Azərbaycanın xarici siyasəti açıq və çoxşaxəlidir. İstər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar daxilində əlaqələrin qurulmasında və yeni istiqamətlər üzrə inkişafında maraqlı olan ölkəmiz bunu atdığı real addımları ilə təsdiqləyir. Dövlətimizin xarici siyasətinin dəyişməz prinsipləri ənənəvi tərəfdaşlarla əlaqələrinin inkişafında, həmçinin yeni dostlar qazanmasında, körpülər qurmasında əhəmiyyətli rol oynayır. Azərbaycan etibarlı və arzuolunan tərəfdaş kimi dünyanın diqqətindədir. Bunu qarşılıqlı səfərlər bir daha təsdiq edir. İkitərəfli əlaqələrdə Avropa istiqamətinin xüsusi yeri vardır. Bu günlərdə İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin ölkəmizə səfəri bir daha bu reallıqların təqdimatı oldu. İtaliya və Azərbaycan strateji tərəfdaşlardır.
İki ölkə arasında 2014-cü və 2020-ci illərdə imzalanan strateji tərəfdaşlığa dair bəyannamə münasibətlərimizin əsasını təşkil edir. Reallıq budur ki, İtaliya-Azərbaycan əlaqələri uğurla inkişaf edir və hər iki ölkə əsl strateji tərəfdaşlardır. Dövlət və hökumət başçılarının qarşılıqlı səfərlərinin dinamikliyi özündə bütün məqamları ehtiva edir. Azərbaycan-İtaliya strateji tərəfdaşlığı həm rəsmi sənədlərdə, həm də həyatda, praktik işlərdə özünü təsdiqləyir. İtaliya-Azərbaycan əlaqələri bir-birindən uzaqda yerləşən ölkələr arasında münasibətlərin qurulmasında bir örnək ola bilər.
Dövlət başçısı İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə mətbuata bəyanatında səfərin Azərbaycan-İtaliya dostluq əlaqələrinin inkişafına növbəti töhfə olacağını bildirərək onu da əlavə etdi ki, sizin bu gün Azərbaycanda olmağınız bir daha Azərbaycan-İtaliya əlaqələrinin nə qədər dərinməzmunlu olmasından xəbər verir. Hər kəs bilir ki, bu gün Ermənistanda idiniz. Ermənistanda öz proqramınızı bitirib Azərbaycana gəlmək bizim üçün xüsusi, çox böyük rəmzi məna daşıyır, eyni zamanda, Azərbaycana göstərilən hörmətin və xoş münasibətin bariz təzahürüdür.
İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır: “Keçən il ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil edib. İki ölkə arasında əlaqələrin inkişafında enerji amili əsas rol oynayır. Cənub Qaz Dəhlizi layihəsi bu əlaqələrin yüksələn xətlə inkişafında öz sözünü deyir. Belə ki, Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TAP ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib amildir.
Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumuna əsasən, Avropaya ixrac edilən qazın həcminin ildə ən azı 20 milyard kubmetrə çatdırılması hədəflənib. Təbii ki, bu həcmin Avropaya çatdırılmasında Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP da mühüm rol oynayır. Onu da qeyd edək ki, Azərbaycan hazırda 16 ölkəyə qaz ixrac edir ki, onlardan 10-u Avropa İttifaqının üzvüdür. Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələr yüksək dəyərləndirilir. Prezident İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, Azərbaycan və İtaliya uzun illərdir etibarlı tərəfdaşlar kimi bir-birini dəstəkləyir.
Azərbaycan İtaliyanın neft təchizatında ikinci yerdədir, qaz təchizatında da ikinci yerdədir” söyləyən cənab İlham Əliyev vurğuladı ki, bizim üçün İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib. Onun 9,5 milyardı İtaliya bazarına ixrac olunub. Səfər zamanı danışıqlar əsasında bu həcmin artırılması müzakirə edildi. Bunun üçün Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi lazımdır. Artıq müəyyən dərəcədə genişləndirilib, amma bu proses davam etdirilməlidir.
Dövlətimizin başçısı İlham Əliyev mətbuata bəyanatında iki ölkənin əlaqələrinin hazırkı inkişaf səviyyəsini təsdiqləyən bəzi rəqəmlərə də diqqəti yönəltdi: “Belə ki, Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub. İtaliya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinin çox böyük tarixi var. Hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir. O cümlədən işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və həyata keçirir. Xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir.
İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin səfəri çərçivəsində tərəflər əməkdaşlığın digər istiqamətləri ətrafında da geniş müzakirələr apardılar. Hazırda təhsil sahəsi xüsusilə diqqətdədir. Keçən il Bakıda böyük təntənə ilə İtaliya-Azərbaycan Universiteti açıldı. Dövlətimizin başçısı İlham Əliyev mətbuata bəyanatında bir daha bildirdi ki, Azərbaycanda təhsilin inkişafına bu universitetin çox böyük təsiri və töhfəsi olacaq.
Artıq 500-dən çox tələbə orada təhsil alır və gələcəkdə onlar həm peşəkar mütəxəssislər, həm də Azərbaycanın İtaliyada və İtaliyanın Azərbaycanda təbii elçiləri olacaqlar. Dostluğumuz bundan sonra inamla davam etdiriləcək. İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni mətbuata bəyanatında bu əminliyi ifadə etdi ki, İtaliya ilə Azərbaycan arasında olan dostluq əlaqələri bundan sonra daha da inkişaf edəcək və daha yüksək səviyyələrə qalxacaq. Biz bir daha təsdiq etdik ki, əməkdaşlığımızı daha da genişləndirməliyik.
Malik Həsənov,
Milli Məclisin deputatı