Əkbər QOŞALI
Aprel ayı başa çatdı, yeni ay başlayır və 2020-ci ildə bu, yalnız adi təqvim dəyişməsi olmayıb, bütöv bir karantin ayından ümid ayına keçid deməkdir. – Demək olar, hazırki vətəndaşlarımız heç vaxt (ölkə boyu) belə karantin yaşamamışdır. Beləliklə, hələ martdan başlamış və aprelin tamamını qapsamış karantinin indiki – yumşalma mərhələsində nələri müşahidə edirik, hansı fərqləndirmələri qeyd etmək mümkündür və yeni ay(lar) necə görünür?
İlk növbədə, xalqımız ötən günlər ərzində təmkinli davrandı, dövlətin tətbiq etdiyi məhdudiyyətləri anlayış və ləyaqətlə qarşıladı. Xalqın xeyirxahlıq yönü qabardı, minlərlə ailə sovqat aldı, nə qədər könül ovuduldu, ev ziyarət olundu… Digər tərəfdən, sanki təbiət, hava tənəffüs etdi; örnəyi, rəsmi bilgilərə görə paytaxt Bakının havası uzun illərdən bəri ilk dəfə bunca təmiz olmuşdur.
Dövlət orqanlarımız, əlbəttə, şəxsən dövlət başçımızın şəxsi nəzarəti sayəsində yeni dönəmin şərtlərinə uyğun çalışma moduna köklənə bildi, müəyyən sahələrdə Azərbaycan təcrübəsi qazanıldı…
Əlbəttə, bu qəbilən olan addımların, hadisələrin siyahısını uzada bilərik, bununla belə, vacib bir məqama toxunmaqda yarar var. – Bu da, ibarət olsun ondan ki, hazırda xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı, bir çox vətəndaşımızda, sanki təhlükənin sovuşduğu ovqatı yaranmış kimi görünür. – Şükür Tanrıya, itkilərimiz azdır, rəsmi statistika ümidləri artırır, dövlət nəzarəti inamı gücləndirir və s. Lakin unutmayaq ki, pandemiyadan irəli gələn karantin rejimi məhdudiyyətlərinin bəzisinin aradan qaldırılması özlüyündə nə qədər xoş təsir bağışlasa da, vətəndaşlarımız arasında virusa yoluxma hallarında artım ola, prosesin ikinci dalğası başlaya bilər. Vətəndaş fərqində olmalıdır ki, “COVID-19” uzunmüddətli prosesi, xüsusi diqqəti özündə ehtiva edərək, ciddi münasibəti əskiltməməyi tələb edir. Bu səbəbdən mövcud qaydalara əməl olunması, profilaktik tədbirlərin davam etdirilməsi öz zəruriyyətini saxlamaqdadır. – Necə deyərlər, karantin rejimini dövlət yumşaldıb – lap yaxşı, biz özümüzsə, öz rejimimizi mümkün miqdar yenə saxlayaq – bu da olsun, ikiqat yaxşı…
Tələb olunanlarsa, fövqəladə, çətin, həlli mürəkkəb məsələlər deyil, əlbəttə. – Neynəyəcəyik? – Gigiyena qaydalarına ciddi riayət edəcək, maarifləndirici proqramlara, ədəbiyyata biganə qalmayacaq, ötən günlər ərzində sınaqdan çıxmış təmizkarlığımızı “bir nəfər hamı, hamı bir nəfər üçün” şüarı ilə sürdürəcəyik.
Özünütəcridin, “Evdə qal!” kampaniyasının “yumşaq rejim”də də davam etdirilməsi ümumi işin xeyrinədir; özəlliklə, koronovirusla bağlı həssas qrup sayılan yaşlı insanlarımızla bağlı qayğı, diqqət azalan yox, artan qaydada davam etməlidir.
Sahə mütəxəssislərinin belə bir ortaq fikri yayğındır ki, xüsusi karantin rejimindəki məhdudiyyətlərin sanitar-epidemioloji ortamdan asılı olaraq mərhələ-mərhələ yumşaldılması məqsədəuyğundur; amma epidemioloji durum tələb edərsə – xəstəliyin dinamikasında artım olarsa, karantin rejiminin yenidən sərtləşdirilməsi, uyğun məhdudiyyətlərin yenidən tətbiqi qaçınılmaz ola bilər. – Demək, rejimin sərtliyi, yumşaqlığı bir baxıma, bizim hər birimizin davranışmızdan, anlayışımızdan, deyərdim, vətənpərvərliyimizdən ( insanpərvərliyimizdən!) asılıdır.
Beləliklə, indiki durumda çox şey dövlətdən ziyadə, vətəndaşın özündən asılıdır. – Məhdudiyyətlər götürülsə belə, vətəndaş profilaktik tədbirlərə, sanitar normalara uyğun davranınca, yoluxma halları artmayınca, paytaxtımızda, ölkəmizdə gün-güzəran çiçək açar, rahat həyatın zərrin şəfəqləri üzlərə nur səpər…
Bəli, yeni ay, yeni ay boyu növbəti mərhələ başlanır.
Bu yeni ayda əsas tutumumuz, yaxlaşımımız:
- xəstəliyin yeni dalğasına yol verməməklə bağlı şəxsi örnək(lər) göstərmək (o cümlədən şəxsi gigiyena, özünütəcrid);
- kütləvi toplantılara yol verməmək;
- 2 m.-lik sosial məsafəni qorumaq… - bu qəbildən (hər birimiz üçün dərki çətin olmayan) digər addımları atmaq, qaydalara əməl etmək yönündə olsun. – Bu da, bu mərhələdə bizimçün bir milli, bəşəri borc olsun…
Ölkəmiz çiçəklənsin, xalqımız zaval görməsin, dövlətimizin bayrağı uca olsun!