Tibb işçiləri üçün “opencriticalcare.org” saytı istifadəyə verilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Modern.az-a verilən məlumata görə, sayt Dünya Anestezioloqlar Cəmiyyətləri Federasiyası, Kaliforniya San Fransisko Universitetinin Anesteziologiya Bölməsi və “OPENPediatrics”in təşəbbüsü ilə istifadəyə verilib. Saytın hazırlanması üçün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Dayanıqlı Texniki və Analitik Resurslar Layihəsi (STAR) çərçivəsində maliyyə vəsaiti ayrılıb.
Saytın yaradılmasında məqsəd reanimasiya və intensiv terapiyaya dair etibarlı məlumat bazası yaratmaq və müxtəlif səviyyələrdə səhiyyə sahəsində fəaliyyət göstərən qurumlar arasında strateji əməkdaşlığı formalaşdırmaqla tədrisyönümlü fəaliyyətlərdə təkrarlanmanın qarşısını almaqdır.
Saytda ayrı-ayrı səhiyyə sistemlərində çalışan, bilik və bacarıqları fərqli səviyyədə olan tibb işçiləri üçün materiallar yerləşdirilib. Daim yenilənən bu materiallar sərbəst mütaliə, ali və orta təhsil ocaqlarının təlim proqramlarına və kurikulumlara inteqrasiya məqsədi ilə istifadə oluna bilər. Saytda, həmçinin, tənəffüs çətinləşməsi vaxtı tibbi yardım və mexaniki ventilyasiya ilə bağlı müxtəlif açıq və etibarlı onlayn resurslara keçidlər yer alıb.
Sayt aşağıdakı bölmələrdən ibarətdir:
Təlimlər
Vebinarlar və digər tədbirlər
Süni tənəffüs cihazları və simulyatorlar
Müxtəlif süni tənəffüs cihazlarının istifadə qaydaları
Oksigen və mexaniki ventilyasiya ilə bağlı ekspertlərlə sual-cavab
Tibb müəssisəsinin oksigen ehtiyacı və təchizatının qiymətləndirilməsi
COVİD-19-la bağlı etibarlı açıq resurslara keçidlər.