Avropanın bir sıra ölkələrində evlilik tələb olunmadan partnyorların viza müraciətinə imkan verən sistemlər mövcuddur.
Modern.az xəbər verir ki, Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, Finlandiya, Fransa, Niderland, İspaniya, İsveç (Sambo vizası), İsveçrə, İtaliya və Norveç bu kateqoriyaya daxil olan ölkələr sırasındadır. Bəzi dövlətlərdə xüsusi “sevgili vizası” adı ilə proqram olmasa da, mövcud viza qaydaları çərçivəsində qısa müddətli görüşlər üçün ailə və ya qonaq vizasından istifadə imkanı mövcuddur.
Partnyor vizasına müraciət edən şəxslərdən əsasən etibarlı pasport, səfər xərclərini qarşılaya biləcək maliyyə imkanının sübutu, təmiz məhkumluq arayışı və əvvəlki viza qaydalarının pozulmaması tələb olunur. Eyni zamanda, xaricdə yaşayan partnyordan alınan rəsmi dəvət məktubu münasibətin həqiqiliyini təsdiqləyən əsas sənədlərdən biri hesab edilir.
Müraciət prosesi isə ölkələrin konsulluqları və ya viza mərkəzləri vasitəsilə həyata keçirilir. Bu mərhələ ərizə formasının doldurulması, sənədlərin hazırlanması, randevu alınması, biometrik məlumatların verilməsi və zəruri hallarda müsahibənin keçirilməsini əhatə edir.
Tələb olunan sənədlər sırasında ən azı 3 ay etibarlı pasport, son 6 ayda çəkilmiş biometrik fotoşəkillər, ərizə forması, dəvət məktubu, gediş-dönüş biletləri, bank çıxarışı, viza rüsumu qəbzi və minimum 30 min avro təminatlı səyahət sığortası yer alır. Bəzi hallarda isə əlavə sənədlərin təqdim edilməsi də tələb oluna bilər.
Qaydalar çərçivəsində xaricdə yaşayan partnyor tərəfindən yazılan dəvət məktubu xüsusi əhəmiyyət daşıyır. Məktubun müraciət edilən ölkənin dilində, rəsmi quruma ünvanlanmış şəkildə hazırlanması, tərəflərin məlumatlarını, münasibətin xarakterini və səfərin məqsədini aydın şəkildə əks etdirməsi vacibdir.