başa vururduq , çünki yenisini almaq olmurdu.

Bakıya gələrək məcburi köçkün həyatı yaşadıq. Bir müddət qohumların evində, sonra da neftçilərin qaldığı otaqda yaşadıq. Əlbəttə ki, burada, ağcanaqanadların içərisində yaşamaq çətin idi. Nəhayət uzun müddət keçəndən sonra özümüzə bir otaqlı ev tikdik,ancaq 4 il müddətinə döşəməsini vura bildik.
Çıraq işığına dərs oxuyurdum, bununla yanaşı ailəyə kömək etmək üçün küçə ticarətindən tutmuş hər işi görürdüm. 13-14 yaşımdan çörək almaq üçün gecə saat 3-də evdən çıxırdım. Səhər saat 6-7 arasına kimi növbədə dururdum ki, evə çörəksiz qayıtmayım.B unu özümə borc bilirdim.
Mənə elə gəlir ki, tək mən yox məcburi köçkün həyatı yaşamış hər kəs bu çətinliklərlə qarşılaşıb.
O dövrün uşaqları müharibə vəziyyətində ,çətinliklə qarşı-qarşıya , heç bir elektron vasitələrdən istifadə etməyərək yaşayırdı.
İndiki uşaqlara baxıram lap kiçik yaşlarından əllərində telefon, güllə səsi nədir eşitməyiblər,çox gözəl şəraitdə yaşayırlar. Mən heç istəmərəm ki, bir daha o günlər gəlsin və uşaqlarımız o anları yaşasın”.
Jurnalist Xalid Vahidoğlu Kəlbəcərdə keçirdiyi günləri yada salıb.
“Müharibənin qızğın çağları idi. Xatırlayıram, 1991-1992 ci illərdə biz Şəmistan Əlizamanlının səsinin sədaları altında böyüyürdük. O zaman Kəlbəcərdə işıq olmadığından televiziyaya da baxmaq olmurdu. Ancaq maşında radioya qulaq asırdıq. Bütün məlumatları da radio vasitəsilə əldə edirdik.
Həmin dövrlərdə kəndimizin girişində bir post vardı, bunu rəhbərliyin özü qurmuşdu. Orada kəndə daxil olan avtomobillərin qeydlərini aparar, kimlərin kəndə-girib çıxdığına nəzarət edilirdi. Kənd camaatı növbə ilə o postda keçik çəkirdi. Bəzən biz uşaqlar gündüzlər orada növbədə durur və bunu özümüzə qurur sayırdıq.

Torpağımızı qorumağı, qələbəni gözlədiyimiz bir vaxtda Kəlbəcərin də işğal edildiyini gördük. Məcburi köçkün kimi 1993-cü ildə Kəlbəcəri tərk etdik.
14 yaşıma qədər baxacağım, hansı üz quruluşuna malik olduğumu görəcəyim və xatırlayacağım elə bir şəkillərim də yoxdur. Təbii ki, bunları danışmaq , müharibənin dəhşətlərini görmək mənim üçün ağır gəlir. Bizim yaşda olan məcburi köçkünlər uşaqlığı olmayan bir təbəqəyik.
Ancaq bizdən sonra böyüyən uşaqlarından fərqimiz onda oldu ki, biz Kəlbəcəri və onun timsalında Qarabağı gördük, havasını udduq, suyundan içdik. Ən azından 5-6 il Kəlbəcərdə qayğısız uşaqlıq illəri yaşadıq. O xatirələr isə bizi Kəlbəcərə, doğma Başlıbelimizə əbədi bağladı”.
Jalə MEHDİYEVA