Lerik rayonun Pirəsora və Conu kənd həkim məntəqələri üçün yeni binaların istifadəyə verilməsi ilə əlaqədar Pirəsora kəndində açılış mərasimi keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori, Səfirliyin birinci katibi, İqtisadi əməkdaşlıq şöbəsinin rəhbəri Shinichi Honda, Səfirliyin layihələr üzrə eksperti Gülşən Ağayeva, “Gənclərin Sosial Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri Anar Aslanov, tibb işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
“Gənclərin Sosial Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri Anar Aslanov açılış nitqi ilə çıxış edərək, Pirəsora və Conu kəndlərində həkim məntəqələri üçün yeni binaların tikintisi haqqında məlumat verib.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək bildirib ki, Yaponiya Hökumətinin “Ot Kökləri İnsan Təhlükəsizliyi Layihələri üzrə Qrant Yardımı” proqramı çərçivəsində Azərbaycan Respublikasında, o cümlədən Lerik rayonunda bir sıra layihələr həyata keçirilib, sosial obyektlər tikilib istfadəyə verilib. Əvvəlki illərdə Lerik şəhər 3 saylı tam orta məktəbinin tədris korpusu, Şingədulan kənd həkim məntəqəsi üçün bina inşa edilib, Lerik Rayon Mərkəzi Xəstəxanasının uşaq xəstəlikləri şöbəsinin binası əsaslı təmirdən sonra istifadəyə verilib. Proqram çərçivəsində bu il fevralın 19-da Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirinin Lerik rayonuna səfəri zamanı səfirlə “Lerik rayonunun Pirəsora və Conu kəndlərində həkim məntəqələrinin tikintisi” layihəsini həyata keçirən “Gənclərin Sosial Problemlərin Həllinə Kömək” İctimai Birliyinin sədri arasında qrant müqaviləsi imzalanıb. Rayon icra hakimiyyətinin başçısı ümidvar olduğunu bildirib ki, bu layihə tibb müəssisələri tərəfindən əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yüksəldilməsinə imkan verəcək. Ölkəmizdə əhaliyə tibbi xidmətin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət tərəfindən böyük işlər həyata keçirildiyini diqqətə çatdıran rayon icra hakimiyyətinin başçısı bu işlərdə, eləcə də digər sosial layihələrin həyata keçirilməsində yaxından iştirak edən Yaponiya Səfirliyinə minnətdarlığını bildirib, açılış münasibətilə təbriklərini çatdırıb.
Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev çıxış edərək bildirib ki, Pirəsora və Conu kənd həkim məntəqələri üçün yeni binaların istifadəyə verilməsi rayon səhiyyəsinin inkişafına çox böyük bir töhfədir. Bu cür layihələr mütəmadi olaraq həyata keçirilir və sosial xarakter daşıyır. Yeni binalarda tibbi xidmət üçün hər cür şərait yaradılıb. Həmin tibb müəssisələrinin işçiləri də üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək və əhaliyə yüksək keyfiyyətli tibbi xidmət göstərəcəklər.
Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori çıxış edərək bildirib ki, ötən müddət ərzində iki ölkə arasında səmərəli qarşılıqlı əməkdaşlıq həyata keçirilib, çox yüksək səviyyədə münasibətlər qurulub. Yaponiyanın Səfirliyi tərəfindən Yaponiyanın Rəsmi İnkişafa Yardım Proqramı (ODA) çərçivəsində güzəştli kreditlər, qrant yardımı layihələri, eləcə də texniki əməkdaşlıq həyata keçirilib. Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları çərçivəsində Səfirlik tərəfindən də Azərbaycanda bir sıra layihələr həyata keçirilib. Əsas diqqət iqtisadi infrastrukturun təkmilləşdirilməsi və insan resurslarının inkişafı ilə bağlı səylərə yönəldilib. Bundan əlavə, Yaponiya Hökuməti Azərbaycanda mədəniyyət və təhsil layihələrinin həyata keçirilməsinin dəstəkləmək məqsədilə “Mədəniyyət üzrə Ot Kökləri Layihələri üçün Qrant Yardımı” çərçivəsində bir çox faydalı layihələr həyata keçirib. Yaponiya Hökuməti Azərbaycanda yaşayan insanların ilkin ehtiyaclarını qarşılaya biləcək inkişaf layihələri üçün “Ot Kökləri İnsan Təhlükəsizliyi Layihələri üzrə Qrant Yardımı” (GGP) adlı sxem üçün maliyyə yardımı təklif edib. Sözügedən layihələr yoxulluğun aradan qaldırılması, sosial müdafiə, infrastruktur, ictimai səhiyyə və gəlirin artırılması sahələrində həyata keçirilib. Qarşılıqlı əməkdaşlıq çərçivəsində Yaponiya Hökuməti Azərbaycan Respublikasında sosial-iqtisadi, eləcə də mədəniyyət və təhsil layihələrinin həyata keçirilməsində bundan sonra da yaxından iştirak edəcək.
Daha sonra Pirəsora və Conu kənd həkim məntəqələri üçün yeni binaların açılışı olub və tədbir iştirakçıları binalarda yaradılan şəraitlə tanış olublar.