Əkbər QOŞALI
Öz havadarlarına sığınmış işğalçı Ermənistanın, bizim beynəlxalq səviyyədə tanınmış dövlət sərhəddimizin Tovuz rayonu istiqamətindəki mövqelərimizə iyulun 12-sindən başlayan növbəti hücum cəhdinin qarşısı ordumuz tərəfindən alındı. Amma Qarabağdan 240 km. uzaqlardakı Tovuzda olanlar Tovuzda qalmadı. Bir çox yerli və xarici müşahidəçi, ekspert, hərb bilimçiləri eyni ortaq nöqtəyə varıb, deyə bilərik: (rəsmi istilahla ifadə etsək) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində yeni situasiya yaranıb; status-kvo öncəki kimi qala bilməz. Bunu hətta BMT Baş katibi özü ifadə etdi. – İyulun 22-də cənab Antonio Quterreş cənab İlham Əliyevə telefonla zəng edərkən, eynən belə dedi: “Status-kvo həmişəlik davam edə bilməz”. BMT Baş katibinin bu fikri ilə razı olduğunu bildirən dövlət başçımız deyib ki, status-kvo həmişəlik davam edə bilməz və qeyd edib ki, “Azərbaycan həmişə danışıqlar masası arxasında konstruktiv mövqedə olub; lakin Ermənistan Baş nazirinin “Dağlıq Qarabağ Ermənistandır” bəyanatı və digər tərəfdən onun “Azərbaycan Ermənistanla deyil, Dağlıq Qarabağla danışıqlar aparmalıdır” bildirməsi danışıqlar prosesini ciddi şəkildə təhlükə altına salır”.
Bəli, uzun illərdir öz həllini gözləyən və artıq bölgə barışı üçün ciddi təhdid təşkil etdiyi apaydın olan Ermənistan işğalı durdurulmalıdır. Bu durdurulma, kövrək atəşkəslə, hətta lap möhkəm atəşkəslə olmur; sülh gəlməlidir bölgəyə və məhz ədalətli sülh gəlməlidir!
Bəs, qarşı tərəfə – erməni ictimai fikrinə nə hakimdir? – Bu “hakimliy”in “Zaman uzandıqca, Azərbaycan məğlubiyyətə öyərəşəcək; yeni nəsillər Qarabağ uğrunda döyüşmək, ölmək istəməyəcək” düşüncəsindən (düşüncəsizliyindən!) keçdiyi danılmzdır. 2016-cı ilin aprelində bu düşüncədən qidalanan ictimai fikrin yanlışlığı görsənmişdi, görsənməyinə; sonra 2018-ci ilin mayında cəbhənin Günnüt istiqamətindəki irəliləyişimiz düşməni bir daha düşünməyə vadar edəydi gərək; nəhayət, Tovuzda yaşananlar rəsmi İrəvanı düşündürməsə, sülhə yönləndirməsə, olacaqlar olacaq bir kərə. İndi qaçqın-köçkünlüyə vadar ediləsi Azərbaycan yoxdur, vətəndaşları öncbəhəyə qaçan, cavanları döyüşməkçün könüllü yazılan Azərbaycan var bugün! Haqlı ola-ola haqsız duruma salına bilən, hərb müstəvisində qazandıqlarını siyasi-diplomatik müstəvidə uduzan, uduzdurulan Azərbaycanın yerində ciddi beynəlxalq dəstəyi təmin edə bilən, haqlılığını böyük ölçüdə qəbul etdirən Azərbaycandır bugün meydanda. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası, Türk PA, GUAM… ayrıca, Türkiyə, Pakistan, Ukrayna, Bosniya-Hersoqovina… - Azərbaycan tək deyil!
Və ən ümidli olduğu KMTK daxil, Ermənistana ciddi bir dəstək göstərən gördünüzmü? 1992-ci ildə ABŞ-ın “Azadlığı müdafiə Aktı”na bədnam “907-ci düzəliş”i qəbul etdirə bilən Ermənistan diaspor və lobbi gücləri bugün o gücdə deyillər! Daha doğrusu, onlar bəlkə də, o gücdədilər, ancaq biz onların çəkdiyi xətdən daha uzun xətt çəkməyi bacardıq və bacaracağıq (ƏvəlAllah)! ABŞ Konqresi tam da bugünlərdə Ukrayna, Moldava və Gürcüstanla yanaşı Azərbaycan Respublikası ərazilərinin kənar qüvvələr tərəfindən işğalı faktını tanıdı ( -ABŞ Konqresinin Nümayəndələr Palatasının Qaydalar Haqqında Komitəsində, Ermənistanın Azərbaycan ərazilərini işğal faktını dövlət səviyyəsində ilk dəfə tanıyan 296 saylı düzəliş qəbul edilib). Hansı ki həmin Ermənistan həmin ABŞ-ın həmin Konqresində respublikamız əleyhinə qətnamə keçirməyə çalışırdı.
Digər tərəfdən, dünyanın dörd tərəfindəki soydaşlarımız öz haqq səslərini ucaltdı, ucaltmaqda da davam edir. Ermənilərsə dünyanın dörd tərəfində açıq-açığına terrorçu zehniyyətdə olduqlarını nümayiş etdirdi: əli daşlı, köynəyi “ASALA”lı və s. və ilaxır…
Dünyanın dörd yanındakı soydaşlarımız öz haqq səslərini ucaltdığında bir də partlaq, çatlaq səslər gəldi: öz siyasi iddialarının girovuna çevrilmiş, mühacir sözünün özünü də “mahcirətə göndərmiş”lər (XX yüzilliyin əvvəllərində Sovet Azərbaycanından mühacirət etsələr də, çox həyəcanlı ömür yaşasalar da, yenə “Öncə Vətən!” deyənlərimizdən fərqli olaraq) “öncə mənim siyasi iddialarım, siyasi hikkəm, sonra Vətən” deyirmişcəsinə davrananlar, erməniləri ağladırmışcasına özümüzü yamanlayanlar da varmış… Aman, Tanrım! Üstəlik, “astarı üzündən betər” – özünü haqq qazandırmağa çalışıb da, bugünlərdən, Los Ancelesdən, Brüsseldən 1990-nın Bakısına dönüb də, 20 yanvar öncəsində, 1988-in Sumqayıtına dönüb, fevralında… yenə özümüzdə günah axtaranları görəcəkmişik məgər…
Azərbaycanın mahiyyəti özündən böyükdür. Bizim işimiz haqq işidir. Əslində, Ermənistan bizim mühatab olmamalıdır; bizim tarixi torpaqlarda qurulmuş, bizim yeni ərazilərimizi havadarlarının dəstəyi ilə işğalda saxlayan Ermənistan Ermənistan deyil, əslində.
Mən bu yerdə, dövlət başçımızın Azərbaycan xalqının arzu və istəklərini ifadə edərək, müvafiq qurum-quruluşlara, dövlət başçılarına ünvanladığı təşəkkür məktublarını könlümcə alqışlayır, qədirşünaslıq aktı kimi görürəm. Bütün haqsevərlərə, mənim ölkəmin haqlı mövqeyini müdafiə edən hər kəsə könül dolusu təşəkkürlər, təşəkkürlər!
4 il öncənin hadisələri 2 il öncə Sarkisyan hakimiyyətinin devrilməsinə gətirmişdi, bu ilki hadisələr də Paşinyan hakimiyyəti üçün getmə siqnalı sayıla bilər; lakin bizim arzumuz, məram-məqsədimiz rəsmi İrəvan adından hansı “yan”ın danışması deyil, düşmənin haqq etdiyi cavabla təmin olunması, işğalın aradan qaldırılmasıdır. Əslində, bu da son olmamlıdır – düşmənin qeyd-şərtsiz təslim olması, təzminat ödəməsi, hərb cinayətləri törətmişlərin yerli və ya beynəlxalq məhkəmələrdə cəzalandırlması kimi (hazırda maksimalist görsənən) tənəzzül etməsi vacibdir. 102 il öncə İrəvanın tarixdəki ilk Ermənistan dövlətinin qurula bilməsi üçün paytaxt olaraq güzştə gedilməsi (yaxud 100 illiyə verilməsi) qarşılığında bir daha Azərbaycana qarşı torpaq iddiasında bulunmamaq öhdəliyi götürmüş ermənilər, o öhdəliyin mürəkkəbinin qurumasını gözləmədən altdan-altdan, sonra altdan-üstdən, daha sonra hərtərəfli həmlələrdə, hərəkətlərdə bulundu; Ermənistan Qafqazda birgə yaşayış gələnəyinə zərbələr vurdu, taleləri qaraltdı, insanlıqdışı yaramazlıqlar etdi də, etdi... Bunun sonusa görünmür ki görünmür. – Ya Ermənistan birgəyaşayış qaydalarına əməl etməyi bacardığını doğrudan-doğruya sübut etməlidir ya da Ermənistanda Ermənistanlılıq qalmamlıdır! Doğrudan-doğruya sübut necə olardı? – Çox sadə: Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının dünya birliyi tərəfindən tanınmış hüdudlarından tam çəkilir, vəssalam! Bunu etmək istəyirmi, edərmi, edə bilərmi? – Bunlar, əlbəttə, vacib suallardır; lakin bu suallara cavab axtarışı bir az da həmin o erməni ictimai fikrini qurdalasın.
Etmək istəyirmi? Edərmi? – Məcbur qalmadıqca, etmək istəməyəcəyini əminliklə deyə bilərik.
Edə bilərmi? – Beynəlxalq itisadi layihələr, sərhədlərin açılması, qonşuluq hüququnun bərpası və s. bugünədək olumlu addımlar atılmasını təmin etməyibsə də, kilid nöqtəsinin İrəvanda deyil, Moskvada, ümumən İrəvandan (Ermənistandan) qıraqda olduğu danılması çətin iddiadır. – Məcbur qalınca da, “forpost” yiyəsi, “çıxma!” desə, çıxma iradəsinə sahib kimi görünmür hələ ki. “Forpost” yiyəsinin öz durumu sabah-birisigün necə olacaq, bu da ayrı bir mövzudur, ona girmədən, klassik formulu yada salaq: dövlətlərin əbədi dostu, düşməni olmur, əbədi maraqları olur. Əgər bu formul elmi-nəzəri müstəvidən çıxarılmayıbsa, o zaman Rusiya Ermənistanı həmişə dəstəkləməyəcək. Qardaş xalqdılarmı? – Xeyr! Adət-ənənələri, mədəniyyətləri eynidirmi? – Xeyr! Bəlkə, qarşılıqlı səmimiyyət, yardımlaşma içindədirlər? – Xeyr! – Ermənilər çar dövründə də, SSRİ dövründə də, son onilliklər boyunca da, Rusiyaya yükdür. Rusiya Federasiyası vergi ödəyicilərinin paraları yararsız, yaramaz Ermənistanın haqsız iddiaları, ərköyünlüyü, hüdudsuz iştahası üçün xərclənir. Nə vaxta qədər?
Haşiyə:
Rusiyada, RESO Sığorta Qrupunun ortağı, erməni əsilli milyarder Sergey Sarkisov Azərbaycan və erməni diasporlarının nümayəndələrindən öncəbhənin Tovuz istiqamətindəki bəlli hadisələr fonunda Moskvada müşahidə olunan iğtişaşlara son qoyulması üçün kömək istəyib. – Müraciət Sarkisovlar ailəsi və “Ermənilər Assambleyası” adından yayımlanıb.
Sarkisov eynən belə deyib: “Qardaşım və mən Moskvada doğulub böyüdük. Gözəl və nəcib insanlar olan, mənim çox dəyər verdiyim çoxlu azərbaycanlı dostlarım var. Zorakılıq və dağıdıcılıqla milli kimliyini göstərməyə qərar verən vandallara görə onların qarşısında utanıram. Erməni qohumlarımın və dostlarımın qarşısında vətənlərindən uzaqda millətçiliyinin barbar bir təzahürünü ortaya qoyan, sadəcə fərqli millət olduqlarına görə insanları döyən və ya öldürənlər üçün utanıram.
Ailəmiz, axmaqlıq və ya aldanma səbəbindən, əsl kişinin daha yüksək səslə qışqıran və ya şüşələri sındıran insan olduğuna inanan ermənilərin azərbaycanlı iş adamlarının əmlakına vurduğu ziyanı kompensasiya etmək öhdəliyini götürür…
Moskvalıları əmin etmək istəyirəm ki, xalqlarımızın nümayəndələri bu ölkəyə dinc, xoş niyyətlə, məhv etmək yox, yaratmaq məqsədi ilə gəlib”.
Uzun sözün qısası, Rusiya üzərindəki yükləri atmalıdır, parazitlərdən, ziyankarlardan qurtarmalıdır. Ziyansız Azərbaycan və xeyirsiz Ermənistanın müqayisəsini aparmaq heç kəs üçün o qədər də çətin olmasın gərək.
Heç təsadüfi deyil ki, dövlət başçımız bugünlərdə Ermənistana tarixə keçən açıq çağırış etdi: “Gəl, bizimlə təkbətək vuruş, təkbətək, baxaq görək bunun axırı nə olacaq”. – Mən heç tədadüf hesab etmirəm ki, bu sözlər, paytaxtın Xətai rayonunda şəhid ailələrinə, müharibədə sağlamlığını itirmiş vətəndaşlarımıza dövlət hesabına mənzillərin və avtomobillərin təqdim olunması törənində deyildi. Bu törən məhz Tovuza düşmənin yeni həmləsi yatırldıqdan həmən sonra keçirilirdi… Ərəb demiş, bu dünyada təsadüf yoxdu, təvafüq var…
Və nəhayət!
Qardaş Türkiyənin şanlı ordusu 11 min nəfərlik heyətlə respublikamızdadır.
102 il öncə 1100 nəfərlə gələn qardaş ölkə, bugün rəmzi olaraq, onqat artıq güc nümayiş etdirir. “Suriyada məzlumların fəryadlarına biganə qalmadığımız kimi, Liviyada da ölkənin qanuni hakimiyyətinin əməkdaşlıq çağırışını cavabsız qoymadıq. Azərbaycanlı qardaşlarımızın da vətənlərini müdafiə haqqını eyni anlayışla dəstəkləyirik.
…Bu gün də özümüz və dostlarımız üçün siyasi, iqtisadi, hərbi sahədə mübarizə gərəkdirsə, onu vermək üçün heç bir tərəddüd etməyəcəyik”. – Bu sözlər qardaş ölkənin Cümhurbaşqanı cənab Rəcəb Tayyib Ərdoğana aiddir.
Bugünlərdə şəhid ailələri və qazilərə dövlət tərəfindən ev və avtomobillərin verildiyi törəndəki çıxışında Ermənistan ordusunun 12 iyuldan ölkəyə hücumlarına toxunan cənab İlham Əliyev bu mövzuda Azərbaycana ilk dəstəyin qardaş Türkiyədən gəldiyini bu sözlərlə ifadə etdi: “Ərdoğan Azərbaycana açıq şəkildə dəstək göstərdi, yanımızda olduğunu təkrar etdi, iki qardaş ölkənin birlikdə mübarizə aparacağını dedi. Bu dəstək üçün qardaşıma dərin təşəkkürümü bildirirəm. Son günlər tez-tez danışırıq. Mənə zəng edir, dəstəyini dilə gətirir, şəhidlərimizə başsağlığı diləyir, sona qədər birlikdə olacağımızı söyləyir.
Türkiyə və Azərbaycan qədər bir-birinə bu qədər yaxın başqa ölkə yoxdur. Mənim hər vaxt dostum və qardaşım Ərdoğana böyük hörmətim var. Türk xalqına sevgim sirr deyil. Eyni zamanda, Türkiyənin digər yüksək vəzifəli məmurları - müdafiə naziri, xarici işlər naziri və millət vəkilləri də Azərbaycana tam dəstəklərini ifadə edirlər. Təşəkkürümü bildirirəm”.
Qardaşlığımız zaval görməsin!
Qardaşlıq bayrağımız uca olsun!