Mübariz Azərbaycanlı,
müstəqil jurnalist
Azərbaycan Ermənistana qarşı elə bir səviyyədə "pressinq" tətbiq etməlidir ki, istənilən "meydanda" onun başı hərlənsin...
Bütün dünya ermənilərinin son günlərdə diplomatik baxımdan fəallaşması, əvvəlcə Qarabağda qoşunların təmas xəttində atəşin qismən səngiməsinə nail olmaları və Türkiyənin qərb tərəfindən sıxışdılması ilə bağlıdır. Bu isə ilk növbədə Azərbaycanın onları özbaşına qoymasının səbəbidir ki, haylar kəfənlərini gah ABŞ-da, gah da Moskvada cırırlar.
Baxın, Dağlıq Qarabağda hələ ki xaric notla "oxuyub" özünü "xarici işlər naziri" adlandıran Masis Mailyan ABŞ-da "soyu qırıqlığını" və "Artsax"ı tanıtmaq istəyindən xoşhal qayıtdıqdan sonra, ürəklənib indi də yollanıb Moskvada "dqr"ın daimi nümayəndəliyində Rusiya ekspertləri ilə görüş keçirib, rəssamlıq sərgisində şəkil-şükülə baxıb və daha sonra Xankəndidən olan "çalanların" konsertində iştirak edib.
Yeri gəlmişkən ermənilər ABŞ-ın aşağı palatasının "erməni soyqırıqlığını" tanımasını ötən həftənin ən dəyərli hadisəsi hesab edirlər. Onlar Ermənistanın on illərdir apardığı bu siyasətə, əsasən, güya təbliğatsız və lobbisiz müstəqil şəkildə nail olduqlarına görə daha çox sevinirlər. Bu azmış kimi hayları həm də sevindirən və qürurlandıran bu "tanınmanın" Türkiyənin milli bayramı - Respublika günü ilə üst-üstə düşməsidir. Bundan əlavə, ermənilər "soy qırıqlıqlarının" ABŞ-ın "aşağı"sında tanındığı gün, Rusiya müdafiə naziri Şoyqunun Gümrüyə gələrək orada yerləşən hərbi bazanın potensialının ikiqat artırılması və yeni hərbi texnika ilə təchiz olunmasına qərar verməsini də təsadüfi hesab etməyib, bu hala sevinirlər.
Hərçənd, Şoyqunun bu "ikiqatlığı" və yeni silahlanmaya qərar verməsini ermənilərin bütün olanlardan xoşallanıb ABŞ-a tərəf meyillənməsinin qarşısını almaq üçün, Ermənistana xəbərdarlıq kimi güman etmək daha məqsədə uyğun olar.
Əlbəttə, nə baş verməsindən asılı olmayaraq siyasətdə mənəviyyat və insani dəyərlər olmur. Dövlət maraqları bu anlayışlarla heç də uzlaşa bilmir. Bu isə o deməkdir ki, əgər ABŞ-ın Suriya ilə bağlı hazırki durumda Türkiyəyə siyasi təzyiq etmək məcburiyyəti olmasa idi, ermənilərin soyunun birdəfəlik kəsilməsi belə, "o taylıların" heç vecinə də olmazdı.
Ancaq ermənilərin bu dönəmdə fəallaşmasına ən yaxşı şərait yaradan məhz rəsmi Bakının olması, anlaşılan deyil. Məgər qarşıdakı sayca bəlkə də mininci olan "sülh yolu" danışıqlarında nə isə dəyişəcəkmi?
Diqqət edin, ötən şənbə erməni "nazirbaşı" Paşinyan öz Fasebook səhifəsində vətəndaşlarla "Açıq söhbət"i zamanı canlı efirdə - "Ermənistan Respublikası ilə "Artsaxın" Dağlıq Qarabağ konfliktinin tənzimlənməsi məsələsində təsəvvürləri eynidir və bu başqa cür ola da bilməz" deməsini yəqin ki, heç kim unutmayıb. "Nazirbaşı" bununla bildirir ki, yəni "Nikol keçəl, keçəl Bako" heç bir fərqi yoxdur. O, bu çıxışında bir az da irəli gedərək orduda yeni qeneralitet formalaşdırıldığını da qeyd etdi.
Yəni bununla ermənilər diplomatiyada söz, cəbhədə silah, Cıdırda at oynadaraq istədikləri "kinonu" çıxardırlar. Kino demişkən, buyurun, Azərbaycan Qarabağa hər dəfə qanunsuz gələnlərlə bağlı "Qara siyahı kinosu" çıxartdığı halda, ermənilər isə yəhudi-rus blogeri A.Lapşini qabağa verərək onun Azərbaycandakı "qəhrəmanlığ"ından bəhs edən "Qara siyahı" adlı sözün əsl mənasında kino çəkirlər. Bu yerdə nə qədər gülməli səslənsə də sual yaranır: bu kinodan acından ölən Ermənistan çəkə bilirsə, bəs bu kinodan pula-pul deməyən Azərbaycan niyə çəkə bilmir?
Ermənilər istənilən sahədə "kino çıxartmaqda" mahirdirlər. Baxın, bu gün Ermənistanın qeyri hökumət təşkilatları "Qarabağ itirə biləcəyimiz döyüş deyil" şüarı ilə cəbhə bölgəsinə mütəmadi səfər və yardımlar edir. Onlar Qarabağ uğrunda fədakarlığa hazır olmaq və bu ideya ətrafında sıx birləşmələri üçün öz vətəndaş cəmiyyətləri qarşısına yeni tələblər qoyur, həmçinin ictimaiyyətdə rəylər yaradırlar. Ermənilər Qarabağ məsələsində toplum olaraq bir addım da olsun geri çəkilməyəcəklərini deyir və bu səfərlərlə əsgərlər arasında mənəvi-psixoloji əhval-ruhiyyəni yüksəltməyə, eyni zamanda, orduya maddi-humanitar yardım edirlər. Bu isə Bakının hələ də ümid etdiyi ATƏT-in nə vaxtsa sülh yolu ilə Qarabağı haylardan alıb geri qaytaracağına olan inamı tamamilə heçə endirir.
Şübhəsiz ki, əgər rəsmi Bakı "Azərbaycan qapısına" oyundankənar vəziyyətdən "qol" vurduqlarına görə indiyədək neçə nəfərə "qara kart" göstərdiyinin hesabını aparmış olsa, çox güman ki, nəticə bir müddət bundan əvvəl ölkə vətəndaşlarının siyahıya alınması kimi dolaşığa düşərək dəqiq məlum olmayacaq. Yeri gəlmişkən, elə bu "qara kart"la bərabər xarici ölkələrə verilən rəsmi Notalar da öz sayını itirib.
Bütün bunları nəzərə alanda qərara gəlisən ki, əgər Azərbaycan, onun sərhəddini pozaraq Qarabağa hər həftəsəkkizmən-doqquz gəlib-gedənlərin "şərəfinə" indiyədək bir-iki top atsaydı, bu daha sərfəli və belə olan halda nəinki ora gələnlərin sayı azalar, hətta gedənlərin sayı gələnlərdən daha çox olardı. Hərhalda 4 günlük aprel döyüşlərində ermənilərin əllərinin "çamadanda" olmasını və bəzilərinin isə qaçmasını hər kəs gördü. Odur ki, Qarabağa qanunsuz gələnlər "qara siyahı"ya yox, Azərbaycan ordusu tərəfindən məhz qara tüstüyə salınmalıdır. Yəni futbol termini ilə desək, Azərbaycan Ermənistana qarşı davamlı olaraq elə bir səviyyədə "pressinq" tətbiq etməlidir ki, istənilən "meydanda" onun başı hərlənsin.
Belə olan halda ermənilər nə Qarabağın şəhərlərini hansısa xarici ölkə şəhərləri ilə "qardaş-bacı" edər, nə minüzlü ABŞ, Rusiya, Fransa nümayəndələri Qarabağa gələr, nə separatçılar bu və ya digər ölkələrə "rəsmi" səfərə gedər, nə Paşinyan "Qarabağ - Ermənistandır" - deyə "nöqtədən", bu arada həm də referendumdan dəm vurar, nə Gəlbəcərin qızıl yataqlarından milyard dramlarla pul qazanar, nə QHT-lər lovğalanıb "Qarabağ itirə biləcəyimiz döyüş deyil" deyə bilər, nə Naxçıvan və Qazax sərhəd boyu sığınacaq adı ilə tunellər "oyar", nə də hər gün bir "Cənnətə gedən qapılar" və rəsmi Bakını ələ salan "Qara siyahı" adlı "kino çıxardarlar". Onların vur-tut çəkə biləcəkləri bir kino qalardı ki, onun da adını cənnətə deyil, məhz "cəhənnəmə gedən yollar" qoyardılar.