Modern.az

Müharibə ailələrindən olan gənclər kurslara cəlb edilib

Müharibə ailələrindən olan gənclər kurslara cəlb edilib

Aktual

20 Aprel 2012, 16:26

Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi Qarabağ müharibəsindən zərər çəkən ailələrin məşğulluğunun artırılması istiqamətində yeni layihənin icrasına başlayır. Təşkilatın sədri Xalid Kazımovun sözlərinə görə, «Qarabağ müharibəsindən zərər çəkən ailələrdən olan şəxslər üçün dərziliklə bağlı kursların təşkili» layihəsi 6 ay müddətində davam edəcək.
X.Kazımov deyib ki, kurslar təşkilatın Bərdə rayonunda yerləşən ofisində keçiriləcək: «Kurslara Bərdə, Ağdam və Tərtər rayonlarında məskunlaşan qaçqın, məcburi köçkün, həmçinin həmin rayonlarda yaşayan şəhid ailələri, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin ailələrindən olan şəxslər cəlb olunacaq. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Türk İşbirliyi və Kalkınma İdarəsi Başkanlığının (TİKA) Bakı Proqram Koordinatorluğunun da texniki dəstək verdiyi layihə çərçivəsində altı ay mülddətində 60 nəfər dərziliklə bağlı peşə bacarıqlarına yiyələnəcək. Layihə çərçivəsində keçirilən kursların hər birində 20 nəfər iştirakı nəzərdə tutulur. Dərslər həftədə 3 dəfə olmaqla iki qrupda keçiriləcək. Kursları müvəffəqiyyətlə bitirən şəxslərə sertifikatlar təqdim ediləcək. Layihə başa çatdıqdan sonra da təşkilat kursu bitirən gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində iş aparacaq və həmin gənclərin çalışacağı tikiş sexi təşkil ediləcək».

Qeyd edək ki, Regional İnsan Hüquqları və Media Mərkəzi Türk İşbirliyi və Kalkınma İdarəsi Başkanlığının Bakı Proqram Koordinatorluğunun texniki və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə  dəstəyi ilə «Müharibədən zərər çəkən ailələrdən olan uşaqlar üçün kompüter kurslarının təşkili» layihəsini həyata keçirib. Layihə çərçivəsində bu təbəqədən olan 121 nəfərə kompyuter bilikləri verilib. Layihə Türk İşbirliyi və Kalkınma İdarəsi Başkanlığının Bakı Proqram Koordinatorluğunun 2010-cu ildə dəstək verdiyi ən uğurlu layihələrdən biri olub.  Buna görə də layihə Türkiyənin TRT 1 kanalı tərəfindən də işıqlandırılıb.

  Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı