Azərbaycan Müəllim İnkişafı Mərkəzi (AMİM) tərəfindən “Kembric Günü -2020” adlı konfrans keçirilib.
Modern.az-ın məlumatına görə, konfransda yerli ingilis dili müəllimləri və mütəxəssislərilə yanaşı xarici qonaqlar da iştirak ediblər. Azərbaycan Avropa Məktəbində keçirilən konfrasda əvvəlcə AMİM rəhbəri Graeme Pollock, Azərbaycan üzrə Regional İnkişaf meneceri Daryna Sizhuk və AMİM-in menecer Ruzigar Seyidov konfransın əhəmiyyətindən bəhs ediblər.
Sonra professorlar – Francesco Banchin kreativ tədris metodları, Bronüyn Pollock azyaşlı tələbələrin ingilis dilini yaxşı mənimsəmələri üçün vasitələr, Graeme Pollock isə “Linguaskill “adlı ingilis dili platforması barədə təqdimatlar ediblər. Konfrans işini bölmələr üzrə davam etdirdikdən sonra professor Graeme Pollock Kembric imtahanları və onların faydaları barədə danışıb.
Konfransda ingilis dilinin tədrisi səviyyəsinin artırılması məqsədilə Dövlət Pedaqoji Universiteti ABŞ Səfirliyinin maliyyə dəstəyi və Azərbaycan Müəllim İnkişafı Mərkəzi ilə həyata keçirilən layihə barədə də məlumat verilib. Layihəni uğurla tamamlayan ADPU-nun bir qrup müəllim və tələbələrinə səfirliyin təhsil məsələləri üzrə mütəxəssisi Ramina Mürşüdova tərəfindən beynəlxalq sertifikatlar təqdim edilib.
Təqdimat mərasimindən sonra ingilis dilində onlayn yarışlar keçirilib və qaliblərə Kembric Universitetinin nəşrləri, Libraff kitab mağazasına və AMİM-də təşkil olunacaq CELTA kurslarına aid endirim kartları verilib.
Sonda konfransın təşkilində dəstəyə görə AMİM-in mütəxəssisi Elnara Tağıyevaya, Bakı Dövlət Univirsitetinin bir qrup tələbələrinə, “Hayat Catering” rəhbərliyinə təşəkkür edilib.
Qeyd edək ki, tədbir çərçivəsində Libraff kitab mağazası və AMİM-ə məxsus olan Cambridge University Press-ə məxsus kitabların satışı olub.