ATƏT-in Minsk Qrupunun həmsədrləri Cenevrədə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında keçirilən danışıqlarla bağlı bəyanat yayıb.
ATƏT-in yaydığı bəyanatda hər iki ölkə əhalisinin sülhə hazırlanması qeyd olunub.
Amma Azərbaycan torpaqlarının 20 fazinin Ermənistanın işğalı altında olduğu vaxtda azərbaycanlılar sülhə necə hazırlanmalıdırlar?
Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov məsələ barədə Modern.az-a danışarkən deyib ki, bu cür bəyanatların verilməsində Ermənistan tərəfi maraqlıdır:
“Problemin yaşı 30-u keçib. Bu danışıqlarda tərəflər, qüvvələr nisbəti dördün birədir. Bir tərəfdə Azərbaycandır, digər tərəfdə isə işğalçı dövlət Ermənistan və üstəgəl ATƏT-in Minsk qrupu üzvü olan Rusiya, Fransa, Amerika. Neçə vaxtdır ki, həmsədr dövlətlərin Ermənistanla birgə səsləndirdiyi “xalqlar sülhə hazırlanmalıdır” fikri ermənilərin istəyi ilə olan məsələdir. Tərəflərin sülhə hazırlanması məsələsinə o vaxt razılıq verə bilərik ki, torpaqlar işğaldan azad edilsin və Azərbaycanın ərazi bütövlüyü təmin olunsun. Ondan sonra Ermənistanla Azərbaycan sülhə hazırlansın. Belə bir vəziyyətdə 20% torpaqlarımızın işğal altında olduğu və əhalimizin bir milyondan artığının məcburi köçkün kimi yaşadığı vaxtda bizə niyə sülhə razılaşmalıyıq?!”.
Elman Məmmədov ATƏT-in bəyanatından danışarkən bunun erməniyə sərf edən məsələ olduğunu xüsusi qeyd edib:
“Çünki Ermənistan torpaqlarımızı işğal edib. İşğal altında olan torpaqlarımızda uzun illərdir ki, qeyri-qanuni məskunlaşmalar davam edir. Başda Paşinyan olmaqla, ərazilərimizə tez-tez səfərlər edirlər. Sanki bu torpaqlar bunların dədə-baba yurdudur. Belə bir şəraitdə ATƏT-in “tərəflər sülhə hazırlansın” müddəası ancaq ermənilərin xeyrinə işləyən məsələdir”.
Xocalıdan olan deputat bəyanatla razı olmadığını da vurğulayıb:
“ATƏT-in Minsk Qrupu 1992-93-cü illərdən bəri bəyanat verməklə məşğuldur. Həmin bəyanatların hansı həyata keçib, hansı biri nəticə verib?! “Siz müharibə etməyin. Danışıqlar prosesi də acı bağırsaq kimi uzansın, biz də saqqızımızı çeynəyək, başınızı qataq. Erməni də öz işini görsün”. Bu cür fikirlərlə başımızı qatmaq istəyirlər. Bir azərbaycanlı kimi ATƏT-in bəyanatı ilə qətiyyən razı deyiləm”.