“Gürcüstan tərəfinin qondarma rejimi tanımama məsələsində mövqeyi dəyişməzdir”.
Bunu Modern.az-a açıqlamasında Gürcüstan parlamentinin azərbaycanlı deputatı Mahir Dərziyev bildirib.
O qeyd edib ki, qondarma “Dağlıq Qarabağ Respublikasında” müxtəlif formatlarda tədbirlər, “seçkilər” həyata keçirirlər.
“Bunları ciddiyə almaq, onlara reaksiya vermək doğru deyil. Çünki əks halda onları tanımaq kimi olardı. Abxaziyanın və Osetiyanın “dövlət başçılarının” Yerevan parlamentində qəbul olunması faktları da məlumdur. Belə ki, onlar bir neçə il bundan qabaq Yerevanda Ermənistanın parlament sədri tərəfindən qəbul edilib. Eyni zamanda, Abxaziyada yaşayan ermənilərin Abxaziya pasportları ilə Yerevana səfər etməsi barədə də məlumatlar var. Hesab edirəm ki, konkret olaraq Ermənistandan söhbət gedirsə, bütün bunlarla bağlı Gürcüstan hökuməti müəyyən addımlar atmalıdır”
Onun sözlərinə görə, tanınmama siyasətinin həyata keçirilməsi Gürcüstan hökumətinin xarici siyasətinin prioritetlərindən biridir.
“Əgər Qarabağda tədbirlər baş tutursa, Gürcüstan dövləti bununla bağlı bəyanat verməlidir. Bunu da etdilər. Çünki Ermənistan hakimiyyəti sözdə Dağlıq Qarabağı tanımır. Həm Gürcüstan, həm də Azərbaycan beynəlxalq dövlətlər tərəfindən tanınmış torpaqları çərçivəsində bir-birinin sərhədlərini tanıyır. Hər iki dövlət qarşılıqlı olaraq öz ərazilərində işğal olunmuş ərazilərdəki qondarma dövlətləri tanımır. Belə bir şəraitdə ən uğurlu yol orada keçirilən tədbirləri tanımamaqdır”.
Məlumat üçün bildirək ki, iyunun 1-də işğal altında olan Xankəndi şəhərində separatçı ermənilər tərəfindən təşkil olunan "beynəlxalq futbol turniri”nin açılışı olub. "Avropa Kuboku -2019" adlanan bu “turnir” separatçı rejimləri, həmçinin tanınmayan ya da qismən tanınan ölkələri bir arada birləşdirən Müstəqil Futbol Assosiasiyaları Konfederasiyası (ConİFA) tərəfindən keçirilir.
Separatçı rejimdə Abxaziya və Tsxinvali bölgələrindən gələn futbol komandalarının iştirak etdiyi qondarma Avropa futbol çempionatı keçirilir. Həmin tədbirin təşəbbüskarı və təşkilatçısı CONİFA, yəni tanınmamış bölgələrin futbol assosiasiyaları Konfederasiyasıdır.
Məsələ ilə bağlı Gürcüstanın Xarici İşlər Nazirliyi də rəsmi bəyanat verib. Bəyanatda tanınmamış bölgələrdən futbol komandalarından ibarət olan CONİFA və ona bənzər təşkilatların FİFA və UEFA tərəfindən tanınmadığı bildirilib.