Azərbaycanda onlayn mərc və qumar oyunlarının qarşısının alınması ilə bağlı uzun müddətdir tələblər mövcuddur.
Modern.az xəbər verir ki, bunu faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarın açıqlanmasına həsr olunan mətbuat konfransında Mərkəzi Bankın İdarə heyətinin sədri Taleh Kazımov bildirib.
O qeyd edib ki, hazırda Azərbaycan bank kartları ilə bəzi beynəlxalq onlayn platformalara ödəniş etmək mümkündür:
“Bu gün siz Azərbaycan kartı ilə hər hansı rəsmi onlayn mərc və ya qumar platformasına ödəniş edə bilərsiniz. Amma qeyri-rəsmi platformalarla bağlı məsələ bir qədər fərqlidir və banklar bunu əsasən daxili qaydalar çərçivəsində müəyyən etməyə çalışırlar”.
T.Kazımov bildirib ki, beynəlxalq onlayn kazino və mərc platformalarının xüsusi ödəniş kodları mövcuddur və həmin kodlar vasitəsilə əməliyyatları müəyyən etmək olur:
“Əslində onlayn kazino və mərc oyunlarının öz beynəlxalq kodları var. Həmin kodlar üzrə əməliyyatlar Azərbaycanda məhdudlaşdırılıb. Yəni həmin kodla birbaşa ödəniş etmək mümkün deyil”.
AMB sədri vurğulayıb ki, bəzi hallarda mərc və kazino platformaları başqa fəaliyyət sahələrinin kodlarından istifadə edir:
“Bəzi sistemlərdə isə mərc və kazino əməliyyatları, məsələn, aptek və ya başqa xidmət kodları altında həyata keçirilir. Formal olaraq əməliyyat başqa sahə kimi görünür, amma arxasında kazino fəaliyyəti dayanır. Bank əməliyyatı görür, lakin yalnız ödənişin məbləği və təyinatı əsasında bunu təhlil etməyə çalışır. Bu isə müəyyən vaxt tələb edir”.
Onun sözlərinə görə, Mərkəzi Bank banklardan bu istiqamətdə daxili nəzarət mexanizmlərinin gücləndirilməsini tələb edir:
“Biz banklardan tələb edirik ki, müştərinin davranışını təhlil etsinlər. Müəyyən etsinlər ki, əməliyyat mərc oyunları ilə bağlıdır, yoxsa adi ödənişdir. Amma bu, kifayət qədər mürəkkəb prosesdir”.
T.Kazımov əlavə edib ki, nəzarətin həddindən artıq sərtləşdirilməsi bank xidmətlərindən istifadə edən vətəndaşlar üçün əlavə narahatlıqlar yarada bilər:
“Biz bu prosesi daha sərt edə bilərik. Amma həddindən artıq sərt yanaşma o vəziyyət yarada bilər ki, vətəndaşlar bank xidmətlərindən narazı qalsınlar. İnsanlar düşünə bilər ki, səbəbsiz bloklamalar edilir, əlavə yoxlamalar aparılır. Ona görə burada balans qorunmalıdır”.