“Azərbaycan Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında iştirakı ilə yanaşı, Rusiya Prezidenti Vladimir Putinlə görüşünün keçirilməsi, həm də iki ölkə və iki lider arasında münasibətlərin nə dərəcə yüksək səviyyədə olmasının təzahürüdür”.
Modern.az xəbər verir ki, bunu "Ölkə.az"a açıqlamasında millət vəkili Rüstəm Xəlilov deyib.
Onun sözlərinə görə, bu bir daha Azərbaycanın regionda lider dövlət olduğunun gösətricisidir:
“Siz təsəvvür edin, bu günlərdə İrəvanda Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin dövlət başçılarının Zirvə toplantısı keçirildi. Ermənistanın mövcud hakimiyyəti bu sammitə böyük ümid bəsləyirdi, ancaq gözləntilər özünü doğrultmadı. İrəvanda keçirilən sammitdə nə ciddi sənəd qəbul olundu, nə də ki, Paşinyanın Putinlə görüşü istənilən səviyyədə alınmadı. Putin Paşinyanla ən son anda protokol xatirinə görüşdü. İstər Rusiya, istərsə də Belarus liderlərinin İrəvanda sərgilədiyi münasibəti bir daha Avrasiya İqtisadi İttifaqına üzv olan ölkələrin Ermənistana dırnaqarası baxması kimi dəyərləndirmək olar.
Lakin bundan fərqli olaraq İrəvanda keçirilən sammitdən iki gün sonra Azərbaycan Prezidenti İlham Əliyev Soçidə RF prezidenti Vladimir Putin tərəfindən yüksək səviyyədə qəbul olundu. İki ölkə liderinin görüşündə çox ciddi məsələlər müzakirə olundu. Görüşdə iki ölkə arasında digər sahələrlə yanaşı, hərbi və hərbi-texniki sahədə əməkdaşlıq məsələlərinin geniş müzakirə edilməsi və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində razılığa gəlinməsi hər şeyi deyir. Moskvanın Azərbaycanla hərbi və hərbi-texniki sahədə əməkdaşlığı Ermənistana ciddi siqnaldır”.
Deputat hesab edir ki, bütün bunlar artıq İrəvanın heç bir müstəvidə Bakı ilə rəqabət apara bilmədyini göstərir:
“Hazırda Azərbaycan daha əlverişli mövqedədir. Bakının başlıca uğuru isə çoxvektorlu siyasətə üstünlük verməsidir. Azərbaycan İslam və türk dünyası, o cümlədən Rusiya ilə sıx əməkdaşlıq edir. Azərbaycan diplomatiyası Ermənistandan fərqli olaraq, yalnız bir ölkənin maraqlarına xidmətə yönəlməyib”.
Deputat onu da qeyd edib ki, bu gün dünyanın müxtəlif bölgələrində cərəyan edən proseslər dünyanın xaosa sürükləndiyini göstərir:
“Bu kontekstdə böyük geosiyasi güclərin terror qrupları yaratması, onları silahla təmin etməsi çox ciddi təhdid olaraq qalmaqdadır. Bu təhdid hər kəsi düşündürür. Azərbaycan Prezidenti İlham Əliyevin dünyanı düşündürən bu kimi problemləri araşdıran, məşhur “beyin mərkəzləri”ndən olan “Valday” Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilən plenar iclasına dəvət olunması, Bakının tutduğu yolun nə dərəcədə doğru, mövqeyinin nə dərəcədə sanballı olduğunu göstərir”.
Prezident İlham Əliyevin “Valday”da son vaxtlar Paşinyanın dilindən səslənən təxribatçı bəyanatlar və hərəkətlərə cavab olaraq verdiyi cavaba gəldikdə isə R.Xəlilov deyib ki, Azərbaycan Prezidenti sərt şəkildə “Qarabağ Azərbaycandır və nida işarəsi” deməklə Ermənistana ciddi bir mesaj ünvanlayıb. “Burada diqqət yetirilməli olan ən vacib amil isə Qarabağla bağlı səslənən iki bəyanatın məqsədi və səsləndirildiyi məkanla bağlıdır. Paşinyan “Qarabağ Ermənistandır. Nöqtə” bəyanatı daxili auditoriyaya hesablanmışdı. Yəni Azərbaycanın işğal olunmuş ərazilərinə səfər zamanı bu ifadələri işlədən Paşinyanın daha çox getdikcə azalan reytinqini qorumağa xidmət edirdisə, Azərbaycan Prezidentinin bəyanatının məqsədi və seçdiyi məkanın statusu isə tamam fərqlidir. Dövlət başçısı nüfuzlu siyasi səhnədən bir daha dünyanın diqqətinə çatdırdı ki, Azərbaycan heç vaxt Qarabağın, torpaqlarının işğalı ilə razılaşmayacaq. Bəyanatın səsləndiyi yer də məqsədlə tam mütənasiblik təşkil edir - nüfuzlu liderlərin fikir mübadiləsi apardığı, dünyanın gündəminin müzakirə olunduğu "Valday" Beynəlxalq Diskussiya Klubunun toplantısı. Prezident həm özünün, həm də ölkəsinin mövqeyini bir daha ortaya qoydu, mesajını hər kəsə açıq şəkildə çatdırdı ki, işğalla barışmayacağıq, torpaqlarımızı, Qarabağı azad edəcəyik”.