Mərkəzi Seçki Komissiyasının (MSK) elan etdiyi nəticələrə görə, 9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən namizəd olan Sadiq Qurbanov 55.3 % faiz səslə qalib gəlib.
Yeni Azərbaycan Partiyasının bu dairədən namizədi olan Sadiq Qurbanov hazırda SOCAR-da Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavinidir.
O seçkilərdən sonra qalibiyyəti barədə ilk təəssüratını Modern.az-a bölüşüb:
“Dünən baş tutan parlament seçkiləri ölkəmizin demokratiya adına daha bir şərəfli tarix kimi yazıldı. Bu ən inkişaf etmiş ölkələrdən heç bir sahədə geri qalmadığımızın sübutu oldu.
Azərbaycan xalqı hər zaman olduğu kimi yenə də öz müstəqilliyini qorumaq, əbədi etmək üçün soyuq hava şəraitinə baxmayaraq, sivil qaydada, seçkiyə gələrək öz sözünü dedi. Bu münasibətlə bütün xalqımızı təbrik edirəm”.
“Qısa bir müddətdə keçmişdən, gələcəkdən, problemlərdən danışdıq, səmimi olduq, doğmalaşdıq və mənə inandılar, etibar etdilər. Bu doğmalıq və səmimiyyətə görə hər kəsə bir daha təşəkkür edirəm. Bir daha söz verirəm ki, Sizi Milli Məclisdə layiqincə təmsil edəcəyəm”.