Modern.az

İlham Əliyev Zelenski ilə təkbətək görüşdü - FOTOLAR

İlham Əliyev Zelenski ilə təkbətək görüşdü - FOTOLAR

Aktual

17 Dekabr 2019, 10:39

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenskinin dekabrın 17-də rəsmi qarşılanma mərasimi olub.

 

Modern.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Prezident Vladimir Zelenskinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

 

Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Vladimir Zelenskini qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Ukrayna Prezidentinə raport verdi.

Vladimir Zelenski Azərbaycan əsgərlərini salamladı.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Ukraynanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Vladimir Zelenskiyə, Ukrayna nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan və Ukrayna prezidentlərinin qarşısından keçdi.

Prezidentlər rəsmi foto çəkdirdilər.

 

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukraynanın Prezidenti Vladimir Zelenskinin təkbətək görüşü olub.

 

Prezident Vladimir Zelenskini salamlayan Prezident İlham Əliyev deyib:

 

-Hörmətli cənab Prezident, mən Sizi səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.

Əminəm ki, səfəriniz uğurlu olacaq və Ukrayna-Azərbaycan əlaqələrinin inkişafına təkan verəcəkdir. Fürsətdən istifadə edərək, prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi təbrik edirəm. Şadam ki, qələbədən bir neçə ay sonra Siz Azərbaycana rəsmi səfərə gəlmisiniz. Bu, onu göstərir ki, Siz Ukrayna-Azərbaycan əlaqələrinin inkişafına böyük diqqət göstərirsiniz. Biz də bu münasibətlərə böyük diqqət göstəririk.

İkitərəfli gündəlik kifayət qədər genişdir. Bu gün həm siyasi əlaqələr, iqtisadi sahədə əməkdaşlıq, humanitar və digər sahələrdə əlaqələr müzakirə olunacaq. Əminəm ki, keçiriləcək danışıqlar və imzalanacaq sənədlər bizim əlaqələrimizi daha da möhkəmləndirəcək.

Bir daha xoş gəlmisiniz.

 

xxx

 

Ukrayna Prezidenti Vladimir Zelenski deyib:

 

-Cənab Prezident, xoş sözlərinizə görə təşəkkür edirəm. Azərbaycana rəsmi səfərə dəvət edilməyimə görə də Sizə dərin minnətdarlığımı bildirirəm. Səmimi demək istəyirəm ki, mən bundan əvvəl də Azərbaycanda səfərdə olmuşam. Azərbaycana hər səfərimdən sonra mən Ukraynaya yeni hisslərlə, yeni emosiyalarla və yeni dostlarla qayıdıram. Azərbaycan çox qonaqpərvər torpaqdır. Fürsətdən istifadə edərək, Sizi də Ukraynaya rəsmi səfərə dəvət edirəm. Əmin edirəm ki, biz də olduqca qonaqpərvər bir ölkəyik.

Ölkələrimiz arasında hazırda da olduqca möhkəm münasibətlər var. Əminəm ki, bu səfərin nəticəsi olaraq biz onu yeni mərhələyə qaldıra biləcəyik. Azərbaycana minnətdarlığımızı bildirmək istəyirik ki, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Xahiş edirəm biləsiniz ki, biz də, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı