Modern.az

Onlar koronavirusla mübarizənin ön xəttindədir – GÜNÜMÜZÜN QƏHRƏMANLARI

Onlar koronavirusla mübarizənin ön xəttindədir – GÜNÜMÜZÜN QƏHRƏMANLARI

Aktual

17 Mart 2020, 19:50

Dünyanı cənginə alan koronavirus daim göz önündə olan müəllim, hərbçi, mühəndis, hüquqşünas və s. peşələri arxa plana keçirib. Hazırda dünya və yerli medianın başlıqlarında, ön planında ağ xalatlı, qoruyucu geyimdə, pasientin başı üstündə dayanan həkimlər dayanır.

Əminliklə, günümüzün qəhrəmanlarına çevrilən həkimlər koronavirus xəstələri, bu virusa yoluxduğunu düşünənlər üçün ümid yerinə çevrilib. Pasientlərlə təhlükəli təmasdan çəkinməyən həkimlər bəzi hallarda xəstəliyin qurbanına da çevrilirlər.

 

Məsələn, Uxan şəhərində koronavirs epidemiyasının başlandığını ilk ictimailəşdirən 34 yaşlı oftalmoloq Li Venlyan, şəhər xəstəxanasının baş həkimi Lyu Çijimin bu xəstəlikdən dünyasını dəyişib.

 

Professor Qulu Məhərrəmli Modern.az-a açıqlamasında tibb işçilərini günümüzün əsl qəhrəmanları adlandırıb.

“Bütün hallarda indi yaranmış situasiya tibb işçilərini, həkimləri ümumən səhiyyə sistemini diqqət mərkəzinə çəkir. Səhiyyə iri plandadır. Ona görə də bu gün xalqın, dövlətin onlardan gözlədiyi bir şey var, o da fədakarlıqdır. Amma fədakarlıq da boş yerdən yaranmır”.

 

Professor qeyd edir ki, sistem, mexanizm elə işləməlidir ki, yəni o səhiyyənin həm gücünü, həm əxlaqını, həm də peşəkarlığını ortaya qoysun.

“Bu gün təkcə bizdə deyil bütün dünyada bu problem ortaya çıxır ki, səhiyyə sistemi bütövlükdə buna nə dərəcədə hazırdır. Məsələn İtalyada, Fransada səhiyyəylə bağlı müəyyən problemlər var. Bunada ictimaiyyətin etirazları var ki, sistem hazır deyil, büdcədən pul lazımınca ayrılmayıb, baza hazır deyil və s. Elə bir zamandan keçirik ki heçnədən nəsə yaradırıq. Tibbi biliklərlə, əl altında olan vasitələrlə bu virusa qarşı mübarizədə səhiyyə işçiləri özlərini göstərməlidirlər. Söhbət əlbəttə dürüst, vicdanlı, peşəkar həkimlərdən, tibb bacılarından, təcili yardım sisteminin əməkdaşlarından gedir. Bizdə hələ səhiyyə tam deformasiyaya uğramır, yəni, tənqid olunduğ kimi deyil. Yaxşı həkimlər, mütəxəssislər var. Onlar fədakarlıq edib öz təşəbbüsləri ilə insanlara kömək edirlər. Hesab edirəm ki onlarda cəmiyyətin bir qolu kimi çalışırlar ki, bu virusa qarşı mübarizədə öz sözlərini desinlər. Bütün dünyada o cümlədən Azərbaycanda bu gün əsas qəhrəman, öndə olan tibb işçiləridir”.

 

Qulu Məhərrəmlinin sözlərinə görə, tibb işçiləri virusa qarşı mübarizənin ön cəbhəsində dayanırlar.

 

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı tibb işçilərinin hər zaman günümüzün qəhrəmanı olduğunu bildirir.

“Kimin üstünə xəstəliyin nə zaman gələcəyi, xəstəliklə bağlı həkimə nə vaxt müraciət edəcəyi məlum deyil. Həkimlər hər zaman gözlənilməz suallarla, gözlənilməz vəziyyətlə qarşılaşırlar. İnsana həyat verən məhz həkimlərdir. Zamandan asılı olmayaraq həkimlər hər zaman qəhrəmadır”.

Sabir Rüstəmxanlının sözlərinə görə koronavirusla bağlı həkimlər yenədə öz bacarıqlarını göstərəcək.

 

Akademik Akif Əlizadə də keçdiyimiz bu ağır dönəmdə deyil, hər zaman həkimlərin qəhrəman olduğunu bildirir.

“Həkimlər hər zaman müsbət şəkildə qiymətləndirilir. Canla-başla öz işlərini yerinə yetirən həkim hər zaman təqdirəlayiqdir. Koronavirusla bağlı olaraq isə tibb işçiləri öz işlərini layiqincə yerinə yetirir”.

 

Səkinə ƏLƏKBƏR

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?