Milli Məclisin deputatı Çingiz Qənizadə 80 saylı İmişli- Beyləqan seçki dairəsinə daxil olan İmişli rayonunun Məmmədli-Əliyetməzli kəndinin sakinləri ilə görüş keçirib.
Modern.az xəbər verir ki, deputat seçicilərlə görüşərək onların problemlərini dinləyib.
Sakinlər deputatla görüş zamanı bir sıra problemləri dilə gətiriblər. Kənddə kombayn çatışmazlığı, kənd yollarının bərbad olması, eyni zamanda kəndin qazlaşdırılması məsələsində yaranan problemlərlə bağlı şikayət ediblər.
Həmçinin sakinlər yaxın bir neçə kənddə, o cümlədən Allahmədətli və Əliyetməzlidə qaz olmadığını bildiriblər. Bununla bağlı deputatdan aidiyyatı qurumlara müraciət etməsini xahiş ediblər. Çingiz Qənizadə əlavə olaraq qeyd edib ki, bir neçə dəfə qaldırılan məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə müraciət edib. Deputat şikayətlərin haqlı olduğunu da deyib.
Həmçinin sakinlər tərəfindən kənd yollarının hamarlanması üçün qreyder kombaybnlarına ehtiyac olduğu da vurğulanıb. Bildirilib ki, magistraldan kəndə gələn yol çox uzun və bərbaddır. Əvvəllər mövcud olan yol xəttinin bərpa olunaraq kənddən magistrala çıxarılması da xahiş olunub. Deputat qaldırılan məsələlərlə bağlı rayon rəhbərliyinə və aidiyyatı qurumlara müraciət edəcəyini bildirib.
Daha sonra Çingiz Qənizadə son vaxtlar cənab prezident İlham Əliyevin imzaladığı sərəncamların əhəmiyyətindən danışıb. Son günlərdəki sosial yönümlü addımların insanlar üçün zəruriliyini qeyd edib.
Parlamentari görülən işlərin davamlı xarakter daşıdığını da vurğulayıb. Həmçinin Çingiz Qənizadə çıxışı zamanı seçicilərə Azərbaycana xarici dövlətlərin, beynəlxalq təşkilatların münasibəti, möhtərəm prezidentiminizn apardığı uğurlu daxili və xarici siyasəti, bu siyasəti görmək istəməyən qüvvələr və Azərbaycanın bütün sahələrdə qüdrətli dövlətə çevrilməsi, eləcə də parlament fəaliyyəti barədə ətraflı məlumat verib.
Parlament üzvü, sonda vətəndaşlarla fərdi qaydada görüşərək ərizələrini qəbul edib. Hər bir ərizənin araşdırılacağına və maksimum kömək ediləcəyinə söz verib.