Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətləri arasında danışıqların ikinci günü başlayıb.
Modern.az xəbər verir ki, Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Umerov əvvəlcə üçtərəfli görüşün keçiriləcəyini bildirib. Daha sonra Ukrayna tərəfi avropalı tərəfdaşlarla ayrıca görüşəcək.
“RBK-Ukrayna”nın mənbələrinin məlumatına görə, noyabrın 11-də mümkün atəşkəs, energetika və Qara dənizdə təhlükəsizlik məsələlərinin müzakirəsi nəzərdə tutulur.
“Politico” isə ikinci gün əsas diqqətin ərazi məsələlərinə yönəldiləcəyini yazıb.
Danışıqların təxminən 4,5 saat davam edən ilk günündə gələcək təhlükəsizlik arxitekturası, Ukrayna və Avropa üçün təhlükəsizlik təminatları, həmçinin mümkün genişmiqyaslı əsir mübadiləsi müzakirə olunub.
Rusiya tərəfi ərazi məsələlərini də gündəmə gətirib. Ukrayna Prezidenti Volodimir Zelenski bu məsələlərin dövlət başçıları səviyyəsində həll edilməli olduğunu bildirib.
Üçtərəfli görüşdən əvvəl Ukrayna nümayəndə heyəti ortaq mövqeləri razılaşdırmaq üçün ABŞ, Avropa İttifaqı, NATO və Avropa ölkələrinin təmsilçiləri ilə məsləhətləşmələr aparıb.