“Azərbaycanda koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilənlərin hamısı sərhəddə müəyyən olunanlar, ölkəmizə xaricdən gələnlərdir”.
Bunu Modern.az-a açıqlamasında Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, respublikanın baş infeksionisti Cəlal İsayev virus aşkarlanan son 6 nəfərin təvəllüdünün və hansı ölkədən gəldiyi barədə məlumatların açıqlanmamasına münasibət bildirərkən deyib.
Baş infeksionist qeyd edib ki, hazırda xəstəxanada müalicə alanların sayı 21 nəfərdir:
“6 nəfər sağalıb, 1 nəfər də yanaşı, ağır xəstəlikləri olan şəxs dünyasını dəyişib”.
C.İsayev deyib ki, koronavirus aşkarlanan ilk şəxs sağalanlar arasındadır.
Qərargah üzvü rəsmi rəqəmlərə əsasən deyib ki, hazırda karantində saxlanılan şəxslərin sayı 560 nəfərdir.