“Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv olmaq qərarı verib. Özbəkistan Prezidenti oktyabrın 15-də Türk Şurasının Bakıda keçiriləcək VII Zirvə Görüşündə iştirak edəcək”.
Modern.az xəbər verir ki, bu barədə Türk Şurası Baş katibinin müavini Qismət Gözəlov məlumat verib.
Onun sözlərinə görə, ötən dövr ərzində Türk Şurası 14 fərqli sahədə fəaliyyət göstərib, nazirlər səviyyəsində 60 iclas keçirilib:
“Bundan əlavə, 28 konfrans, forum, peşə təhsili proqramı və gənclik düşərgələri təşkil edilib”.
Bu yaxınlarda iqtisadiyyat nazirlərinin iştirakı ilə türkdilli dövlətlərin biznes forumunun keçiriləcəyini də bildirən Baş katibin müavini türkdilli dövlətlərin Ticarət və Sənaye Palatasının yaradıldığını da qeyd edib:
"Özbəkistan, Türkmənistan və Macarıstanın da bu Palataya üzv olması gözlənilir. Eyni zamanda, birgə investisiya fondunun yaradılması istiqamətində işlər aparılır”.