Bilirdim, yaman çətin, yaman ağır olacaqdı bu müsahibə. Asan deyildi, zamanla üzəri qaysaq bağlayan yaralar qanayacaq, ağrılı günlər ürəyində baş qaldıracaqdı... Acılı-şirinli xatirələr, illərdir cidd-cəhdlə unutmağa çalışdığı o əzablı anlar yenə də həsrətlə ordan-burdan boylanacaq və bir daha yaşananları hiss edəcək, itkilərə yanacaq, ağrılara qovrulacaq, heyifsilənəcək, bəzi məqamlara "dur”, bəzi anlara "kaş ki” deyəcəkdi...
Elə telefonla danışanda bütün bunlar əyan olmuşdu bizə "həyat yoldaşınız Şirin Mirzəyevlə birgə çəkdirdiyiniz fotoları da gətirərsiniz” deyəndə arada yaranan o daş sükutdan, o soyuq səssizlikdən...
Nəhayət, aramla, kəsik-kəsik dillənmişdi: "Eh, o qədər ağrılı-acılı günlər yaşadıq ki, heç bilmirəm o fotolar necə oldu...”
Vəfalı, əzmkar, dağ vüqarlı qadın...

Səsindəki nisgili boğmusan, gözlərində yuva quran o həsrəti pərdələmiş, ürəyində qövr eyləyən acılara "sus” demisən. Kirpiyinin uclarında gilələnən yaş damlaları bağrının başını dağlayıb, amma dözmüsən, doğmaların əzab çəkməsinlər deyə, şəhid Milli Qəhrəmanımızın ruhu şad olsun deyə...
Dağ boyda ələmə çiyin vermisən, batmanla gələn dərdə sinə gərmisən, həyat mübarizəsinə atılmısan və illərin çətin sınaqları ilə mətanətlə mübarizə aparıb cəsarətlə addımlamısan...
Milli Məclisin deputatı, Milli Qəhrəmanımız, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin həyat yoldaşı, "Şöhrət” ordenli Flora QASIMOVADIR "Zəriflərin dünyası”nda... Ötənləri yada salır, əzmkarlıqla dolu keşməkeşli ömür yoluna boylanır, uşaqlığının o bəxtəvər, xoşbəxt günlərinə qayıdır xatirələr cığırıyla...
Fikirləri dolaşır, haçalanır, bəzən aydın xatirələrə, bəzən yaddaşda cığır salan hadisələrə, bəzən tamamlanmamış bir ifadəyə, bəzən qırıq cümlələrə, bəzən də sadəcə lal sükuta köklənir...
Ömrünün ən xoşbəxt Kərkicahanlı, Xankəndili anları, ayları, illəri...

Havadan yaz ətri duyulurdu, küləyin ilıq mehi ordan-burdan qar altından boy göstərən yaşıl otların üzünü sığallayır, baharın gəldiyini müjdələyirdi. Həyətlərdə qalanan Novruz tonqalları çırtaçırtla yanır, ətrafında sevinclə atılıb-düşən uşaqların əllərindəki gəvəni ocağa atması ilə daha da gur işıq saçırdı. Onların bu işığın qığılcımlarından şölələnən diləklərinin pərvazlanması üçün parlaq qanad taxırdı.
Kənarda dayanan balaca qızcığazın gözləri isə alov dilimlərinin az qala qarsacağı qoca qoz ağacının budaqlarından asılmış kəndir yelləncəkdə idi. O da bu yelləncəkdə oturub xəyallarının, arzularının arxasınca uçacaq, göylərdə süzəcək, ənginliklərə baş vuracaq, buludlarla yarışacaqdı...
Elə buna görəydi ki, uşaqlığının ən gözəl çağlarını, sevincli illərini, xoşbəxt anlarını Xankəndidə, Kərkicahanda yaşadığını deyirdi.
Bu torpaqda doğulmuş, havasıyla nəfəs almış, suyundan içmişdi. Bu torpaqdan yoğrulmuşdu, boy atmışdı, adət-ənənələri ilə böyümüşdü, elə-obaya bağlılığı, vətənə, xalqa sevgini, sədaqəti də burada öyrənmişdi.
Qonşuluqdakı qoca nənənin təndirdən yenicə çıxardığı ətri bütün kəndi bürüyən qıpqırmızı, qaynar çörəkləri əllərini yandıra-yandıra bölüb uşaqlara payladığını görürdü, paylaşmağı öyrənirdi...
Qız-gəlinin qış günündə paltarları soyuğu qılınc kimi kəsən bulaqlarda suya çəkdiyinə heyrətlə baxıb saflığı, təmizliyi, mətanəti, dözümü, iradəni öyrənirdi...
Zəhmətkeş, qayğıkeş müəllimlərindən bəhrələnib o da elm yolunda addımlamağı, uşaqlara ziya saçmağın müqəddəsliyini mənimsəyirdi...
Nənəsinin, anasının danışdığı məşum 1937-ci il repressiyasının ilim-ilim itirdiyi babasının həsrətiylə, 1905, 1918-ci illərdə ermənilərin xalqımıza yaşatdığı faciələrin, soyqırımlarının acılarını dinləyərək milli təəssübkeşlik ruhunda köklənirdi...
Yurdunun hər qarışına bələd, daşı, torpağı üçün canlarından keçməyə hazır igid oğlanlarımızdan, qızlarımızdan örnək götürüb vətən sevgisi hopurdu iliyinə, canına, qanına...
Şuşa məscidinin baş ruhanisi Hacı Axund Molla Şükürün xaraba qalan cənnət bağı

Hələ balacaydı, yadındadır, anası halva çalardı və onu da götürərək Şuşaya, Cıdır düzündə yerləşən babasının, Şuşa qalasındakı "Təzə Pir” məscidinin baş ruhanisi Hacı Axund Molla Şükürün məzarı başına aparar, ruhuna dualar oxuyar, qəbrinin ətrafını təmizləyərdilər. Və ona yaxınlıqdakı xarabaya çevrilmiş malikanənin uçuqlarını göstərərək deyirdi ki, vaxtilə bura onların bağı, evi olub....
O ev, o bağ ki, görkəmli yazıçımız İlyas Əfəndiyev "Hacı Axund Molla Şükürün cənnət bağı necə oldu?” adlı hekayəsində bəhs etmişdi: "Şuşa qalasının cənub tərəfindən Cıdır düzünə açılan böyük dəmir darvazanın ardında qollu-budaqlı uca bir qoz ağacı var idi. Bu qoz ağacından o tərəfə Hacı Axund Molla Şükürün geniş bağı başlayırdı. Bu bağda dünyanın ən gözəl qızılgülləri, sənubərləri, Xan qızı Natəvanın tərənnüm etdiyi qərənfillər, uca alma, armud, gilas ağacları bitmişdi. Yazda əvvəl qızılgüllər, yasəmənlər, qərənfillər açırdı. Sonra alma, armud, gilənar ağacları çiçəkləyirdi. Bu ağacların hər birinin meyvəsinə görə çiçəkləri də bir cür ətir saçır, bir cür rəngə çalırdı. Alçanın çiçəkləri dümağ, heyvanın çiçəkləri çəhrayıya çalırdı. Yer üzündəki bu cənnət bağını Şuşa qalasındakı "Təzə Pir” məscidinin baş ruhanisi Hacı Axund Molla Şükür öz əli ilə əkib-becərmişdi.
Bağın ortasında altı-yeddi otaqdan ibarət kürsülü bir ev, evin yanında mətbəx, mətbəxin yanında qədim təndirxana var idi. Hacı Axund Molla Şükür bunların hamısını öz səliqəsi ilə tikdirmişdi. Böyük zal Hacı Axund Molla Şükürün kitabxanası və qəbul otağı idi. Ağır-ağır cildlərdə ərəb, fars, türk dillərində kitablar divarlar boyu üst-üstə yığılmışdı. Yerə xalı, gəbə döşənmişdi. Üç pəncərə bağçaya baxırdı”.
İlyas Əfəndiyev yazırdı ki, uşaq olduğu vaxtlarda yayı keçirmək üçün Şuşaya gedərmişlər: "O zaman Hacı Axund Molla Şükürün bu malikanəsində arvadı - mənim anamın xalası Bəyaz xanım, oğlu Mirzə Məhəmməd, onun arvadı Yasəmən xanım və iki qızı yaşayırdılar. Mirzə Məhəmməd Müsavat hökuməti vaxtında Şuşa qəzasının rəisi imiş. Sovet vaxtında isə atasının yadigarı olan bu böyük bağı becərməklə məşğul idi.
Mülklərini, var-yoxlarını hökumət alandan sonra Mirzənin tutulmağına görə qızların ərlərini də tutdular. Yasəmən xanım qızlarını, nəvələrini götürüb getdi Ağdamdakı qohumlarının yanına...”
37-ci il qanlı repressiyasının Sibirə sürgün etdiyi babamın taleyindən hələ də xəbərsizik...

- Anamın babası Hacı Axund Molla Şükür 1820-ci ildə Şuşadan təxminən 40 kilometr məsafədə yerləşən indiki Laçın rayonunun Ağanus kəndində doğulmuşdu. Mollaxanada oxuduqdan sonra 10 il Bağdad və Nəcəf şəhərlərində islam dini ilə yanaşı, dünyəvi elmlərin də dərinliklərinə yiyələnmişdi. 1850-ci illərin ortalarında vətənə döndükdən sonra ovaxtkı Zaqafqaziya şeyxülislamı bu boy-buxunlu, bilikli və dərrakəli cavanı Şuşa şəhərinin axundu təyin etmişdi. O da qısa müddətdə Qarabağ camaatının hörmətini qazanmışdı. Babam Mirzə Məhəmməd də savadı, biliyi ilə seçilənlərdən olub. 7 dil bilirmiş və elə savadlı olduğuna görə də ona mirzə deyirmişlər. O, Gorus qəzasının "naçalnik”i işləmiş, Müsavatın fəallarından olmuşdu. Lakin ermənilərlə arasında yaranan nifaqa görə daha Şuşada qalmağın təhlükəli olduğunu görərək Ağdama gəlib və orada Müsavatın özəyini yaradan rəhbərlərdən olub. Ağdamda bir faytonçunun evində kirayənişin yaşayırmışlar.
1937-ci ildə sovet hökumətinin kəskin repressiyasına tuş gələnlərdən biri də babam Mirzə Məhəmməd və onun iki kürəkəni, xalalarımın həyat yoldaşları Surxay və Musa olur. Onlar həbsə alınaraq Sibirə sürgün edilir və bir daha geri dönmürlər. İndiyə qədər də sonrakı talelərindən heç bir xəbərimiz yoxdur.
Nənəm Yasəmən danışırdı ki, o zaman Şuşada say-seçmə kişiləri tutub aparırdılar və onların da ailəsindən üç kişini birdən tutub sürgün etmişdilər. Amma o illər barədə nənəm də, xalalarım da çox az danışırdılar, babam haqqında isə ümumiyyətlə danışmamağa çalışırdılar. Anam isə o zaman kiçik olduğu üçün hadisələri az-maz xatırlayırdı.
Biz yalnız müstəqillik qazanılandan sonra nəslimizin tarixi barədə öyrənməyə başladıq. Çox ağır illər yaşamışdılar, müharibənin ağır sınaqlarından çıxmışdılar, üstəgəl də rejimin qorxusundan qohumları onlardan uzaqlaşmışdı. Yalnız 1953-cü ildə babamgilə bəraət veriləndən sonra qohumlar gəlib-gediblər. Bütün bu məsələlər, ulu babam, babam, xalam Səriyyə haqqında İlyas Əfəndiyev "Geriyə baxma, qoca” əsərində yazıb. Məşhur yazıçımızın nənəsi ilə anamın nənəsi bacı olub.
İndi peyk vasitəsilə Cıdır düzünə, ulu babamın, xalamın məzar yerinə baxıram, amma artıq orada heç nə yoxdur, tar-mar edilib, yerlə yeksan olub...
İçimizdə bir təlaş, nigarançılıq var, heç nəyi ürəklə edə bilmirik...

- Atam Qasım əslən Şuşanın Malıbəyli kəndindən olsa da, Xankəndidə yaşayırmış. O, müharibədən qayıdandan sonra Ağdama gedib-gələndə anamı orada görmüşdü və onlar ailə qurmuşdular. Atam Daxili İşlər Nazirliyində yanğından mühafizə idarəsində rəis müavini işləyirdi. Anam isə texnikum bitirmişdi, ibtidai sinif müəllimi idi. O, Xankəndinin Kərkicahan kəndində dərs dediyi üçün biz məktəb zamanı həmin kəndə köçüb kirayədə yaşayardıq. Tətildə isə Xankəndiyə, öz evimizə qayıdardıq. Sonradan tikilən evlərin sayəsində Kərkicahan böyümüşdü və Xankəndiyə birləşərək onun bir məhəlləsinə çevrilmişdi. Kərkicahan iki, yuxarı və aşağı hissədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlı idi. Məsələn, 1988-ci il hadisələrinə qədər azərbaycanlıların sayı 2000-ə yaxın idi. Kənddə 8 illik məktəb fəaliyyət göstərirdi və oranı bitirənlər Xankəndiyə gəlib Nizami adına 4 nömrəli məktəbdə oxuyurdular. Mən də Kərkicahanda 5-ci sinfə kimi oxudum. Kəndin camaatı çox mehriban idi. Atama, anama o qədər hörmət edirdilər ki... Qoymazdılar anam gedib bulaqdan su gətirsin, ya da atam odun yarsın, özləri edirdilər bunu, çalışırdılar bizə hörmət, qayğı göstərsinlər...
Şagirdləri də anamı çox istəyirdi, indiyə qədər də onun adı çəkiləndə çox hörmətlə yad edirlər. Anam Tahirə Məhərrəmova "Qabaqcıl maarif xadimi” döş nişanı ilə təltif olunmuşdu. Elə bəlkə də Kərkicahanda anama, müəllimə olan bu hörmət idi ki, məndə də müəllimlik sənətinə meyil yaranmışdı.
1988-ci il hadisələri başlayanda kərkicahanlılar igidliklə, mətanətlə dayandı, çıxmadılar, 1991-ci il dekabrın 28-nə qədər ermənilərlə döyüşdülər, amma təəssüf ki, o zaman işğal olundu. Ad günüm də dekabrın 27-dir və bu günü heç zaman xüsusi qeyd etmirdik. Çünki nə iş də görsək, içimizdə bir təlaş, nigarançılıq vardı, ürəklə edə bilmirdik. Hər şeyimiz, əzizlərimizin məzarı orada qalıb. İnsan doğulduğu, ayaq açdığı torpağı heç zaman unuda bilmir. İndi hündür binalarda, geniş, işıqlı otaqlarda yaşayırıq. Amma orada yaşadığımız o səmimiyyəti, şirinliyi, bərəkəti unuda bilmirik. O evləri ata-analarımız zəhmətlə, əllərinin qabarı ilə tikmişdilər, o ağacları onlar əkmişdilər...
Vətən elə ayaq basdığın torpaqdan başlayır, axı vətəni necə unudasan?! Bu, xüsusilə də yaşlı adamlar üçün çətindir. Nə zaman bir yerə yığışsaq, söhbət elə hey fırlanıb o illərin üzərinə, Kərkicahana, Xankəndiyə gəlir...
Fədakar müəllimlər

- 6-cı sinifdən Xankəndidə Nizami adına 4 nömrəli məktəbdə oxudum. Özüm də Bakıda 4 müxtəlif məktəbdə müəllim işləmişəm, amma o məktəbdəki tələbkarlığı, məktəbin müəllimlərinin fədakarlığını heç bir yerdə görməmişəm. Eldar müəllim, Zemfira müəllimə, sinif rəhbərim Cəmil müəllim hər biri unudulmaz insanlar idi. Bir insan kimi həyatda yetişməyimizdə əvvəlcə valideynlərimizin, sonra isə ədəbiyyat müəllimimiz Vahid Əliyevin xidməti böyük idi. Vahid müəllim tələbkar olmaqla yanaşı, bizi həyata da hazırlayırdı.
Orta məktəbdə riyaziyyata çox marağım var idi, o qədər həvəsli idim ki, saatlarla oturub məsələ, misal həll edirdim. Elə buna görə də imtahan verib Pedaqoji Universitetin riyaziyyat müəllimliyinə qəbul olundum. Universitetdə də yaxşı oxuyurdum. Qismət elə gətirdi ki, elə öz oxuduğum məktəbdə müəllim işlədim. Şagirdlər hər zaman məni zəhmli biri kimi tanıyırdılar və çəkinirdilər. Çünki oxumayan uşağa heç zaman güzəşt etmirdim. Rüblükdə "2” qiymət verirdim, direktor, valideynlər nə qədər desələr də, düzəltmirdim.
Amma belə bir qayda da var idi ki, "2” vermisənsə, dərsdən sonra qalıb onlarla əlavə məşğul olmalı idin. Mən də dərsdən sonra qalıb zəiflərlə işləyirdim, buna razı idim. Çünki istəyirdim uşaqlar mütləq nə isə öyrənsinlər, heç olmasa "3”ə bilsinlər. Müəllimlik fəaliyyətimə görə o zaman təltiflər də almışdım.
Tale mənim qarşımda çox yollar açıb. Vaxtilə təhsil aldığım orta məktəbdə müəllim işləmişəm. Sonra tədris hissə müdiri seçilmişəm. 23 yaşımda vilayət sovetinin deputatı olmuşam, şəhər partiya komitəsində təlimatçı işləmişəm. Bir də tale elə qismət edib ki, 63 yaşında millət vəkili seçilmişəm...
Şirin Mirzəyevli günlər
Birinci kursda oxuyurdu, bir gün qaldığı yataqxanaya onu görməyə gələn sinif, parta yoldaşı Şirin Mirzəyevi görüb çox sevinmişdi. Hal-əhval tutmuşdular, məktəb illərindən danışmışdılar. Xankəndidə evlərindən məktəbə gedən yolun üzərindəki həyətdə böyük bir it var idi və məktəbə gedən uşaqları görəndə az qalırdı zəncirini qırıb onlara hücum etsin. O da itdən çox qorxurdu. Qış olanda səhər tezdən qaranlıq olduğu üçün Şirin Mirzəyev onun qorxmaması üçün gəlib dururdu küçənin başında və onlar birlikdə gedirdilər məktəbə... Eh, uşaqlığın əziz xatirələri...
Şirin Mirzəyev sənədlərini İncəsənət Universitetinə versə də, müsabiqədən keçməmişdi, əsgərlikdə idi. Hərdən sinif yoldaşı Floranı yoluxmağa gəlirdi. Amma bircə dəfə də ürəyində ona olan ülvi hissini dilə gətirmirdi...
Leninqradda ali hərbi məktəbdə oxuyanda isə bir neçə dəfə telefonla "pereqovornu” teleqramlar vurub Florayla danışmaq istəmişdi. Amma Flora getməmişdi, yataqxanada yanında qalan rəfiqələrinin təkidlərinə baxmayaraq... Elə bil ürəyinə dammışdı, bilirdi ki, Şirin Mirzəyev ona ürək sirrini açacaq...
Bəlkə də hərbçi ilə ailə qurmağın çətinliyi idi onu tərəddüddə saxlayan.
Bir müddət də keçir və nəhayət, 1976-cı ildə Xankəndidə Şirin Mirzəyevin həyətində qurulan toy mağarından yüksələn qara zurnanın sədaları asimanı bürüyür...
Vətən, el-oba, ailə sevgisi...

- Şirin seçilmiş idi. Ondakı insani keyfiyyətlər çox üstün idi. Mədəni, savadlı biriydi. Nə zaman baxsan, əlində kitab olurdu, gününün çoxunu kitabxanada keçirirdi. Aramızda hər zaman böyük hörmət olub, bir-birimizi baxışımızdan anlamışıq. Heç zaman acı söz gəlməzdi dilimizə. Qapıdan içəri gülə-gülə girirdi, hay-küylü, şən olurdu. Mənliyini qoruyan insan idi, maddi çətinliyimiz olsa da, heç zaman malına haram qatmazdı. İncəsənətə bağlı adam idi, teatrı, kinonu çox sevirdi və mütləq 2 bilet alırdı, gedib birlikdə baxırdıq. Nizamidən, Füzulidən, Mirzə Ələkbər Sabirdən şeirlər deyərdi.
Qohumcanlı idi, amma dünyada ən çox vətənini sevirdi. Qarabağı qarış-qarış gəzməyi çox xoşlayırdı. Hələ məktəb illərində məhəllə uşaqlarına qoşulub piyada Xankəndidən Laçına kimi getmişdi.
1988-ci il Qarabağ hadisələri başlayanda onun bütün qohumları Xankəndidə, Şuşada Mirzələr kəndində idi. Mənim də anam, qardaşımgil orada yaşayırdı, amma qohumlarımın əksəriyyəti Ağdamda idi. Bu hadisələr ona çox pis təsir etmişdi. O, bizim bilmədiyimiz çox şeyləri bilirdi, çünki tarixi yaxşı oxuyurdu. Yadımdadır, hadisələr başlayanda dərhal dedi ki, bu, ciddi məsələdir. O zaman Dağıstanın Xalq şairi Rəsul Həmzətova, SSRİ Xalq artisti rəqqas Mahmud Esenbayevə də məktub yazmışdı ki, millətlərin bir-birinə qarşı qardaş qırğınını dayandırın. Hadisələr başlayan zaman biz Moskvada idik, Şirin Lenin adına Ali Hərbi Akademiyada oxuyurdu. O, Azərbaycanın Xalq yazıçısı, SSRİ xalq deputatı Mirzə İbrahimovla görüşmüşdü. Gələndə danışdı ki, Mirzə İbrahimov deyir, çalışmaq lazımdır qan tökülməsin. Amma ermənilər qan tökürdülər. Onun qardaşı oğlanlarını möhkəm döymüşdülər, onlardan biri sonradan infarkt keçirdi, indi əlildir. Təsadüfən qəbiristanlıqda silah gizlədən ermənilərin əməllərinə şahid olduqlarına görə.
Hərbçi çantasındakı iki ədəd "Hophopnamə”

- Şirin Daxili Qoşunlarda çalışanda Qarabağ bölgəsində bir batalyonları var idi. Ezamiyyə vərəqi yazdırıb gedirdi hadisələri öyrənməyə. Deyirdi ki, mən hərbi formadayam, həm də ermənicə təmiz bilirəm, buna görə də onlar tanıya bilmir mən kiməm. Hətta ən çətin vaxtda azərbaycanlıların evlərini yandıranda, talan edəndə şahid olmuşdu. Gedib qəbiristanlığa baxmışdı, görmüşdü ki, qəbiristanlıqdakı bütün başdaşlarını sındırıblar, o cümlədən də atasının başdaşını. O, atasının sınan başdaşını götürüb Kərkicahanda yaşayan bacısıgilə aparmışdı. Şirinin orada bir erməni dostu var idi, yaşlı kişi idi. Hadisələr zamanı ona demişdi ki, erməni millətinin şüuru hələ 1905-ci il səviyyəsindədir. Onlar da qorxurdular, deyirdilər ki, niyə Ermənistandan gələn bu saqqallıları tutmurlar?
Şirinə deyirdim ki, daha getmə ora, səni öldürəcəklər. O isə deyirdi ki, öldürməzlər, mən hərbçiyəm, ətrafı yaxşı tanıyıram. Bir var hərbçi olasan, ərazini tanımayasan, bir də var ərazini yaxşı tanıyasan. Bu, mənim borcumdur, çətin günlərdə gedib kömək etməliyəm. O zaman Xocalıda tikinti gedirdi. Şirin gəlib deyirdi ki, bu məsələ çox dərindir, nahaq yerə orada tikinti aparırlar. Çox çalışırdı ki, nə isə etsin, vəziyyət düzəlsin...
Böyükşorda yerləşən 6500 saylı hərbi hissədə işləyirdi. 1991-ci il sentyabrın axırı, oktyabrın əvvəllərində isə Müdafiə Nazirliyinin əmri ilə özünümüdafiə batalyonu yaratdı və onun komandiri oldu. O zaman Ermənistanla sərhəd cəbhə bölgələrində özünümüdafiə batalyonları yaradılırdı. Şirin qısa müddətdə silah tapıb ala bildi, əsgərləri geyimlərlə təmin etdi. Adətən hərbçilərin çantalarında diş, ayaqqabı fırçası, dəsmal olur. Amma Şirinin çantasında bunlarla bərabər Sabirin "Hophopnamə”si də var idi. O, şeir deməyi çox sevirdi, "Hophopnamə”dəki bütün şeirləri əzbər bilirdi. Vəfat edəndə əşyalarının içərisində iki ədəd "Hophopnamə” var idi. Bu kitablardan birini kimsə hədiyyə vermişdi Şirinə...
İtkilər, ağrılar, həyat mübarizəsi...
O son gün isə heç zaman xatirindən silinmir. 1992-ci il iyunun 18-i idi. Səhər tezdən Şirin Mirzəyevin qardaşı oğlu zəng vuraraq acı xəbəri çatdırır, deyir ki, Şirin Mirzəyevgil minaya düşüblər. Əslində, bir neçə gün idi ki, ürəyi səksəkədə idi. Hələ ayın 13-də televiziyada Moskvadan verilən xəbərlərdə eşitmişdi ki, onların batalyonu Ağdam cəbhəsində mühasirəyə düşüb...
- O zaman qardaşıma zəng vurdum ki, eşitmişəm Şiringil mühasirəyə düşüb, get öyrən. Həmin gün Şirin gedib ön cəbhəni yoxlayıb Bakıya gəlməli idi...
Sonradan öyrəndim ki, bizimkilər üç istiqamətdə hücuma keçməli imişlər. Ortadan Şiringil hücuma keçib 5 kəndi alıblar, amma sağ və sol cinahlar hücuma keçməyib...
Şirinin ölümü ilə bağlı çox məqamlar qaranlıq qalıb... Bu həyatda bir arzum da var, o dövrdə olan xəyanətin əsl üzünü bilmək...
Çox çətin illər idi. Həm mənim, həm Şirinin qohumları köçkün düşdülər, gəldilər Bakıya. Onları yerləşdirmək, işlə təmin etmək lazım idi. Bunların hamısının ağırlığı mənim çiynimə düşdü. Övladlarımı tək böyütdüm. O əzab-əziyyət, torpaq itkisi, elə bil hər şey üst-üstə gəlmişdi. Amma birtəhər öhdəsindən gəlməyə çalışdım. Düzdür, itkiləri, yaşanan ağrı-acını unutmaq, silmək olmur, amma zamanla öyrəşirsən...
Hələ 1988-ci ildən ermənilərin xalqımızın başına gətirdiyi faciələrin kökünü öyrənməyə başlamışdım. Bəlkə buna qədər riyaziyyatçı olduğum üçün tariximizin gizli səhifələrindən xəbərim yox idi. Əvvəlcə Şirinin gətirdiyi Veliçkonun 4-5 ədəd kitabını rus dilində oxudum. Qalan kitabları tanışlara payladıq. 26 Bakı komissarı haqqında həqiqətlər üzə çıxdı. 70 il bizi soykökümüzdən ayıran, torpaqlarımızı hissə-hissə Ermənistana birləşdirən, 1937-ci il repressiyası, 1948-1953-cü illərdə Ermənistandan zorla köçürülən azərbaycanlıların faciələri və nəhayət, azərbaycanlıların son nəfərinədək Ermənistandan qovulması sovet sisteminə olan nifrətimizi daşırmışdı.
2010-cu ildə deputat seçildim. Əhalisi öz ata-baba yurdlarından didərgin düşən bir şəhərin deputatı olmaq həm çətin, həm də məsuliyyətli işdir. Məcburi köçkünlərlə işləyəndə onların üzləşdikləri bəlalar, yaşadıqları çətinliklər haqqında söz açanda içimdəki bütün hisslər qəzəbə çevrilir. Hiss edirsən ki, artıq səbir tükənib. Bu illər ərzində vaxtsız dünyalarını dəyişənlər çox oldu. Bəlkə də onlar öz yurd-yuvalarında yaşasaydılar, Xankəndinin təmiz havasından udub, Xan qızı bulağının suyundan içsəydilər, ömürləri daha uzun olardı.
Hər bir köçkünün həyatı acı hekayədir

- Bütün qohumlarımız Xankəndidən, Şuşadan, Laçından, Ağdamdan qovulublar. 25 ildən artıqdır ki, hər dəfə onlarla görüşümdə çəkdikləri əzablardan, itirdiklərindən danışırlar. Deputatlıq mənim onlara az da olsa kömək etməyim üçün bir vasitə oldu. Hər kəsə belə bir missiya qismət olmur ki, həm qanunların təkmilləşdirilməsində iştirak edərək öz töhfəsini versin, həm də seçicilərin problemləri ilə, onları narahat edən məsələlərlə yaxından tanış olub həllində mümkün köməklik göstərsin. Gərək olduğun vəzifədə elə çalışasan ki, sonralar həyata keçirmədiyin işlər üçün heyifsilənməyəsən.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin məcburi köçkünlərə göstərdiyi qayğı göz önündədir. Onların sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Əlbəttə, doğma yurd-yuvalarından didərgin düşmüş insanlar üçün salınan qəsəbələr, tikilən evlər həyat şəraitinin yaxşılaşdırılmasına xidmət etsə də, məcburi köçkünlər bu ünvanlarda müvəqqəti məskunlaşdıqlarını, tezliklə ata-baba torpaqlarına qayıdacaqlarını yaxşı bilirlər. Məcburi köçkünlər tam əmindirlər ki, yurd nisgilinə son qoyulduqdan sonra da həmişə olduğu kimi, dövlətimiz onların arxasında olacaq.
Hər zaman çıxışlarımda da, görüşlərimdə də insanlara deyirəm ki, biz Ali Baş Komandanın qətiyyəti və ordumuzun şücaəti sayəsində o torpaqlara mütləq qayıdacağıq. Düşmən mənfur, qəddar, hiyləgərdir, bunu unutmamalıyıq. SSRİ-nin dağılmasından istifadə edərək onlar belə bir namərdlik etdilər. Bir gündə qayınanamın üstünə üç meyit gəlib. Xocalı soyqırımı, ondan əvvəl Meşəli, Qaradağlı faciəsi. İllərdir mən bu faciələrlə üzləşən, yurdlarından didərgin düşən insanların arasındayam, onların əzablarının şahidiyəm.
Onların hər birinin köçkünlük həyatı acı bir hekayədir. Bəlkə də onları həyatda saxlayan cənab Prezidentə olan inamlarıdır. İndi şəhidlərimizin ruhunu şad etmək əsgərlərimiz qarşısında duran ümdə vəzifədir. Bir milyon qaçqınımızın əzab-əziyyətinə son verməyin vaxtıdır...
Kərkicahandan Xankəndiyə boylanan qoca dağdağan
Havadan bahar ətri gəlir. Qar altından bənövşələr boylanır, quşların avazından yazın sevinci duyulur. İlıq meh Kərkicahandan Xankəndiyə uzanan yolun üstündəki qoca dağdağanın budaqlarına sığal çəkir. Və bu ağacın altında bir qızcığaz dayanıb üzü küləyə sarı. Baxır intizarla yollara, izlərə, cığırlara tərəf... Atasını, anasını, doğmalarını, yaxınlarını, elini gözləyir ümidlə... Bilir ki, bir gün gələcək, yola saldığı əzizləri həmin bu yolla geri dönəcəklər, uzaqdan ona əl edəcəklər... Özü də bu, yaz fəslində olacaq... Yenə Novruz tonqalları qalanacaq, evləri sevinc sədaları bürüyəcək və bir nənə qoz ağacından asılan o yelləncəkdə balaca nəvəsini yellədəcək, buludların üzərində uçuracaq qanad açan arzularının arxasınca...
Şəhid polkovnik-leytenant Şirin Mirzəyevin nəvəsi Şirin Mirzəyevi... (Azərbaycan qəzeti)