Azərbaycan qadın güləşçisi Mariya Stadnik "Minsk 2019" II Avropa Oyunlarının qalibi olub.
Modern.az xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan olimpiya mükafatçısı final görüşündə Ukraynalı Oksana Livaçla üz-üzə gəlib. Qarşılaşmadan qələbə ilə ayrılan (7:1) Azərbaycan təmsilçsi qızıl medala sahib olub.
Azərbaycan yığmasının lideri, dünya və yeddiqat Avropa çempionu Mariya Stadnik yarışa 1/4 finaldan başlayıb, polşalı Anna Lukasyak (10:0) və türkiyəli Evin Demirhanla (6:1) qarşılaşmalarda ciddi çətinlik çəkməyən güləşçimiz ardıcıl 3-cü qələbəsini qazanıb.
Bu, Azərbaycan yığmasının "Minsk-2019"da qazandığı 18-ci medal olub. Yığmamızın hesabında 3 qızıl, 5 gümüş və 10 bürünc mükafat var. Qeyd edək ki, bu, Azərbaycan idmançılarının II Avropa Oyunlarındakı üçüncü qızıl medalı olub. Daha öncə sərbəst güləşçilər - Mahir Əmiraslanov (57 kq) və Hacı Əliyev (65 kq) qızıl medal əldə edə bilib.
Bu göstərici ilə Azərbaycan yarışlarda iştirak edən 50 ölkə arasında 10-cu pilləyə yüksəlib.