Modern.az

Hesablama Palatasının tvinninq layihəsinə YEKUN VURULUB

Hesablama Palatasının tvinninq layihəsinə YEKUN VURULUB

Aktual

11 Mart 2020, 16:55

Bu gün Hesablama Palatasında Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan Respublikası Hesablama Palatasının İnstitusional və Funksional potensialının gücləndirilməsi” tvinninq layihəsinin rəsmi bağlanış konfransı keçirilib.

 

Modern.az-ın məlumatına görə, layihənin ümumi məqsədi Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı (INTOSAI) tərəfindən qəbul edilib və beynəlxalq səviyyədə tətbiq olunan audit standartları əsasında Hesablama Palatasının institusional və funksional potensialının artırılması, eləcə də öz mandatını həyata keçirmək üçün mövcud imkanlarını yaxşılaşdırmaqla Azərbaycanda dövlət maliyyə idarəçiliyi sahəsində hesabatlılığın gücləndirilməsinə və şəffaflığın artırılmasına töhfə verməkdir.

 

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Layihəyə 2017-ci ilin oktyabrın 1-də start verilib və 30 ay davam edib. Konfransın rəsmi açılış nitqi ilə Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış etmiş, layihə üzrə Polşa və Azərbaycan tərəfinin nümayəndələrini salamlamış, layihənin əhəmiyyəti və əldə edilmiş nəticələr haqqında konfrans iştirakçılarına məlumat verib.

 

Konfransda layihə üzrə tərəf müqabili olan Polşa Ali Audit İdarəsinin Prezidenti cənab Marian Banas, Aİ Nümayəndəliyinin rəhbəri cənab Kęstutis Jankauskas, Polşa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli Səfiri cənab Rafael Poborski və digər qonaqlar layihənin əhəmiyyətindən və nəticələrindən danışıblar. Polşa Ali Audit İdarəsinin Vitse-Prezidenti və Layihənin rəhbəri olan cənab Wojciech Kutyła konfrans iştirakçılarına layihə çərçivəsində görülmüş işlər, həyata keçirilmiş fəaliyyətlər, maliyyə, uyğunluq və səmərəlilik auditləri üzrə hazırlanmış və təkmilləşdirilmiş normativ-metodoloji sənədlər barəsində geniş məlumatlar verib və ümumilikdə layihə üzrə təqdimatla çıxış edib. Konfransda, həmçinin, Polşa və Azərbaycan tərəfdən Layihə Rəhbərləri, Layihə üzrə yerinə yetirilmiş komponentlərin rəhbərləri, Aİ-nin Azərbaycan nümayəndəliyinin, bir sıra beynəlxalq təşkilatların Azərbaycan üzrə nümayəndəliklərinin təmsilçiləri, Azərbaycan Respublikasının dövlət maliyyə nəzarəti qurumlarının nümayəndələri və media təmsilçiləri də iştirak ediblər. Konfransın sonunda tədbir iştirakçıları birgə xatirə fotosu çəkdiriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı