Modern.az

Səhiyyə Nazirliyi Rusiya nümunəli “mütəxəssis sertifikatları”nı tanımalıdır - NARAZI TƏLƏBƏLƏR

Səhiyyə Nazirliyi Rusiya nümunəli “mütəxəssis sertifikatları”nı tanımalıdır - NARAZI TƏLƏBƏLƏR

Aktual

30 Aprel 2020, 14:10

“Rusiyanın tibb universitetlərində baza və 2 illik ordinatura təhsili almış Azərbaycan vətəndaşlarına verilən “mütəxəssis sertifikatının” səhiyyə nazirliyi tərəfindən tanınmır.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Azay Quliyev parlamentin keçən plenar iclasında məsələ qaldırıb.

 

Deputat bu məsələni  Səhiyyə Nazirliyi ilə ilkin müzakirə etdiyini bildirib:

 

“Bəlli oldu ki, Nazirlər kabinetinin 18 mart 2010-cu il tarixli 50 №-li qərarına əsasən nazirlik 2011-ci ildən etibarən Rusiyada ordinatura təhsili almış Azərbaycan vətəndaşlarına verilən “mütəxəssis sertifikatını” tanımır”.

 

Deputat deyib ki, qərara görə Rusiyada “mütəxəssis sertifikatı” alan həkimlər Azərbaycanda seçdikləri ixtisas üzrə işləmək üçün Rusiyada aldıqları ordinatura təhsilindən əlavə olaraq bura da rezidentura təhsili almalıdırlar:

 

“Belə çıxır ki, vətəndaş 6 il universitetdə baza təhsili və 2 il ordinaturada ixtisas təhsili, yəni toplam 8 il tibb təhsili aldıqdan sonra gəlib Azərbaycanda da ixtisasdan asılı olaraq 2 ildən 5 ilə kimi əlavə rezidenturada təhsil almalıdırlar. Bu da edir 13 il. Yəni, vətəndaş seçdiyi ixtisas üzrə ölkədə həkim işləmək üçün 13 il oxumalıdır. Onu da qeyd edim ki, bizdən fərqli olaraq bir çox Avropa və Yaxın Şərq ölkələrində Rusiyada alınan “mütəxəssis sertifikatlarının” tanınmasında heç bir problem yoxdur, ordinatinaturanı bitirən həkimlər həmin ölkələrin sertifikat imtahanını verərək seçdikləri ixtisaslar üzrə həkim işləyə bilirlər. Digər bir məsələ ondan ibarətdir ki, Nazirlər Kabineti tərəfindən 2010-cu ildə qəbul edilən qərar keçid müddəti nəzərə alınmadan dərhal 2011-ci ildən etibarən qüvvəyə minib. Nəticədə 2004 və və ya 2005-ci illərdə universitetlərə daxil olan tələbələr də bu qərarın təsiri altına düşüb. Çox böyük əziyyətlə tibb təhsili alıb vətənə dönən həkimlərimiz belə bir məhdudiyyətlə üzləşməli olublar. Onlar axı universitetə daxil olan dövdə hardan bilərdilər ki, 7-8 ildən sonra Nazirlər Kabinetinin belə bir qərarı olacaq. Düşünrəm ki, bu baxımdan da qərarı ədalətli saymaq mümkün deyil”.

 

Məsələ ilə bağlı Rusiyada təhsil alan tələbələr və onların valideynləri Modern.az-a məktub ünvanlayıblar.

 

Həmin məktubu təqdim edirik:

 

"Azərbaycan və Rusiya arasında iqtisadi-ticarət və humanitar sahələri üzrə əlaqələrin inkişafı Ölkəmiz üçün vacib və strateji məsələlərdən biridir. Bunun bariz nümunəsi kimi Rusiya Federasiyası (RF) Şurasının spikeri Valentina Matviyenko və Azərbaycan Respublikasının (AR)  Birinci vise-prezidenti Mehriban Əliyevanın 23 noyabr 2019-cu ildə Moskvada şəhərində keçirilmiş 10-cu Azərbaycan – Rusiya regionlararası Yubiley Forumda əldə edilmiş razılaşmanı göstərmək olar.

Buna baxmayaraq  Ölkəmizdə RF-da  ali tibb təhsilini bitirmiş və diplomdan sonrakı ordinatura təhsilini keçmiş  həkimlərin, AR Səhiyyə Nazirliyi (SN) tərəfindən “mütəxəssis sertifikatlarını” tanımaqdan imtina edir.

Belə ki, AR “Təhsil haqqında” Qanunun 22.6. maddəsinə və ya AR Nazirlər kabinetinin 18.03.2010-cu il tarixli 50 №-li qərarına istinad edərək, 2011-ci ildən etibarən, ölkəmizdə həkim-mütəxəssislərin hazırlanması rezidenturada (2-5 il) təhsil alma yolu ilə həyata keçirilir.

Bununla yanaşı, mövcud qanunda, RF nümunəsi olan “... sertifikatın” rəsmi olaraq tanınmaması  bildirişi olmasa da, AR SN həmin qanuna əsaslanaraq 2011-ci ildən sonrakı dövrlərdə RF tərəfindən verilmiş “... sertifikatı” tanımaqdan imtina edır.

Hazırda problemin həllində yer almış ziddiyyətlər aşağıda göstərilən mövcud qanunvericilik aktları ilə də uzlaşmır:

2000-ci ildə AR və RF qanunları ilə də ratifikasiya olunmuş “Avropa regionunda ali təhsil ilə əlaqədar ixtisasların tanınması haqqında” Konvensiya;

“RF Hökuməti və AR Nazirlər kabineti arasında təhsil haqqında sənədlərin qarşılıqlı tanınması haqqında Saziş: maddə 7 ” (Bakı şəhəri, 13 may 2003-cü il № 455-IIQ).

Sonuncu qanunvericilik aktına əsasən “ 5 ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq AR və RF-da verilən, mütəxəssis  kvalifikasiyasının alınmasını təsdiq edən ali peşə  təhsili haqqında diplom, müvafiq olaraq RF və AR-da qarşılıqlı olaraq hər iki Dövlət qanunvericilik aktları əsasında tanınır. İşə qəbul zamanı bu diplomların  sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır”.

Mövcud “Rezidentura haqqında” Qanun qüvvəyə mindikdən sonra, artıq 2012-ci ildən başlayaraq, vətəndaşlarımız, RF tibb universitetlərində təhsil almaq istəyindən praktiki olaraq uzaqlaşmışlar. Bununla yanaşı, 2011-ci ildə (rezidentura haqqında qanun qəbul edildikdə ), RF tibb universitetlərinə qəbul olunmuş tələbələrə və klinik ordinatorlara, təhsil aldıqları dövrlərdə, nə AR, nə də RF-ın aidiyyəti qurumları tərəfindən Rusiya nümunəli “... sertifikatların”Azərbaycanda tanınmaması barədə rəsmi olaraq heç bir xəbərdarlıq edilməmişdir.

Hətta, xəbərdarlıq olunduğu fərz etsək belə, 2011-ci ildə RF tibb universitetlərinə qəbul olmuş hər bir kəs (tələbə və ya klinik ordinator), Azərbaycan tibb universitetində təhsilini davam etmək üçün, ora köçürülməsinin reallıqdan uzaq olduğu səbəbindən, Rusiyadakı təhsilini dayandırmağı özünə rəva görməzdi.

 

Digər tərəfdən, “Rezidentura haqqında” Qanunun, səmərəli təkliflər əsasında işlənib hazırlandığını güman etsək belə, onun təsiri, mövcud “Konvensiya ...” tələblərinə və qeyd edilən bir sıra real vəziyyətdən irəli gələn şərtlərə zidd olmamalıdır. Bu baxımdan, hazırda bir çox inkişaf etmiş ölkələrin tibbi təhsil sistemindən heç də geri qalmayan Rusiya nümunəli “... sertifikatların” tanınması da istisna edilməməlidir. Belə ki, təkcə bir sahə nümunəsi üzrə götürdükdə (otolarinqologiya), 2-illik ordinatura təhsil dövrü 1484 akademik saat, çalışqanlıq göstəricisi isə 120 zaçot vahidi təşkil edir ki, bu da praktiki olaraq qeyd edilən sahə üzrə (4 illik rezidentura dövründə 240 kredit sayı müqayisəsində),  Azərbaycanda tələb olunan proqramın həcminə uyğun gəlir.

 

Nəticə etibari ilə, əsassız dəlillərə istinad edərək, RF “... sertifikatının” Azərbaycanda tanınmaması və bu qərarın rəsmi olaraq mövcud Qanunda əks edilməməsi, ən pis halda, yalnız Qanunun qüvvəyə mindiyi ildən (2011-ci ildən sonra), yəni 2012-ci ildə RF tibb universitetlərinə qəbul edilənlər üçün tədbir edilə bilərdi. Digər bütün hallarda isə, sertifikatların tanınması, Dünya praktikasında olduğu kimi, sınaq imtahanları verməklə həyata keçirilməsi daha obyektiv olardı.

AR SN tələblərinə əsaslansaq, RF “... sertifikatı” olan həkimlər, Azərbaycanda, ixtisası üzrə işləmək üçün, əlavə olaraq ölkədə rezidentura təhsili almalıdır. Belə bir tələbin realliqdan uzaq olması ondan irəli gəlir ki, RF 8 illik təhsildən sonra  (6 il universitetdə və 2 il ordinaturada), rezidenturada əlavə olaraq 2-5 illik təhsil (cəmi 10-13 il) alıb, 1 il də hərbi xidmət keçdikdən sonra (oğlanlar üçün) mütəxəssis kimi həkim, praktiki fəaliyyətə yalnız 31-32 yaşlarinda qədəm qoya bilər (elmlə məşğul olmaq istəyi isə bu halda ümumiyyətlə müzakirə edilə bilməz).

Digər tərəfdən, təsəvvür etsək ki, sayı heç də az olmayan Rusiya “ ... sertifikatlı” həkimlər, Azərbaycanda, onsuz da məhdud sayda rezidenturaya ayrılmış yerlərə bir arada yüzlərlə yerli məzunlarla iddia etmiş olarsa, obyektiv səbəblər üzündən, onların  öz ixtisasları üzrə qəbul edilməsi absurd olur.

Bu və ya digər ixtisas üzrə son dərəcə məhdud sayda ayrılmış yerlər, həmçinin məmurlar tərəfindən problemin primitiv üsulla “baltalamaqla” aradan qaldırılması istəyi, Rusiya nümunəli sertifikatlı on minlərlə gənc həkimləri Azərbaycanda qəfil haqlamış olur. Bu da öz növbəsində minlərcə yüksək səviyyəli mütəxəssis həkimlərin nəyinki öz ölkəsində, hətta xarici ölkələrdə də işləmək ümidindən məhrum etmiş olur.

Məlumdur ki, bəzi Avropa və Yaxın Şərq ölkələrində Rusiya “... sertifikatlarını” tanıması ilə yanaşı, stajı 3 ildən az olmayan həkimlərə uzunmüddətli iş vizası verilir, müqavilə əsasında işə qəbul edilir və 3 ay müddətində hazırlaşıb sınaq imtahanlarını (baza ali tibb təhsili və tibb ixtisasları üzrə praktiki biliyi əsasında) vermək üçün şərait yaradılır. Olduğu ölkələrinin “... sertifikatını” aldıqda isə, onlar, mütəxəssis kimi işlə təminatda heç bir problemlə üzləşmirlər.

Azərbaycanda, Dünya praktikasından fərqli olaraq, Rusiya təhsilli “... sertifikatlı” həkimlər, ölkəsində yuxarıda qeyd edilən şərtlərdən məhrum olmaqla yanaşı, həm də, istər, MDB ölkələrində (vətəndaşlıq statusunun olmadığı səbəbdən), istərsə də, Avropa və Yaxın Şərq ölkələrində (sənədləşmədə AR SN tərəfindən tanınmamış sertifikatları AR Xarici İşlər Nazirliyi,  apostil ilə təsdiq edilməməsı səbəbdən) işləmək imkanlarından da məhrum edilmiş olurlar.

Rusiya təhsilli həkimlərə qarşı Ölkəmizdə yer almış qeyri obyektiv münasibətin yaranması, Dövlətlərimiz arasında, son zamanlar bütün sahələr üzrə əməkdaşlığın daha da yaxşılaşdırması prinsiplərinə də zidd olduğunu nümayiş etdirir.

Yuxarıda qeyd edilmiş 10-cu Azərbaycan-Rusiya regionlararası Forumda uzunmüddətli əməkdaşlıq planı ilə yanaşı olaraq humanitar sahədə, xüsusən də təhsil sahəsindəki əməkdaşlığa xüsusi diqqət yetirilmışdir.

Tədbirdə RF Şurasının spikeri Valentina Matviyenko çıxış edərək, iki Dövlət arasında 140-a yaxın dövlətlərarası və hökumətlərarası müqavilə və sazişlərin qüvvədə olduğunu bildirmişdir.

AR Birinci vise-prezidenti Mehriban Əliyeva isə öz çıxışında hazırda Azərbaycanda 11000-dən çox tələbənin Rusiyada təhsil aldığını vurğulamışdır. Onların böyük əksəriyyəti, RF-ın təhsil nazirliyin məlumatına əsasən məhz tibb universitetlərin tələbələri olduğu bildirilir. Öz çıxışında, eyni zamanda, Mehriban xanım, Bakı şəhərində RF-nın ən böyük 2 universiteti – M.V. Lomonosov adına Moskva Dövlət universitetinin və İ.M. Seçenov adına 1-ci Moskva Dövlət Tibb Universitetinin filiallarınin fəaliyyət göstərməsini də qeyd etmişdir. Perspektiv planların bariz nümunəsi kimi, vise-prezidenti Mehriban Əliyeva, Azərbaycan Diplomatik Akademiyası ilə Moskva Dövlət Beynəlxalq Münasibətlər Institutu arasında birgə ikili magistr diplomları proqramının həyata keçirilməsi təməlinin qoyulmasını da yüksək tribunadan qeyd etmişdir.

Redaksiyamızın adından onu da əlavə etmək istərdik ki, AR Prezidenti, cənab İlham Əliyevin  “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyasının təsdiq edilməsi haqqındakı Sərəncamını”  əsas tutaraq, orada xüsusilə nikbin münasibətin yer tutması, bu problemin hüquqi tənzimlənməsinə ümid yaratmış olur. Bu da öz növbəsində, Azərbaycan ilə RF arasında davamlı tibbi təhsil sahəsində itirilmiş bəzi əlaqələrin bərpa edilməsinə təminat vermiş olur. 

Bu baxımdan, Rusiya universitetlərində 2 illik ordinatura təhsilindən sonra verilmiş “mütəxəssis sertifikatının” (2012 – və sonrakı illərdə qəbul edilmiş tələbələr istisna olmaqla) AR SN tərəfindən tanınması üçün AR Nazirlər kabinetinin 18.03.2010-cu il tarixli 50 №-li qərarında müvafiq dəyişiklərin və ya əlavələrin edilməsi, problemin həlli üçün zəmin yaratmış olur.

 

Əlaqə saxlamaq üçün:

AZ1130, Bakı, Əcəmi Naxçıvani küçəsi, ev 1, mənzil 71, Fuad Abdullayev. Tel. (+994 55) 677 28 38. E-mail: abdulla_[email protected]

AZ1117, Bakı şəhəri, N. Həşimi küçəsi, 25/45, Rafiq Rzayev. Tel. (+994 50) 212 13 90. E-mail: dr_[email protected]

  1. 04. 2020-ci il"
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada