Modern.az

Magistratura, yoxsa dövlət qulluğu? - karyera üçün ən doğru YOL

Magistratura, yoxsa dövlət qulluğu? - karyera üçün ən doğru YOL

Təhsil

Bu gün, 17:24

Bu gün tələbələr arasında ən çox müzakirə olunan məsələlərdən biri ali təhsilin növbəti mərhələsi ilə bağlı seçimdir. Bir qrup tələbə magistratura təhsilini davam etdirərək daha geniş bilik və iş imkanları əldə etməyə üstünlük verir. Digər qrup isə birbaşa dövlət qulluğu üzrə hazırlığa yönəlməyin daha tez karyera qurmaq imkanı yaratdığını düşünür.

Gənclər çox zaman bu iki seçim arasında qərarsız qalırlar. 

Tələbələr üçün daha məqsədəuyğun yol hansıdır?

Modern.az xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az-a ilə açıqlama verən təhsil tədqiqatçısı Rasim Həsənzadə qeyd edib ki, dövlət qulluğu daha çox birbaşa əmək bazarına daxil olmaq, praktiki fəaliyyətə başlamaq və erkən karyera qurmaq imkanı yaradır:

“Magistratura təhsili daha çox elmi inkişaf, akademik düşüncə və ixtisas üzrə dərinləşmə imkanı yaradır. Magistratura sadəcə diplom əldə etmək deyil, eyni zamanda analitik düşünmə, tədqiqat aparma və müəyyən sahədə peşəkarlaşma prosesidir. Yəni magistratura daha çox elm üçündür, özünü inkişaf etdirmək, gələcəkdə akademik fəaliyyətlə məşğul olmaq, müəllimlik, tədqiqatçılıq və ya ixtisaslaşmış sahələrdə peşəkar olmaq istəyənlər üçün daha uyğun seçimdir. Bu mərhələ insanın dünyagörüşünü genişləndirir və ona daha sistemli düşünmə bacarığı qazandırır.

Digər tərəfdən, dövlət qulluğu daha çox birbaşa əmək bazarına daxil olmaq, praktiki fəaliyyətə başlamaq və erkən karyera qurmaq imkanı yaradır. Dövlət qulluğuna hazırlaşmaq, əslində, konkret bilik və bacarıqların tətbiqinə yönəlmiş bir prosesdir. Bu yol daha çox praktik yönümlü, strukturlaşdırılmış və nəticəyönümlü karyera istəyənlər üçün uyğundur. Burada əsas məqsəd qısa və orta müddətdə iş əldə etmək, dövlət sistemində təcrübə toplamaq və karyera pillələri üzrə irəliləməkdir”.

Magistratura təhsili və dövlət qulluğu bir-birinin alternativi olmaqdan çox, fərqli istiqamətlərdir:

“Tələbələrin düşündüyü kimi magistratura təhsili olmadan dövlət qulluğuna hazırlaşmağın mümkün olmaması fikri isə tam doğru deyil. Reallıq ondan ibarətdir ki, dövlət qulluğuna qəbul üçün əsas tələb bakalavr səviyyəsində diplom, bilik, hazırlıq səviyyəsi və imtahan nəticələridir. Magistr diplomu bəzi hallarda üstünlük yarada bilər, lakin bu, zəruri şərt deyil. Əsas olan düzgün strategiya ilə hazırlaşmaq və tələb olunan kompetensiyaları əldə etməkdir.

Ən doğru seçim isə hər kəs üçün fərqli ola bilər. Əgər tələbə özünü gələcəkdə akademik sahədə, elmi fəaliyyətdə və ya ixtisas üzrə dərin bilik sahibi kimi görürsə, magistratura onun üçün daha uyğun yoldur. Əgər məqsəd daha tez zamanda iş həyatına atılmaq, iqtisadi müstəqillik qazanmaq və praktiki təcrübə toplamaqdırsa, bu halda dövlət qulluğuna yönəlmək daha rasional seçim ola bilər.

Nəticə etibarilə, magistratura və dövlət qulluğu bir-birinin alternativi olmaqdan çox, fərqli istiqamətləri təmsil edir. Biri elmi və nəzəri inkişafı, digəri isə praktiki fəaliyyət və karyera quruculuğunu ifadə edir. Əsas məsələ isə gəncin öz potensialını, maraqlarını və gələcək hədəflərini düzgün qiymətləndirərək ona uyğun yolu seçməsidir. Doğru seçim başqalarının deyil, məhz insanın öz məqsədlərinə xidmət edən seçimdir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada