Azərbaycan Mərkəzi Bankı “Yelo Bank”a tətbiq edilən sanksiyalarla bağlı məsələyə münasibət bildirib.
Modern.az xəbər verir ki, bunu faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarın açıqlanmasına həsr olunan mətbuat konfransında Mərkəzi Bankın İdarə heyətinin sədri Taleh Kazımov bildirib.
O qeyd edib ki, məsələ Avropa İttifaqının 11-ci sanksiya paketi çərçivəsində baş verib.
Sədr əlavə edib ki, Mərkəzi Bank məsələ ilə bağlı bankla daim əlaqə saxlayır və hazırda ciddi risklər müşahidə olunmur:
“Bank kifayət qədər dayanıqlıdır. Həm likvidlik, həm də kapital adekvatlığı baxımından hər hansı mənfi gözləntimiz yoxdur”.
O həmçinin vurğulayıb ki, sanksiyalar müəyyən ödənişlərdə çətinlik yarada bilsə də, son həftələrdə aparılan müzakirələr zamanı ciddi problem qeydə alınmayıb.
T.Kazımov qeyd edib ki, qərarın səbəbləri ilə bağlı araşdırmalar aparılır və məsələ hüquqi müstəviyə çıxarılacaq:
“Ümid edirik ki, növbəti aylarda Avropa İttifaqı bu qərarını dəyişdirəcək. Çünki hər hansı əsaslı səbəb görmürük”.
Sədr həmçinin bildirib ki, bankın Rusiya Federasiyasının SPFS sisteminə qoşulması ilə bağlı iddialar köhnə dövrə aiddir:
“Bu qoşulma münaqişədən əvvəl olub və sistem istifadə edilmədən bağlanıb. Ola bilsin ki, burada anlaşılmazlıq var”, - deyə T.Kazımov çıxışını yekunlaşdırıb.