Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov Təbrizə səfəri çərçivəsində İranın Ali Rəhbərinin Şərqi Azərbaycandakı nümayəndəsi və Təbrizin imam-cüməsi Seyid Məhəmmədəli Al-Haşemlə görüşüb.
Modern.az xəbər verir ki, Azərbaycanın İrandakı səfirliyindən APA-nın Tehran bürosuna verilən məlumata görə, görüş zamanı diplomat bildirib ki, iki ölkənin prezidentlərinin siyasi iradəsi nəticəsində qarşılıqlı əlaqələr özünün inkişaf mərhələsini yaşayır.
İkitərəfli əlaqələrin inkişafının sevindirici hal olduğunu vurğulayan B. Hüseynov deyib ki, İranla Azərbaycan arasında qarşılıqlı və faydalı layihələr həyata keçirilir, iki dost və qonşu ölkə arasında mədəni və humanitar əlaqələrin daha da inkişaf etdirilməsi zəruridir.
İran və Azərbaycan xalqlarının tarixi, mədəni və dini ortaqlıqlarına toxunan Seyid Məhəmmədəli Al-Haşem qeyd edib ki, iki ölkənin tarixən əlaqələri olub, bu gün dövlət rəsmiləri əlaqələri daha da genişləndirmək üçün siyasi iradə nümayiş etdirirlər. Seyid Məhəmmədəli Al-Haşem əməkdaşlıq əlaqələrinin və iki dövlət arasında münasibətlərin daha da inkişaf edəcəyinə ümidvar olduğunu vurğulayıb.
Görüşdə bildirilib ki, müsəlmanların vəhdəti düşmənləri məyus edir. Kərbəla şəhidlərinin yad edilməsi üçün məhərrəmlik ayında Azərbaycanın müxtəlif şəhərlərində mərasimlər keçirilib. Ali rəhbərin nümayəndəsi Azərbaycanda məhərrəm ayı mərasimlərinin keçirilməsini yüksək qiymətləndirib. Lakin məhərrəm ayında Bakıda mahnı müsabiqəsinin keçirilməsi ilə bağlı gileyi olduğunu bildirib.