Modern.az

Vəzifə və mükafat

Vəzifə və mükafat

Aktual

21 İyun 2019, 13:29

Nadir Qocabəyli

Baxıram, bəzi saytlar, jurnalistlər, savadlı adamlar vəzifəyə "mükafat" deyirlər. "Prezident filankəsi 8 ildən sonra mükafatlandırdı."

Qardaş, Prezident o adamın boynuna çox böyük yük qoyub və bu adam da gecə-gündüz çalışmalıdır ki, o yükü daşıya bilsin, yerə salmasın. Bunun nəyi mükafatdır?

İkincisi, vəzifəyə mükafat demək, mükafat kimi baxmaq, yumşaq desəm, yaxşı çıxmır. Ayıb olur. Şəxsən mən utanaram belə deməyə. Məsələn, mənə vəzifə təkilif olunsa, onu dərhal qəbul edə bilmərəm. Deyərəm ki, icazə verin düşünüm, götür-qoy edim, görüm öhdəsindən gələ bilərəm, ya yox. Normal halda məhz belə də olmalıdır.

Amma mükafat verilsə, düşünmədən qəbul edər, təşəkkürümü bildirərəm. Çünki heç bir məsuliyyəti yoxdur. Ev verəcəklər, girib içində yaşayacağam, maşın verəcəklər alıb sürəcəyəm, pul verəcəklər alıb dərd-sərimə xərcləyəcəyəm.

Vəzifə isə mükafat deyil. Ağır yükdür. Apara bilməyəndə, adam hətta büdrəyib yıxıla da bilər və bəzən elə yıxılar ki, bir daha ayağa qalxa bilməz. Belə hallar çox olub...

Vəzifəyə mükafat kimi baxmaq, onu mükafat kimi görmək, ondan birmənalı olaraq öz şəxsi mənafeyin üçün istifadə etmək niyyətindən xəbər verir. Mətbuatın bunu bu cür təqdim etməsi isə onun hansı əxlaqi-mənəvi göstəricilərə malik olduğunu ortaya qoyur.

Deyərdim ki, bu hətta vəzifəyə təyin olunan şəxsin təhqir olunmasıdır....

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı