Modern.az

Azərbaycan mediasında dini dəyərlər necə təbliğ olunur?!

Azərbaycan mediasında dini dəyərlər necə təbliğ olunur?!

Aktual

14 İyul 2019, 09:54

Bu gün ən həssas məsələlərdən biri dinin mediadakı münasibətləri ilə bağlıdır. Çünki zaman-zaman bəzi dairələr tərəfindən insanlar arasında  dinin  yanlış  təbliğatı aparılıb. Bu da insanlar arasında dinlər barədə yanlış anlaşılmaya səbəb olub.

Ancaq bu məsələdə din və medianın bir araya gəlməsi çox böyük önəm kəsb edir. Ona görə ki, milli-mənəvi və dini dəyərlərimizin təbliğ edilməsində, dinin düzgün formada ictimaiyyətə çatdırılmasında media təmsilçilərinin üzərinə böyük vəzifə düşür.

 

Dinin təbliğində dövlətin rolu...

 

Dindən söz düşmüşkən, dövlət başçısı İlham Əliyevin dini irsin qorunub saxlanmasına xüsusi həssaslıqla yanaşdığını qeyd etmək lazımdır. Hələ ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Düz 18 ildir ki, bu komitə ölkədə dinin yanlış formada təbliğ edilməsinə qarşı mübarizə apararaq dini məsələlərin tənzimlənməsində mühüm rol oynayır. Eləcə də, prezident İlham Əliyev Azərbaycanda 2016-cı ili “Multikulturalizm ili”, 2017-ci ili isə “İslam Həmrəyliyi ili” elan edib. Bu sərəncamların dövlət başçısı tərəfindən imzalanması onu göstərir ki, Azərbaycanda milli-mənəvi və  dini dəyərlərin təbliğ edilməsinin xüsusi əhəmiyyəti var.

Son illərdə Mətbuat Şurası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi ilə birgə media və din mövzusunda müxtəlif səpkidə seminarlar, görüşlər keçirirlər.

Təbii, bu formada bir araya gəlməyin  müsbət tərəfləri var. Jurnalistlər  mediada dini məlumatları yerləşdirərkən nəyin zərərli, nəyin faydalı olacağı ilə artıq tanış olmuş olurlar.

 

 “Artıq dini məscidlərdən çıxara bilirik”

 

İlahiyyatçı Hacı Atif İsmayılovun sözlərinə görə, əvvəllər dini yazıları yazarkən jurnalistlər bir çox  hallarda şou xarakterli təqdim etməyə çalışırdılar.

“Yaxşı olardı ki, cəmiyyəti düşündürən məqamları ortaya atsınlar. Din məsələsi çox həssas mövzudur. Həm də asan mövzu deyil. Dini mövzuları oxuculara, tamaşaçılara təqdim edərkən çox yaxşı olardı ki, bu sahə üzrə savadlı mütəxəssislərə yer verilsin.

Medianın dinin təbliğ edilməsinə qoşulması o deməkdir ki, artıq dini məscidlərdən çıxarıb ictimailəşdiririk. Bu da çox yaxşı haldır.  Bir məqama diqqət etmək lazımdır ki, reallıq olduğu kimi təqdim olunsun. Statistikaya nəzər salsaq görərik ki, on milyon əhalimizin heç bir milyonu dindar kütlə deyil. Təqribi olaraq dindar kütləni nəzərə alıb sözümüzü demirik. Biz həm də ictimai kütləni nəzərə alırıq. Çünki din ictimai kütlə üçündür. Bu məsələdə media və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi dini mövzuların təbliğini uyğunlaşdıra, onu düzgün şəkildə ictimaiyyətə təqdim edə bilsə çox yaxşı nəticələr əldə edə bilərik. Hesab edirəm ki, son illərdə din və medianın birgə fəaliyyəti dini biliklərin insanlara daha düzgün ötürülməsinə şərait yaradıb. Halbuki, bir vaxtlar efirlərdə aktyorlar molla obrazını çox pis formada təqdim edirdilər. Yadımdadır, hamımızın yaxşı tanıdığı Rafael və Coşğun 5 il bundan qabaq molla obrazında bir tamaşa hazırlamışdılar. Həmin tamaşada molla obrazını  mənfi formada canlandırmışdılar. Hətta o tamaşadan sonra cəmiyyətdə mollalara qarşı mənfi yanaşma vardı. Həmin vaxt bu məsələyə etirazımı da bildirdim. Dedim ki, “yaxşı mollanı yaxşı obrazda göstərsəz, cəmiyyətdə mollalara qarşı yanlış münasibət aradan qalxar”. Düzdü, cəmiyyətdə mənfi obrazda olan mollalar da olub. Ancaq bu mənfi tərəf fərd olaraqdır, cəmiyyət üçün deyil. Fərdi olaraq hansısa molla yanlış yolda olar bilər, amma onun cəmiyyətə bu formada təqdim edilməsi doğru deyil. Hesab edirəm ki, mediada bu məsələləri nəzərə almaq daha məqsədəuyğundur”.

 

“Media ekspert və ilahiyyatçıları seçərkən diqqətli olmalıdır”

 

“Yeni Müsavat” qəzetinin əməkdaşı, dini ekspert Kənan Rövşənoğlu isə din sahəsində ixtisaslaşmanın vacibliyini xüsusi vurğulayıb: 

"Bu sahədən yazan jurnalistin həm dini bilikləri, dinlərlə tanışlığı olmalıdır, həm də mövcud dini şəraiti, şərtləri bilməlidir. Təbii ki, dini mövzudan yazan jurnalistin ilahiyyatçı olmasına gərək yoxdur. Elementar bilikləri olsa, yetərlidir. Çünki din həssas mövzudur, son illərin təcrübəsi də göstərdi ki, dünyada buna görə böyük qarmaqarışıqlıqlar, etirazlar baş verib. Bu səbəbdən dini mövzunu ən azı elementar bilgisi olanların yazması daha yaxşıdır. Digər tərəfdən ekspert və ilahiyyatçıları da seçərkən diqqət etmək lazımdır. Marginal, qeyri-leqal dini icmaların təmsilçilərinə mətbuatda yer vermək olmaz. Çünki bu zaman dini dözümsüzlük və qarşıdurma yarana bilər. Əlbəttə, söhbət dini məsələlərdən gedir. Amma ümumi məsələlərdə, məsələn, hansısa icmanın şikayəti və ya narazılığına mətbuat həssaslıqla yanaşmalıdır. Çünki cəmiyyətin bu sahədə yaşananlara diqqət göstərməsi lazımdır”.

Dini ekspertin sözlərinə görə, jurnalistika elə sahədir ki, burada dini təriqətlərin təsirində olan radikal dindarlar üstünlük təşkil edə bilməz:

"Azərbaycan mətbuatının ənənələri var. Həsən bəy Zərdabi, Mirzə Cəlil, Üzeyir bəy Hacıbəyli və digər maarifçi ziyalıların əsasını qoyduğu milli mətbuatımız daim xurafata, cəhalətə qarşı olub”. 

 

“Dini yazılar maarifləndirmə mahiyyəti daşımalıdır”

 

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov bildirib ki,  ümumən götürdükdə əvvəlki illərlə müqayisədə dinin mediada işıqlandırılması məsələsində xeyli irəliləyiş var.

“Bu irəliləyişin səbəblərindən biri də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan İlahiyyat İnstitutunun, Mənəvi Dəyərlərin Təbliği Fondunun və digər qurumların həyata keçirdiyi maarifləndirmə tədbirlərinin nəticəsində baş verib. Hesab edirəm ki, mediada yazılan yazılar daha çox maarifləndirmə mahiyyəti daşımalıdır. Çünki bu gün Azərbaycan cəmiyyətində insanların dinlər barədə geniş məlumatlandırılmasına böyük ehtiyac var. Zaman-zaman problemlər, anlaşılmazlıqlar, bilgisizlikdən irəli gəlib. Dinin mediada təbliğinə gəlincə, bu, hər hansı təəssübkeşliyə, yanlış biliklərə yol verilmədən aparılmalıdır. Media nümayəndələrinə tövsiyə edərdim ki, mütləq dinlə bağlı yazılar yazanda mütəxəssislərlə məsləhətləşsinlər. Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, Azərbaycan İlahiyyat İnsitututunda savadlı mütəxəssislərimiz var. Çünki din məsələsi həssas məsələdir. Zaman-zaman mediada karikatura gedir və bu da problemlər yaradır. O baxımdan mütləq mütəxəssislərin yanaşması nəzərə alınmalıdır. Əgər dövlət və din münasibətlərindən söhbət gedirsə, bunun üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi var. Əgər söhbət ilahiyyatla bağlıdırsa, peşəkar ilahiyyatçılarımız var. Bu maarifləndirmə bu gün sağlam formada aparılmasa idi, gələcəkdə çox böyük problemlər yaşaya bilərdik”

 

“Gənc nəsil dinləri daha yaxından tanımalıdır”

 

Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli qeyd edib ki,  dini mövzuda material, reportajlar hazırlamaq həssaslıq tələb edir.

“Bu məsələ o qədər həssasdır ki, “Kütləvi İnformasiya Vasitələri haqqında” qanunvericilikdə və Azərbaycan jurnalistlərinin peşə davranış qaydalarında öz əksini tapıb. Məsələ ondadır ki, Azərbaycan jurnalistlərinin peşə davranış qaydalarının 3-cü prinsipində açıq şəkildə göstərilir ki, jurnalist material hazırlayarkən insanların dini, milli mənsubiyyəti, sosial vəziyyəti ilə bağlı məsələləri qabartmamalı, bununla bağlı problem yaradacaq materillar hazırlamamalıdır. İnsanların milli mənsubiyyəti ilə yanaşı, onların dini inancları barədə material hazırlayarkən hər bir jurnalistdən həssas yanaşma tələb olunur. Bu məsələ təkcə Azərbaycan jurnalistlərinin peşə davranış qaydalarında deyil, həm də jurnalistlərin etik kodeksinə aid sənədlərdə də öz əksini tapıb.

Azərbaycan jurnalistləri cəmiyyətin bir hissəsi olaraq dinlə bağlı müəyyən mövqe sərgiləmək məcburiyyətində qalırlar. Bir xalq olaraq bizim də dini inanclarımız var və o dini inancları qorumaq, müdafiə etmək məcburiyyətindəyik. Ancaq jurnalist olaraq din tərəfindən hər hansı savaş apara bilmərik. Bizim işimiz o deyil. Baş vermiş hadisələr barədə informasiyalar, reportajlar  hazırlayırıq. Bu zaman dində neqativ və müsbət məqamlar da qabardılmalıdır ki, gənc nəsil dinləri daha yaxından tanısın. Əvvəllər Azərbaycan mediasında dinin neqativ məqamları daha çox qabardılırdı. İndi isə müsbət məqamlara da yer ayrılır. Ancaq müsbət məqamlar o qədər də çox təqdim olunmur. Hesab edirəm ki, bu məsələdə mediamız artıq irəli addım atmağa çalışır”.

 

“Xarici mediada islamafobiya meylləri özünü göstərməkdədir”

 

Sədr müavini, dünya ölkələrinin mediasında təbliğ edilən dini mövzular barədə də söz açıb.

“Məsələn, dini məsələlər Beynəlxalq Jurnalistlər Federasiyası tərəfindən hazırlanmış jurnalistlərin ifadə azadlığı bəyannaməsində də öz əksini tapıb. Orada  göstərilib ki, jurnalist material hazırlayarkən insanların dini inanclarına, milli mənsubiyyətlərinə hörmətlə yanaşmalı, bu sahədə problem yaradacaq materiallar hazırlamamalıdır. Müxtəlif ölkələrdən nümunə gətirə bilərəm. Məsələn, Britaniya Milli Jurnalistlər Birliyində də bu məsələlərə xüsusi diqqət edilir. Eyni zamanda, Kütləvi İnformasiya Vasitələri haqqında qanunun 10-cu maddəsində də jurnalistikadan  sui-istifadənin qarşısının alınmasında göstərilir ki, jurnalist, yəni xəbər istehsalçısı insanların dini inancına hörmətlə yanaşmalı və problem yaradacaq məqamlara yol verməməlidir. İkinci məqam odur ki, din siyasətdən və dövlətdən ayrıdır. Bu prinsip bütün demokratik dövlətlərin konstitutsiyalarında öz əksini tapıb. Bütün demokratik ölkələrdə vicdan azadlığı prinsipi də öz əksini tapır ki, ora həm də insanların dini inancları daxildir. Müasir dövrümüzdə bu sahədə ciddi problemlər ortaya çıxmaqdadır. Bu problemlər həm də dünyanın bir çox, məsələn Avropa ölkələrində ortaya çıxır. Dünyada KİV-rə diqqət etsək, görərik ki, onların  hazırladıqları materiallarda islamafobiya meylləri çox açıq şəkildə keçir. Çox zaman insanların dini inanclarına, məsələn,  islam dininə inancı olan insanların aşağılanması, İslam dininin terrorizmlə eyniləşdirilməsi halları müşahidə olunmaqdadır. Qərb mediasının, dünyanın demokratik ölkələrinin bu cür yanaşması ziyanvericidir. O baxımdan ki, onlar özləri prinsip qəbul edərək bu cür halları etik kodenskərə daxil edərək insanların dini inanclarına həssas yanaşmağı tövsiyə edirlər. Ancaq bu gün o prinsipləri pozurlar və bu cür halların mediada geniş yayılmasına rəvac verirlər.  İslam dini haqqında əks təbliğat aparırlar. Bu təbliğat yalan və qərəzlidir.  Bir məqamı da qeyd edim. Bəzi ölkələrdə dindən siyasi məqsədlər üçün istifadə olunur. Bu bizim qonşu ölkələrdə də özünü  çox açıq şəkildə göstərir. Əslində dindən siyasi məqsədlər üçün istifadə etmək  ziyanlı meyldir. Beləliklə, jurnalistlərin özlərindən asılı olmayaraq bu məsələlərə müxtəlif ideoloji mərkəzlərin təsiri altında baxması ortaya çıxır. Əgər bir ölkənin KİV-i qaydaları pozub dinlər haqqında yanlış məlumat verirsə, biz də ona əks reaksiya veririk. Yaxud da hər hansı bir ölkə, bu tez-tez müşahidə olunur, dindən öz siyasi məqsədləri  üçün istifadə edir və Azərbaycanda dini inanclara qarşı hansısa basqı olduğunu qeyd edir. Biz də yalan məlumatlara görə onlara cavab verməyə məcbur oluruq. Beləcə, din məsələsi istəsək də, istəməsək də medianın gündəminə gəlir”.

 

Yazı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Mətbuat Şurasının 22 iyul Milli Mətbuat Günü münasibətilə “Din və media” mövzusunda keçirdiyi birgə müsabiqəsinə təqdim olunur

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı