Modern.az

Makronun İrəvan "performansı": etiraflar və vasitəçilik illüziyası

Makronun İrəvan "performansı": etiraflar və vasitəçilik illüziyası

Analitika

Bu gün, 18:30

Fransa Prezidenti Emmanuel Makronun Ermənistana son səfəri diplomatik etiketdən daha çox, bir tərəfin digərinə "sadiqlik andı" içməsini xatırlatdı.

Makronun İrəvan küçələrində qaçması, rəqs edib mahnı oxuması kimi qeyri-adi görüntüləri fonunda səsləndirdiyi fikirlər, əslində Azərbaycanın illərdir beynəlxalq tribunalardan bəyan etdiyi həqiqətlərin gecikmiş etirafı idi.

Makron çıxışında bildirdi ki, cəmi 8 il əvvəl Ermənistan danışıqlar masasında de-fakto "Rusiyanın peyki" kimi qəbul olunurdu. Bu, Prezident İlham Əliyevin illərdir səsləndirdiyi "Ermənistan müstəqil dövlət deyil, forpostdur" fikrinin ən yüksək səviyyədə təsdiqidir. Fransa prezidenti bu etirafı ilə dolayısı ilə keçmiş münaqişə dövründə Ermənistanın müstəqil tərəf olmadığını və xarici diktə ilə hərəkət etdiyini qəbul etmiş oldu.

44 günlük müharibə dövründə Fransanın birtərəfli mövqeyi heç kimə sirr deyildi. Lakin Makronun "Rusiya 2020-ci ildə sizi tərk etdi, Fransa isə burada idi" deməsi, Parisin həmin vaxtlarda da tərəfsizliyini tamamilə itirdiyinin rəsmi bəyanıdır. Bu "dəstək" indi yeni müstəviyə keçir:

Hərbi sazişlər: İrəvanda imzalanan hərbi texnologiyaların inkişafı, müdafiə sistemləri və hərbi təchizatla bağlı müqavilələr Ermənistanın yenidən silahlandırılmasına xidmət edir. Son səfər zamanı da Ermənistan hərbi ləvazimatlar və helikopterlər də daxil olmaqla bir neçə hərbi saziş imzalanıb. Bu regionda illər sonra yaranmış sabitliyi təhlükə altına almağa xidmət edən yeni addımlar da hesab oluna bilər.

Sanksiya cəhdləri: Fransanın BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı sanksiya təşəbbüsləri Parisin bölgədə sülh deyil, gərginlik tərəfdarı olduğunu illər öncədən göstərib. Bu təşəbbüslər, istər Fransa daxilində, istərsə də beynəlxalq platformalarda ölkəmizi hədəf alan cəhdlər, təşəbbüslər rəsmi Paris barədə çox məyusedici görüntü yaradıb.

Makronun hələ də Fransanın regionda "vasitəçilik rolunu oynamağa davam edəcəyini" bildirməsi siyasi paradoksdur. Bir tərəfə hərbi texnika verən, onun cinayətkar ünsürlərini ("əsirlər" adı altında) müdafiə edən və küçələrində rəqs edən dövlət başçısı heç bir halda neytral vasitəçi ola bilməz.

Nəticə etibarilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə regionda yeni reallıq yaradıb. Makronun "Siz mənə arxalana bilərsiniz" vədi isə Ermənistanı növbəti fəlakətlərə sürükləyən boş bir təsəllidən başqa bir şey deyil. Azərbaycan üçün Fransanın bu cür vasitəçiliyi nə mümkündür, nə də buna ehtiyac var.

Ermənistanın müstəqilliyi küçələrdə Makronla rəqs etməklə deyil, regionun əsas gücü olan Azərbaycanla birbaşa və vasitəçisiz dil tapmaqla mümkündür.

Modern Təhlil və Araşdırma Qrupu

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada