İki həftə olacaq ki, dərslər başlayıb, ancaq valideynlərin narazılıqları bir məktəbə sığmır.
Bu dəfə cavab axtardığımız məsələ dərsliklərlə bağlıdır.
Belə ki, 11-ci sinifdə oxuyan və repetitor yanına gedən şagirdlər və onların valideynləri çətin dilemma qarşısında qalmalı olublar.
Bəlkə də bəziləri fərqində deyil, amma abituriyent valideynləri bilməmiş olmazlar. Bəzi nəşriyyatlar, məsələn "Güvən" nəçriyyatı abituriyentlər üçün dərs vəsaitlərini cüzi dəyişiklik etməklə yenidən buraxır. Müəllimlər də hazırlığa gedən uşaqları məcbur edir ki, yeni kitab alın. Kitabların qiymətini isə ildən-ilə qaldırırlar.
Məsələn, ötən illə müqayisədə 11-ci siniflər üçün nəzərdə tutulan cəbr və həndəsə dərs vəsaitlərinin həm qiyməti yüksəkdir, həm də şagirdlərə ayrı-ayrılıqda təqdim olunur. Əgər keçən il cəbr və həndəsə vəsaitləri bütöv dərslik halında 15 manata satılırdısa, bu il dəyişiklik edilib. Ayrı-ayrılıqda satılan cəbr və həndəsə dərs vəsaitlərinin qiyməti 9 manat 50 qəpikdir.
Dərs vəsaitini ötən illə müqayisə edib nəzərdən keçirən valideynlər o qədər də fərqin olmadığı qənaətindədirlər. Üstəlik, repetitorlar da yeni dərs vəsaitlərinin istifadəsini zəruri hesab edirlər.
O zaman sual olunur. Əgər dərs vəsaitlərində cüzi dəyişiklik edilirsə, bunun üçün mütləq yenisi nəşr edilməlidir?
Belə olan halda yenidən nəşrə nə ehtiyac var?
Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Modern.az-a açıqlamasında mövzuya bu cür aydınlıq gətirib:
“Yazıda qeyd olunan vəsaitlər Dövlət İmtahan Mərkəzinin nəşrlərinə aid deyil. Mərkəzin cəbr və həndəsəyə aid nəşrləri ayrıca kitabça şəklində çap edilmir. Bundan əlavə, ötən illə müqayisədə DİM-ə aid vəsaitlərin qiymətində hər hansı bir dəyişiklik edilməyib. Əksinə, bir neçə vəsaitin qiyməti daha da aşağı salınıb”.
Dərs vəsaitlərinin qiymətinin gəlincə, DİM rəsmisi bildirib ki, burada məcburi qayda tətbiq edilmir:
“Bu vəsaitlərin istifadəsi məcburi deyil. Hər kəsin istəyindən asılı olan məsələdir”.