Bu gün İsraildə parlament seçkiləri keçirilir. Baş nazir Benyamin Netanyahu hakimiyyətdə qalmaq uğrunda ciddi mübarizə aparır. Seçkilərin nəticəsi ölkənin siyasi gələcəyini müəyyənləşdirə, lakin parlamentdə çoxluğun formalaşmaması yeni siyasi böhrana da səbəb ola bilər.
Modern.az xəbər verir ki, xarici KİV-ın məlumatına görə, oktyabrın 27-də keçirilən parlament seçkilərində 7,3 milyondan çox seçicinin səs vermək hüququ var. Seçicilər İsrail parlamentinin – Knessetin 120 deputatını müəyyənləşdirəcəklər.
Seçki məntəqələri yerli vaxtla saat 07:00-da açılıb və saat 22:00-da bağlanmalıdır. İsrail Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, ölkə üzrə 12 018 seçki məntəqəsi və təxminən 18 min seçki qutusu hazırlanıb. Seçkilərin təşkilinə 100 minə yaxın əməkdaş cəlb olunub.
İsrail Mərkəzi Seçki Komissiyası 38 partiya siyahısını təsdiqləyib. Lakin seçkilərdə faktiki olaraq 37 siyahının mübarizə aparacağı gözlənilir. Belə ki, seçkilərə səkkiz gün qalmış, oktyabrın 19-da İsrail ordusunun keçmiş Baş Qərargah rəisi Beni Qantsın rəhbərlik etdiyi “Kaxol-Lavan” partiyası sorğulara əsasən parlament baryerini keçə bilməyəcəyini nəzərə alaraq seçkilərdə iştirak etməmək qərarı verib.
İsraildə hökumət qurmaq üçün Knessetdə ən azı 61 deputatın dəstəyini qazanmaq lazımdır.
Netanyahuya əsas rəqiblər kimlərdir?
Baş nazir Benyamin Netanyahu və onun rəhbərlik etdiyi “Likud” partiyası seçkilərə 2022-ci ildə 64 deputatın dəstəyi ilə qurduqları koalisiyanın tərəfdaşları ilə qatılır.
Bu qüvvələr arasında milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin rəhbərlik etdiyi “Otsma Yehudit”, maliyyə naziri Betsalel Smotriçin təmsil olunduğu “Dini Sionizm – Zehut”, Arye Derinin rəhbərlik etdiyi “Şas” və ultraortodoksal “Birləşmiş Tövrat Yəhudiliyi” partiyası var.
Lakin son illərdə koalisiya daxilində dəfələrlə fikir ayrılıqları yaranıb. Ben-Qvirin partiyası Qəzzada atəşkəsə görə 2025-ci ilin yanvarında koalisiyanı tərk edib, iki ay sonra yenidən geri qayıdıb. “Birləşmiş Tövrat Yəhudiliyi” isə ultraortodoksal yəhudilərin hərbi xidmətə çağırılması məsələsindəki fikir ayrılıqlarına görə 2025-ci ilin iyulunda hökumətdən ayrılıb.
Netanyahunun əsas rəqiblərindən biri İsrail ordusunun keçmiş Baş Qərargah rəisi, mərkəzçi “Yaşar” partiyasının lideri Qadi Eyzenkotdur. O, 2023-cü ilin oktyabrından sonra Netanyahunun hərbi kabinetinə müşahidəçi qismində daxil olsa da, hərbi məsələlərlə bağlı fikir ayrılıqlarına görə 2024-cü ilin iyununda Beni Qantsla birlikdə hökuməti tərk edib.
Digər mühüm siyasi qüvvə keçmiş baş nazir Naftali Bennet və parlament müxalifətinin lideri Yair Lapidin yaratdığı “Birlikdə” alyansıdır. 2021-ci ildə məhz onların rəhbərlik etdiyi sağ, mərkəzçi və sol partiyalardan, eləcə də ərəb Raam partiyasından ibarət koalisiya Netanyahunu hakimiyyətdən uzaqlaşdırmışdı. Həmin hökumət təxminən il yarım fəaliyyət göstərmişdi.
Müxalifətin düşərgəsinə Aviqdor Libermanın rəhbərlik etdiyi dünyəvi millətçi “Bizim Evimiz İsrail” partiyası və Yair Qolanın təmsil olunduğu sol-mərkəzçi “Demokratlar” da daxildir.
Ərəb siyasi qüvvələri – Mənsur Abbasın rəhbərlik etdiyi RAAM və “Birləşmiş Siyahı” isə ayrıca mövqe tutur. Sentyabrda Mərkəzi Seçki Komissiyası onların seçkilərdə iştirakını qadağan etsə də, Ali Məhkəmə bu qərarı ləğv edib.
Netanyahu uzun illərdir İsrail siyasətinin əsas fiqurlarından biridir. Lakin onun hökuməti 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumunun qarşısını ala bilməməsinə, Qəzza zolağında aparılan hərbi əməliyyatlara və ölkənin təhlükəsizlik siyasətinə görə ciddi tənqidlərlə üzləşib.
Seçki kampaniyasında milli təhlükəsizlik, hökumətin məsuliyyəti, korrupsiya ittihamları və ölkənin gələcək idarəçilik modeli əsas müzakirə mövzularına çevrilib.
Keçmiş ordu rəhbəri Qadi Eyzenkot isə hakimiyyətin hesabatlılığının artırılmasını və 2023-cü il oktyabrın 7-də baş verən təhlükəsizlik uğursuzluqlarının araşdırılmasını tələb edir.
![]()
Seçkilərin nəticəsi nəyi dəyişə bilər?
İsrailin seçki sistemi parlamentdə hökumət qurmaq üçün partiyalar arasında koalisiya razılaşmasını zəruri edir. Buna görə də seçkidə ən çox səs toplayan partiyanın liderinin avtomatik olaraq baş nazir olması təmin edilmir.
Seçki nəticəsində heç bir siyasi blok 61 mandat əldə edə bilməsə, hökumətin formalaşdırılması üçün mürəkkəb danışıqlar aparılacaq. Bu halda Netanyahu vəzifəsini müvəqqəti baş nazir kimi davam etdirə, siyasi qüvvələr arasında razılıq əldə olunmadıqda isə ölkə yenidən seçkilərə gedə bilər.
Fələstin əsilli İsrail vətəndaşlarını təmsil edən ərəb partiyalarının parlamentdə qazanacağı mandatlar da siyasi qüvvələr arasındakı tarazlığa təsir göstərə bilər.
Netanyahu hakimiyyətdə qala biləcək?
Benyamin Netanyahu İsrail tarixində ən uzun müddət baş nazir vəzifəsini tutan siyasətçidir. O, ilk dəfə 1996-cı ildə, 46 yaşında hökumətə rəhbərlik edib. 1999-cu ildə Ehud Baraka seçkiləri uduzsa da, 2009-cu ildə yenidən hakimiyyətə qayıdıb və 12 il ərzində baş nazir olub.
2021-ci ildə Naftali Bennet və Yair Lapidin qurduğu koalisiya onu hakimiyyətdən uzaqlaşdırıb. Lakin Netanyahu 2022-ci ilin dekabrında yenidən baş nazir postuna qayıdıb.
Oktyabrın 21-də 77 yaşı tamam olan Netanyahu İsrail tarixində baş nazirliyə namizəd olan ən yaşlı siyasətçi kimi seçkilərə qatılır. O bu baxımdan 1992-ci ildə 76 yaş səkkiz aylığında seçkilərdə iştirak etmiş İshak Şamirin rekordunu yeniləyir.
Netanyahunun çətin siyasi vəziyyətlərdən çıxmaq bacarığına görə İsrail mediası hələ 1990-cı illərdə ona “sehrbaz” ləqəbi vermişdi. Baş nazirin keçmiş müşaviri Mark Regev sentyabrda onun yenidən seçkilərdə qalib gələ biləcəyini söyləyərək “O, həmişə papaqdan dovşan çıxarır” ifadəsini işlədib.
Bununla belə, hazırkı seçki kampaniyası əvvəlkilərdən fərqlənir. 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumu İsrailin təhlükəsizlik sisteminin ən ciddi uğursuzluqlarından biri hesab olunur. Həmin vaxt ölkəyə Netanyahu rəhbərlik edirdi. Müxalifət və həlak olanların yaxınları hücumun şəraitini və hökumətin məsuliyyətini araşdırmaq üçün müstəqil dövlət komissiyasının yaradılmasını tələb edirlər.
Bundan əlavə, Netanyahunun rüşvət, dələduzluq və etimaddan sui-istifadə ittihamları ilə bağlı məhkəmə prosesləri davam edir. Baş nazir ittihamları rədd edir. O, ötən ilin noyabrında İsrail prezidenti İsxak Hersoqa əfv olunması üçün müraciət edib. Lakin müraciətlə bağlı hələ qərar verilməyib.
Netanyahunun üstünlüklərindən biri onun rəqibləri arasında hamının qəbul etdiyi vahid liderin olmamasıdır. Sentyabrda “dəyişiklik düşərgəsi”nin liderləri hökumət formalaşana qədər bir-birlərinə qarşı hücumlardan çəkinmək barədə birgə bəyanat imzalayıblar.
Onlar ultraortodoksal yəhudilərin hərbi xidmətə çağırılması, oktyabrın 7-də baş verənlərin araşdırılması üçün dövlət komissiyasının yaradılması, baş nazirin səlahiyyət müddətinin məhdudlaşdırılması və Konstitusiyanın hazırlanması məsələləri üzrə işçi qrupları yaratmaq barədə də razılığa gəliblər.
İsraildə əksər ölkələrdən fərqli olaraq vahid yazılı Konstitusiya yoxdur. Onun funksiyasını Əsas qanunlar toplusu yerinə yetirir. Bununla belə, müxalifət düşərgəsi vahid baş nazir namizədini müəyyənləşdirməyib.
![]()
Sorğular müxalifətin üstünlüyünü göstərir, amma çoxluq yoxdur
İsrailin 12-ci kanalının son sorğusuna əsasən, respondentlərin 44 faizi Qadi Eyzenkotu baş nazir vəzifəsinə ən uyğun siyasətçi hesab edir. Netanyahuya üstünlük verənlərin payı isə 38 faizdir. Əvvəlki sorğu ilə müqayisədə aradakı fərq 11 faiz bəndindən 6 faiz bəndinə enib.
Eyni sorğuda “dəyişiklik düşərgəsi” də üstünlük əldə edib. Nəticələrə görə:
“Yaşar!” – 23 mandat;
“Likud” – 21 mandat;
“Birlikdə” alyansı – 15 mandat;
“Demokratlar” – 10 mandat;
“Şas”, “Bizim Evimiz İsrail” və “Otsma Yehudit” – hər biri 8 mandat;
“Birləşmiş Tövrat Yəhudiliyi” – 7 mandat;
Smotriçin bloku – 6 mandat qazana bilər.
Ərəb partiyalarının birlikdə 14 mandat qazana biləcəyi proqnozlaşdırılır. Bunun 9 mandatının “Birləşmiş Siyahı”, 5 mandatının isə RAAM tərəfindən əldə ediləcəyi gözlənilir.
Beləliklə, sorğuya əsasən, hazırkı hakim koalisiya 50, müxalifətin dörd sionist partiyası isə 56 mandat qazana bilər. Bu göstəricilər heç bir düşərgənin təkbaşına hökumət qurmaq üçün tələb olunan 61 mandata çatmadığını göstərir.
Ekspertlər deyirlər ki, hazırkı koalisiyanın hakimiyyəti qoruyub saxlaması çox çətin görünür.
Analitiklərin fikrincə, müxalifət yüksək seçici fəallığını təmin edə bilsə, parlamentdə çoxluq qazana və ya azlıq hökuməti yarada bilər.
Seçkinin nəticəsinə təsir edə biləcək ikinci mühüm amil ərəb seçiciləridir. Sorğular ərəb partiyalarına 12–15 mandat proqnozlaşdırır.
Xaricdə yaşayan və səs vermək üçün İsrailə gələn vətəndaşların mövqeyi də nəticəyə təsir edə bilər. İsrail qanunları ölkə xaricində qiyabi səsverməyə imkan vermir. Bu seçicilər arasında həm Netanyahu tərəfdarları, həm də onun əleyhdarları var, lakin onların ümumi siyasi meyli dəqiq məlum deyil.
İsraildə hökumət qurmaq niyə çətinləşə bilər?
Seçkilərin nəticələri sorğulardakı mənzərəyə uyğun olarsa, heç bir blok parlamentdə tələb olunan 61 mandatı əldə edə bilməyəcək. 12-ci kanalın sorğusuna əsasən, müxalifət bu həddə çatmaq üçün təxminən beş mandata ehtiyac duyacaq.
Mümkün variantlardan biri azlıq hökumətinin yaradılmasıdır. Lakin belə bir hökumət Knessetdə səsvermələr zamanı ərəb partiyalarının mövqeyindən asılı olacaq. Yeni hökumətin formalaşması üçün ərəb deputatlarının səsvermədə bitərəf qalması tələb oluna bilər.
İsrail müxalifətində bu məsələyə vahid yanaşma yoxdur. Eyzenkot müxalifət 58–59 mandat əldə edərsə, azlıq hökuməti yaratmaq ehtimalını mümkün sayır. Bennet və Lapid isə ərəb deputatlarının dəstəyindən və ya bitərəfliyindən asılı olmayan “sionist hökumət” qurulmasını tələb edirlər.
Liberman azlıq hökumətinə, hətta müvəqqəti həll kimi də qarşı çıxır və son variant olaraq yeni seçkilərin keçirilməsinə üstünlük verəcəyini bildirir. O, alternativ variant kimi Netanyahunun iştirakı olmadan “Likud” deputatlarının hökumətə cəlb edilməsini də təklif edir.
Digər mümkün yol “Likud”un müttəfiqi olan ultraortodoksal partiyalarla razılaşmaqdır. Sentyabrın sonunda 12-ci kanal “Birləşmiş Tövrat Yəhudiliyi”nin bəzi deputatlarının Eyzenkot hökumətinin yaradılmasına mane olmayacaqları barədə xəbərdarlıq etdiyini bildirmişdi.
Bunun səbəbi Netanyahunun yeşiva tələbələrinin hərbi xidmətdən azad olunmasını qoruyacaq qanunu qəbul etməməsi ilə bağlı narazılıq idi. “Şas” partiyasının rəhbəri isə belə qanun qəbul edilmədən partiyasının yeni hökuməti dəstəkləməyəcəyini və onun tərkibinə daxil olmayacağını bildirib.
“Dəyişiklik düşərgəsi”nin nümayəndələri isə bu təşəbbüsə qarşı çıxırlar.
Nəzəri baxımdan başqa bir variant “Likud” və “Yaşar” partiyalarının iştirakı ilə geniş koalisiya yaratmaq və baş nazir postunu növbəli şəkildə bölüşdürməkdir. Lakin Eyzenkot Netanyahu ilə eyni hökumətdə işləməyəcəyini bildirib.
Ekspertlər ən real ssenarilərdən birinin heç bir siyasi blokun çoxluq əldə edə bilməməsi olduğunu bildirirlər. Bu vəziyyət yeni növbədənkənar seçkilərə gətirib çıxara bilər.
A.Qorxmaz