“Azərbaycanda pandemiya xəstəxanalarında heç bir çatışmazlıq yoxdur”.
Bu barədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib. Məlumatda qeyd olunub ki, hazırda koronavirus pandemiyası ilə əlaqədar karantin elan edilən, virusa yoluxmuş xəstələrin müalicə olunduğu xüsusi rejimli xəstəxanalarda təchizat ən yüksək səviyyədədir:
“Pandemiya xəstəxanalarında həkimlərin qorunması və koronavirus xəstələrinin müalicəsi üçün bütün lazımi şərait yaradılıb. Həmin xəstəxanalarda yüksək təchizat bundan sonra da belə davam etdiriləcək”.
Qeyd edək ki, sosial şəbəkələrdə Goranboy rayonunda yerləşən karantin xəstəxanasında tibb işçilərinin eynək və respiratorla təmin olunmadığı haqda məlumat yayılıb. Bildirilib ki, həkimlər məcbur qalaraq bir neçə adi tibbi maskanı üst-üstə taxaraq xəstələrə xidmət göstərirlər.
Xatırladaq ki, Azərbaycanda ümumilikdə 21 xəstəxana pandemiya ilə mübarizə üçün ayrılıb. Bu xəstəxanalardan 6-sı Bakıda, 15-i isə rayonlarda yerləşir.