Sinqapurda 2027-ci ildən etibarən məktəblərdə bullinq (şagirdlər arasında zorakılıq və təhqir halları) ilə mübarizə məqsədilə yeni cəza mexanizmi tətbiq ediləcək.
Modern.az xəbər verir ki, bu barədə “The Straits Times” nəşri məlumat yayıb.
Məlumata görə, yeni qaydalara əsasən, bullinq hallarında son çarə kimi şagirdlərə çubuqla fiziki cəza verilməsi nəzərdə tutulur. Sinqapur Təhsil naziri Desmond Li bildirib ki, bu tədbir yalnız digər bütün intizam üsulları nəticə vermədikdə tətbiq ediləcək.
Nazirin sözlərinə görə, belə cəzaların tətbiqi məktəb direktorunun təsdiqi ilə həyata keçiriləcək və yalnız səlahiyyətli müəllimlər tərəfindən icra olunacaq. Eyni zamanda, şagirdin yaşı və bu cəzanın onun davranışına təsir edib-etməyəcəyi kimi faktorlar da nəzərə alınacaq.
Desmond Li qeyd edib ki, bu addım məktəblərdə bullinqin azalmasına və daha təhlükəsiz təhsil mühitinin formalaşmasına xidmət edəcək:
“Bu yanaşma göstərir ki, uşaqlar və yeniyetmələr davranışlarının ciddi nəticələri olduğunu bildikdə daha düzgün qərarlar verirlər”.