Modern.az

Həmkarlar İttifaqları Konfederasiyası - “250-yə yaxın hüququ pozulmuş işçi işə bərpa olunub”

Həmkarlar İttifaqları Konfederasiyası - “250-yə yaxın hüququ pozulmuş işçi işə bərpa olunub”

Aktual

26 Dekabr 2019, 13:43

“Bu il ərzində Konfederasiya və onu əhatə edən üzv təşkilatlara 3500-dən çox ərizə daxil olub”.

 

Bunu Modern.az-ın sorğusuna cavab olaraq Həmkarlar İttifaqları Konfederasiyasının Hüquq şöbəsinin mütəxəssisi Sevil Zeynalova bildirib.

 

S.Zeynalovanın sözlərinə görə, ərizələrin 450-yə yaxını işə bərpa ilə bağlıdır:

 

“Araşdırmalardan sonra 250-yə yaxın hüququ pozulmuş işçi işə bərpa olunub. Şikayət daxil olarkən araşdırmalar aparılır. Əgər işçinin haqlı olduğu müəyyən olunursa, o, işə bərpa olunur.

Konfederasiya həmçinin, istehsalat sahəsində sağlam əmək şəraitinin təmin olunması, istehsalat qəzası, peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə ödənclərin verilməsinə nəzarət edir. Bu il ərzində 600-dən çox araşdırma aparılıb”.

 

O qeyd edib ki, Konfederasiya “Həmkarlar İttifaqları haqqında” Qanuna əsasən fəaliyyət göstərir:

 

“Əmək Məcəlləsinin 80-ci maddəsilə bağlı işəgötürən narazı qaldığı işçilə bağlı bizə təqdimat verir. Bu il bizə 3000-nə yaxın təqdimat daxil olub. Bu təqdimatların araşdırılması nəticəsində 700-ə yaxın təqdimat əsaslandırıcı sənədlə geri qaytarılıb. Bu hallarda da əsaslandırma olduğundan işəgötürən bizimlə razılaşmağa məcbur olur.

Konfederasiya həmkarlar təşkilatına üzv olan işçilərin əmək, sosial və iqtisadi hüquqlarını qoruyur. Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Əmək Məcəlləsinə əsasən dövlət nəzarətini həyata keçirir. Amma ictimai nəzarəti Konfederasiya həyata keçirir. Bu məqsədlə idarə, təşkilatlarda əmək qanunvericiliyinə riayət edilməsilə bağlı yoxlama yox, araşdırmalar aparır. Bizim əsas işimiz hər hansı əmək qanunvericilyinin pozulmasının qarşısını almaq üçün maarifləndirmə aparmaqdır. İdarələrdə işlər məhkəmələrə gedib çıxmasın deyə Həmkarlar İttifaqları nəzdində fərdi əmək mübahisələrinə baxan komissiyalar yaradılıb. Son vaxtlar bu komissiyalarda 800-ə yaxın fərdi əmək mübahisələrinə baxılıb. İşçi əvvəlcə komissiyaya müraciət edir, nəticə vermədiyi halda məhkəməyə üz tutur”.

 

S.Zeynalova əsasən aşağıdakı hüquqpozulmaları sadalayıb:

 

“İşə daxil olarkən əmək müqaviləsinin bağlanması, əmək müqaviləsinə düzgün xitam verilməməsi, əməkhaqqının verilməməsi, məzuniyyətlərin düzgün bölüşdürülməməsi və məzuniyyəthaqqının verilməməsi, hamiləliyə və doğuşa görə məzuniyyətin düzgün ödənilməməsi, iş ərzində işçiyə çatacaq əmək məzuniyyətinin düzgün verilməməsi, iş stajına görə əməkhaqqının günlərə düzgün bölünməməsi, zərərli sahədə işləyənlərin məzuniyyətlərinin düzgün verilməməsi, qadınlara uşaqlara görə əmək məzuniyyətinin düzgün verilməməsi və s. ilə bağlı ərizələr daxil olur. Nazirlər Kabinetinin qərarı ilə işləyən əlillərin əməkhaqlarına əlavələrin verilməsi nəzərdə tutulur. I və II qrup əlillərə əməkhaqqının 25 faizi, III qruplara 10-15 faizi qədər əlavənin verilməsi nəzərdə tutulur. Bəzən bu hesablamlarda yanlışlığa yol verilməsi halları olur”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı